Səfir: "ABŞ və Azərbaycan ortaq məqsədlər uğrunda birgə işləməkdə maraqlıdır"


Siyasət 26 Mar 2018 16:16:17 246 0

Səfir: "ABŞ və Azərbaycan ortaq məqsədlər uğrunda birgə işləməkdə maraqlıdır"

Bir sıra qüvvələr xalqları ayırmağa çalışsa da, ABŞ və Azərbaycan ortaq məqsədlər uğrunda birgə işləməkdə maraqlıdır.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qubada XIX əsrə aid Gümbəzli hamamın bərpadan sonra açılış mərasimində deyib.

O qeyd edib ki, ABŞ və Azərbaycanın ortaq layihəsi olan bu tarixi və gözəl günbəzli hamamın bərpası Qubada turizmin və iqtisadiyyatın inkişafına töhfə verəcək: "Bu layihə ABŞ və Azərbaycan münasibətlərinin göstəricisidir. Bu layihənin icrası bir daha göstərir ki, bir sıra qüvvələr xalqları bir-birindən ayırmağa çalışsalar da, iki ölkə, iki xalq ortaq məqsədlər, nailiyyətlər uğrunda birgə işləməkdə maraqlıdır. Dünyanın bir çox yerlərində narahatedici hadisələrin baş verdiyi bir vaxtda iki ölkənin bu layihəni uğurla həyata keçirməsi onu göstərir ki, hər iki ölkə, xalq eyni məqsədlər uğrunda işləməkdə əzmlidir".

R.Sekuta bildirib ki, ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyəti müddətində ən yaddaqalan hadisələrdən biri Birləşmiş Ştatlarla rəsmi Bakı arasında əlaqələrin yaxşılaşdırılması, inkişaf etdirilməsi olub: "Diplomatik sahədə həmişə daha çox iş görülə bilər, lakin 2015-ci ilin fevralında Azərbaycana səfir kimi gəlişimdən etibarən cari ikitərəfli münasibətlərin vəziyyətini müqayisə edəndə hər iki ölkənin, xalqın bir-birini daha yaxşı anladığı və daha yaxşı münasibətlərin olduğunu görmək mümkündür. Əfsus ki, bir çox amerikalılar əhalisinin əksəriyyətini müsəlmanlar təkil edən Azərbaycanda digər etnik və dini qrupların nümayəndələrinə qarşı yüksək hörmətin olduğu barədə tam məlumatlı deyillər. Azərbaycan, həmçinin bu baxımdan bugünkü dünyamızda çox böyük əhəmiyyət kəsb edir".

Diplomat vurğulayıb ki, iki ölkə arasında müxtəlif sahələrdə görüləsi işlər çoxdur.