Azərbaycan prezidenti: "Keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir"


Siyasət 26 Mar 2018 17:40:26 252 0

Azərbaycan prezidenti: "Keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir"

Keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlət başçısı bildirib: "Keçən il olduğu kimi, bu il də bütün aidiyyəti qurumlar, mərkəzi, yerli icra orqanları, tədarükçü şirkətlər, fermerlər, zəhmətkeşlər bir komanda kimi fəaliyyət göstərməlidirlər. Mövsüm ərzində mövcud olan, yəni, qarşıya çıxacaq problemlər dərhal öz həllini tapmalıdır və elə etməliyik ki, biz bu mövsümü maksimum səmərə ilə başa vuraq.

Mən əmək resursları ilə bağlı rəqəmləri səsləndirdim. İki yüz minə yaxın insan bu işlərə cəlb edilmişdir. Rayonlarda əmək resurslarını müəyyənləşdirmək onları bu işlərə dəvət etmək üçün yerli icra orqanları işləməlidirlər, məlumat verilməlidir. Yəni, hər gün pul qazanmaq üçün pambıqçılıq çox əlverişli bir sahədir və rayonlarda da əmək resurslarımızın təhlili ciddi aparılmalıdır. Çünki son illər ərzində Azərbaycanda artan iqtisadi fəallıq nəticəsində on minlərlə yeni iş yeri yaradılıb, o cümlədən özəl sektorda. Çünki indi dövlət özəl sektora çox böyük dəstək verir".

İlham Əliyev qeyd edib ki, keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir:

"Bu ilin iqtisadi göstəriciləri ürəkaçandır. İki ay ərzində qeyri-neft sənayesi 8 faizdən çox, qeyri-neft sektoru 2,3 faiz, kənd təsərrüfatı 3,4 faiz artmışdır. O cümlədən bitkiçilik 40 faizdən çox artmışdır. Ona görə bu iqtisadi fəallıq əlbəttə ki, özəl sektorda iş yerlərinin yaradılmasına xidmət göstərir. Eyni zamanda, pambıqçılıqda və kənd təsərrüfatının digər sahələrində çox fəal işlər aparılır. Orada da yeni iş yerləri yaradılır. Artıq bir neçə ildir ki, mənim təşəbbüsümlə dövlət tərəfindən yaradılmış ictimai işlərə vətəndaşlar cəlb olunurlar. Mənə dünən verilən məlumata görə, təkcə Bərdə şəhərində yüzlərlə insan ictimai işlərə cəlb olunub, digər şəhərlərdə də mənzərə təxminən eynidir. Ona görə biz əmək resurslarımızı bilməliyik. Həm mərkəzi, həm də yerli icra orqanları bunun təhlilini aparmalıdırlar. Biz gələcək iqtisadi inkişafımızı, o cümlədən əkin sahələri ilə bağlı planlarımızı, ümumiyyətlə iqtisadi sahə ilə sənaye sahəsi ilə bağlı planlarımızı əmək resurslarımızın düzgün təhlilinin aparılması üzərində qurmalıyıq.

Bizdə demoqrafik dinamika çox müsbətdir, əhali artır. Yaxın gələcəkdə on milyon səviyyəsinə çatacaq. Bu, bizim böyük üstünlüyümüzdür və biz əmək resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. O cümlədən, builki mövsümdə bu sahəyə ciddi fikir verilməlidir. Bir sözlə, mən əminəm ki, keçən il əldə edilmiş nəticələrin müsbət və mənfi tərəfləri bu il ciddi təhlil olunacaq. Bu il biz daha da yaxşı nəticələrə çatacağıq, məhsuldarlıq, pambığın tədarükü artacaq və pambıqçılığın inkişafı bundan sonra da sürətlə gedəcək".