Yalanla suvanıb söyüş söyənlər


Siyasət 26 Mar 2018 13:16:00 223 0

Yalanla suvanıb söyüş söyənlər

Qədim Mesopotamiyanın paytaxtı Babildə hər il baharda, "nisan", yəni aprel ayından iki ay əvvəl "Esaqil" adlı mərasim başlanardı.

Şəhərin mərkəzindəki Etemenanka məbədində başlayıb elə orada da bitən mərasimin sonunda qurbanlar verilərdi.

Ölkənin baş "şeşqallu"su, yəni kahini məbədin zirvəsində Marduk tanrısının abidəsi önündə üç nəfərin başlarını bədənlərindən ayırar, ürəkləri çıxarardı. Ki, "başdakı beyin və ürəkdəki hisslər Marduka xidmət etməlidir".

Qurban kəsiləcək adamlar şəhər sakinləri arasında püşk yolu ilə seçildiyindən pullular, siyasətçilər və ümumiyyətlə, canını sağ tutub kənarda qalmaq istəyənlər pulla, vədlə, şirin dillə və ya hədə ilə razı saldıqları adamları irəli itələyər, qurban seçilmişlərin arasına qatardılar.

O biçarələr də başqasının yerinə məbəddə öldürülürdülər.

Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri də pis yuxu görəndən sonra qorxan, başqasını qurban seçən kəsin felinə aldanmış Yusif Sərrac barədədir.

Azərbaycandan kənarda qurbanlarını seçib Azərbaycana qarşı yönəldənlərin indi yeni Yusif Sərracları var.

Fəqət, neo-Yusiflər əsərin qəhrəmanından fərqli olaraq, kimə və nə üçün xidmət etdiklərini anlaya bilərlər. Asanlıqla, amma istəmirlər.

Onlar "mübariz", "qəhrəman", "cəsarətli adam" obrazını qamarladıqlarından özlərini az qala bəxtəvər hiss edirlər. Yaşadıqları ölkələrdə yaşam izni və sığınacaq alarkən sənədlərində dünyanın az qala ən bədbəxt, bihudə, yazıq insanları arasında yer aldıqları vurğulansa da.

Onlar "Milli Şura" adlı kukla teatrının "rəhbər"i, bir deputat mandatına görə 60 illik yaşamından, keçmişindən və pis-yaxşı məfkurəsindən çox asanlıqla imtina etmiş Cəmi Həsənliyə, müxaliifəti az qala baqqal dükanı sanıb həmin düşərgəni inhisara aldığını xəyal edən AXCP sədri Əli Kərimliyə, koramal dərisini dəyişdiyi təki vədlərini və simasını dəfələrlə dəyişmiş Leyla Yunusa, daha hansı fərdlərə biət etməyiblər ki.

Rəzalət o həddə düşüb ki, radikal müxalifət düşərgəsinin rəhbərləri sosial şəbəkələrdə kin, nifrin, söyüş, təhqir və hədələri fasiləsiz paylaşanlara bol vədlər də veriblər.

Deyilənlərə görə, hətta o isterik marioentlərin birinə "biz hakimiyyətə gələndə səni nazir edəcəyik" söyləmiş "müxalifət lideri" də var.

Heyf Azərbaycan müxalifətindən ki, hakimiyyətlə siyasi qurşaq davasına çıxdıqlarını iddia edənlərin qurşaqdan aşağı məntiqinin, davranışının və sözlərinin ümidinə qalıb.

Bu Şarikovlar isə yaşadıqları ölkələr fərqli olsalar da, mahiyyət baxımından eynidirlər.

Onlar Vətəndən, demokratiyadan, insan haqlarından, qanundan, azad seçkilərdən və s. mövzulardan danışsalar da, bəhs etdikləri kəlmələr bu adamlara doğma deyil, təbii halda uyarlı sayılmaz.

Bu şəxslər Avropadakı azadlıqlardan və sərbəstliklərdən bəhs edirlər, firavanlıqdan yararlandıqlarını deyirlər.

Yalandır, yaramazlıq edirlər.

Çünki Avropanın heç bir ölkəsi ərazisində başqa AB dövlətinin rəhbərinə və ya yüksək rütbəli məmurlarına bu cılızlar təki söyənlərə laqeyd qalmaz.

İspaniyada oturub Britaniyanın baş nazirini, Fransada sığınacaq alıb İtaliyanın prezidentini, Avstriyada daldalanıb Belçikanın baş nazirini əxlaqsız ifadələrə tuş etmək mümkün deyil.

Olsa belə, beləsi cinayət məsuliyyətindən yaxa qurtara bilmir.

Amma iş Azərbaycana qalanda, vəziyyət dəyişir: axı belə söyüşlərin və hədyanların konkret sifarişçiləri, özlərinə əl qatanların "fəaliyyət"ini maliyyələşdirənlər var.

Üstəlik, yaşadıqları, daha doğrusu, yaşadıqlarını güman edərək sığındıqları ölkələrin xüsusi xidmət orqanları da onları məharətlə idarə edir.

"Məharətlə" yazdıq, çünki peşəkarların nəzarətini duymayan diletant Turallar, Vidadilər, Orduxanlar, Məhəmmədlər, Ariflər sərbəst və asudə olduqlarını xəyal edirlər.

Həmin xəyallar da onları cürətləndirir, Azərbaycanı zorakı hakimiyyət dəyişikliyi, dövlət çevrilişi, hətta paranoyaya qapılıb "Virtual inqilab"la hədələyirlər.

Ortada "virtual inqilab" adı ilə Azərbaycana qarşı genişmiqyaslı diversiya cəhdi var.

Ölkədəki ənənəvi radikal müxalifətin canlı ölü vəziyyətdə olduğunu anlayan həmiin güclər AXCP və ya Milli Şura kimi tragikomik strukturlardan əllərini üzərək bu dəfə yeni, fərqli texnologiyanı sınamaq fikrinə düşüblər.

Bu isə suveren, müstəqil dövlətin daxili işlərin bir dəstə lümpen vasitəsilə qarışmaqdır.

İşin ən absurdu bilirsiniz nədir? Sarsaq ssenari. Məhz bu səbəbdir ki, özü Hollandiya krallığında yaşayan Orduxan Bəbirov "qoymayın, Azərbaycan krallığa çevrilir" şivənini dayandırmır.

... Bulqakovun "Köpək ürəyi" romanında Şarikov hədyan danışdığı, hətərən-pətərən sözlərlə normal yaşamı təhdid etməyə başladığı, təhlükəyə çevrildiyi üçün ilkin mövcudluq formasına qaytarılmışdı.

Avropada oturub Azərbaycana doğru HÜRriyyət arzulayanlar bunu bilsələr, yaxşı olar.

Aldanmış kəvakib kimi yaşamaq olar, amma belə həyat sürən kənardan miskin görünür.

Elçin Alıoğlu Son.az