Ekspert: Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər


Digərləri 27 Mar 2018 12:15:00 296 0

Ekspert: Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər

Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər. Bu sahədəki dövlət siyasəti kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın digər sektorlarının da inkişafı üçün əlverişli zəmin yaradıb.

Son.az xəbər verir ki, bu barədə AZƏRTAC-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Martın 26-da Prezident İlham Əliyevin sədrliyi ilə Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində müzakirə olunan məsələlərin önəminə toxunan ekspert qeyd edib ki, pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin gücləndirilməsi məhsul istehsalının kəskin artmasına səbəb olub. Post-neft dövründə kənd təsərrüfatında ənənəvi sahələrin dəstəklənməsi yeni iş yerlərinin yaradılmasına səbəb olmaqla, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə gətirib çıxarıb. 2017-ci ildə 207 min ton pambıq istehsal olunub ki, bu da 2015-ci illə müqayisədə 6 dəfə çoxdur. Belə ki, 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq istehsal olunmuşdu.

Pambıqçılığın dirçəldilməsi yüngül sənayenin də inkişafına səbəb olacaq

Pambıqçılığın ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaratdığını deyən V.Bayramov bildirib ki, hazırda pambığın dünya bazarında 1 paundu 86 sentə satılır: "Burada söhbət birinci növ pambıqdan gedir. Bunlar Nyu-York və Liverpul standartlarına uyğun pambıqdır. Müstəqillik illərində pambığın dünya bazarında qiymətinin dəyişməsinə diqqət yetirsək, yalnız 2001-ci ildə pambığın 1 paundu 47 sentə düşüb. 2011-ci ildə isə pambığın 1 paundu 1,58 dollaradək yüksəlib. Son illər isə orta göstərici 80-90 sent arasında dəyişib. Bu o deməkdir ki, Azərbaycan pambığı xam mal və eləcə də emal edərək satışa çıxarsa, mövcud istehsalı nəzərə alsaq, sözügedən məhsulun ixracı ölkəyə təxminən 200 milyon dollardan çox vəsaitin daxil olmasına imkan verəcək. Bu sahənin inkişafı həm də ona görə lazımdır ki, pambıqçılıq yüngül sənaye üçün xammaldır. Pambıqçılığın dirçəldilməsi yüngül sənayenin də inkişafına səbəb olacaq, həmçinin emal sektorunda da yeni iş yerlərinin yaradılması ilə nəticələnəcək".

Ekspert dünya üzrə pambıq ixracına dair statistik göstəricilərə nəzər salaraq vurğulayıb ki, hazırda dünyada ABŞ 3,2 milyon ton pambıq ixracatı ilə öndədir. Sonrakı yerlərdə Hindistan (991 min ton), Avstraliya (808 min ton), Braziliya (607 min ton), Özbəkistan (327 min ton) gəlir. MDB-nin digər üzvü Türkmənistan 185 min ton ixracat ilə ilk onluğu tamamlayır. Qlobal istehsala diqqət yetirəndə isə nisbətən fərqli mənzərənin şahidi oluruq. Belə ki, Hindistan 5,9 milyon ton pambıq istehsalı ilə dünyada birincidir. Çin 4,9 milyon ton, ABŞ 3,7 milyon ton, Pakistan 1,7 milyon ton istehsal ilə növbəti yerləri bölüşürlər. Özbəkistan 811 min ton istehsal ilə dünyada 7-cidir. Sonrakı yerləri isə 697 min ton ilə Türkiyə, 288 min ton ilə Türkmənistan tutur. Bu rəqəmlər ondan xəbər verir ki, Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər. Eyni zamanda, qlobal ixrac və istehsal göstəriciləri təsdiqləyir ki, bəzi ölkələr istehsal etdiyi məhsuli daxili emal üçün, bəziləri ixrac, bir qismi isə hər iki məqsəd üçün istifadə edirlər. Məsələn, ABŞ istehsal etdiyi 3,7 milyon ton pambığın 87 faizə yaxınını ixrac edir, Çin isə istehsal etdiyi pambığın, demək olar, hamısını daxili emala yönəldir. Bu baxımdan Azərbaycanda istehsal edilən pambıq həm ixrac, həm də də daxili tələbin ödənilməsi üçün istifadə oluna bilər ki, bu da ölkəyə valyutanın daxil olmasına şərait yaratmaqla, yerli istehsalı stimullaşdırmış olacaq.

Pambığın xammal formasında deyil, emal edilərək ixrac olunması daha məqsədəuyğundur