"Bu kimi tərbiyəsiz fəaliyyət onların əsl xislətini göstərir"


Siyasət 26 Mar 2018 18:28:00 266 0

"Bu kimi tərbiyəsiz fəaliyyət onların əsl xislətini göstərir"

"Əslində, bunlar bədxah, bir neçə qruplaşmadan ibarət olmaqla öz fəaliyyətləri ilə özlərinin savadsızlıqlarını və tərbiyəsizliklərini bir daha nümayiş etdirirlər. Elə onların sosial şəbəkələrdə yazdıqları yazılara nəzər salanda bu şəxslərin nə dərəcədə savadsız insanlar olduqlarının bir daha şahidi oluruq. Guya onlar xarici dillərdə plakatlar yayırlar. Hətta onlar xarici dillərdə plakatlar yaymağa cəhd göstərəndə belə yol verdikləri səhvləri görəndə özlərinin nə dərəcədə savadsız olması açıq-aydın görünür".

Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsünün sözlərinə görə, bu şəxslərin söylədikləri marginal xarakter daşıyır: "Həmçinin onların əksər fəaliyyətləri erməni lobbi dairələrinin Azərbaycana qarşı apardığı fəaliyyətləri ilə sinxron qaydada həyata keçirilir. Son belə nümunələrdən biri qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri kontekstində özünü büruzə vermişdir. Maskada olan şəxslər məhz Bako Saakyanın ABŞ konqresində kirayə götürülmüş bir otaqda Azərbaycana qarşı kampaniya apardığı təqdirdə bunlar isə Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçirirdilər. Demək olarki zaman və məkan baxımından bunların fəaliyyəti sinxron qaydada aparılırdı.

Həmçinin biz analoji fəaliyyəti digər Avropa ölkələrində də görmüşük. Məsələn, Xocalı soyqırımı ilə əlaqədar ermənilər Avropa Parlamentində tədbir keçirdiyi vaxtda bunlar Azərbaycan diasporasını parçalayaraq Avropa parlamentində anti-Azərbaycan xarakterli başqa bir tədbir keçiriblər.

Bu insanlara sualımız bundan ibarət olardı:

Onlar əgər fəaliyyət göstərdikləri ölkədə Hollandiyada, Almaniyada, Belçikada və s. anti-Azərbaycan fəaliyyəti aparan deputatlara nə vaxtsa etiraz məktubu yazıblarmı? Nə vaxtsa onlar Xocalı soyqırımı ilə əlaqədar bir plakat hazırlayaraq şəhərin müxtəlif yerlərində təbliğat məqsədilə fəaliyyət aparıblarmı? Ona görə də bu gün onların Azərbaycan dövlətinə, atributlarına qarşı apardıqları bu kimi tərbiyəsiz fəaliyyət onların əsl xislətinin mahiyyətini bir daha nümayiş etdirir. Azərbaycan diplomatik nümayəndəliklərinə də fəaliyyət göstərdikləri ölkələrdə aiddiyatı qurumların və onların bu kimi destruktiv fəaliyyəti haqqında məlumat verilib".