Son illəri Azərbaycanda millimənəvi dəyərlərin inkişaf dövrü kimi qiymətləndirmək olar Hacı Şahin Həsənli


Digərləri 27 Mar 2018 07:00:00 331 0

Son illəri Azərbaycanda millimənəvi dəyərlərin inkişaf dövrü kimi qiymətləndirmək olar  Hacı Şahin Həsənli

Son illəri müstəqil Azərbaycanın həyatında milli-mənəvi dəyərlərin və onlara diqqətin inkişafı dövrü kimi qiymətləndirmək olar. Bu illər ərzində Azərbaycanda İslam dini də daxil olmaqla bütün ənənəvi dinlərə, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına dövlətin diqqət və qayğısı artıb.

Bu barədə Son.az-a açıqlamasında tanınmış və nüfuzlu ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dini sahə ilə bağlı atılan addımlar nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yükək dəyərləndirilir: "Təkcə ötən 2 ilə nəzərə yetirsək, onların biri Azərbaycanda "Multikulturalizm İli", digəri isə "İslam Həmrəyliyi İli" elan edildi. Ölkədə vəhdət namazları qılındı və yenə də qılınır, İslam Həmrəyliyi Oyunları keçirildi. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biri də məhz müsəlman dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq, əməkdaşlığı genişləndirməkdir ki, buna da tədricən uğurla nail olunduğunun şahidiyik.

Bundan başqa istər Azərbaycanda yerli və beynəlxalq səviyyədə, istərsə də xarici ölkələrdə dini tolerantlıq və multikulturalizmlə bağlı silsilə mötəbər tədbirlər keçirildi və bu tədbirlərdə müxtəlif dövlətlərdən, o cümlədən, müsəlman ölkələrindən yüzlərlə nümayəndə iştirak etdi. Mən də o tədbirlərin bir çoxunda Qafqaz Müsəlmanları İdarəsi və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə iştirak etmişəm. Azərbaycandakı dinlərarası münasibətlər modeli onların əksəriyyəti üçün çox maraqlı idi. Əsrlər boyu müxtəlif din və məzhəb təmsilçiləri Azərbaycanda dinc və mehriban şəraitdə yaşayıb və yaşayır, aralarında da hər hansı ciddi problem yoxdur. Ona görə də bu model onlar üçün maraqlı və cəlbedici görünür. Xüsusilə də, dünyada din və məzhəb zəminində münaqişələrin, hətta qanlı müharibələrin baş verdiyi indiki dönəmdə Azərbaycanda heç bir problemin olmaması istər-istəməz diqqəti cəlb edir. Son illər bu modelin dünyaya tanıdılması üçün mühüm addımlar atılıb ki, fikrimcə bu çox düzgün yoldur.

Dəfələrlə qeyd olunub ki, Azərbaycan islamofobiyaya, bəzi Qərb dövlətlərində multikulturalizm əleyhinə səslənən təhlükəli fikirlərə qarşıdır, barış və birgəyaşayış tərəfdarıdır. Belə bir zamanda Azərbaycanın dünya miqyasında İslam dini haqqında müsbət fikir formalaşdırması istiqamətində atdığı addımlar təqdirəlayiqdir".