Milli şüarlarla pərdələnən antimilli fəaliyyət


Siyasət 25 Mar 2018 13:37:00 216 0

Milli şüarlarla pərdələnən antimilli fəaliyyət

2014-cü ildə başladılan "QHT işi" adlı araşdırmalar çərçivəsində sorğuya çəkilən, qanundankənar fəaliyyətlərinə dair ciddi sübutlar tapıldığı üçün həbsə alınan "hüquq müdafiəçiləri"ndən biri yazdığı əfv ərizəsində maraqlı tezis açmışdı: yazmışdı ki, əgər əfv edilib azadlığa buraxılarsa, sonrakı fəaliyyətini qanunlara və Azərbaycanın haqq işinə uyğun quracaq, xüsusən, beynəlxalq əlaqələrindən istifadə edərək "Xocalı həqiqətlərinin dünyaya çatdırılması"na çalışacaq. Xocalı faciəsinin mahiyyətinin, Azərbaycanlıların soyqırımına məruz qalmasının dünyaya çatdırılması üçün hansı mexanizmlərdən istifadə edəcəyini, kampaniyaları necə quracağını də təsvir etmişdi. Azəraycan Prezidentinin humanist siyasətinə uyğun olaraq əfv edilsə də, vədini tutmadı. Tutması mümkün də deyil. Beynəlxalq "donor instutların"ın, QHT-lərin fəaliyyətinə, keçirilən kampaniyaların mahiyyətinə bələd olduğum üçün, şübhəm vardı onun islah olunacağına. Dəyişmək üçün o, ilk növbədə əvvəlki çevrəsindən, maliyyə aldığı "donorlardan", xidmət göstərdiyi mərkəzlərdən imtina etməli idi. İmtina üçün isə nə iradələri, nə də gücləri var belələrinin. Əgər iradələri olsaydı, öncədən həssas davranar, donorlar sırasında düzgün seçim edər, şirnikləşdirici vədlərə uyub "donor" qismində ermənipərəst mərkəzlərin təsiri altına düşməz, anti-Azərbaycan kampaniyalara qatılmazdılar. "Donor" adlandırdıqları ermənipərəst mərkəzlər belələrinə maliyyəni ona görə vermirlər ki, gedib Azərbaycan həqiqətlərini dünyaya tanıtdırsınlar, Xocalıya ədalət istəsinlər!

Şübhələrim gerçək çıxdı. Adam ötən müddətdə nəinki "Xocalıya ədalət" kampaniyası keçirmədi, əksinə, yaxın günlərdə imzasını "Orduxan qrupunun" dəstəkçiləri sırasında gördüm. Hansılar ki, Avropada bəlli mərkəzlərin himayəsinə sığınıb virtual anti-Azərbaycan kampaniyası keçirirlər. Həm də bu kampaniyanı "Azərbaycanda demokratiya quruculuğuna dəstək" üçün təşkil etdiklərini bildirirlər.

16 mart tarixli müsahibəsinin 11-ci dəqiqəsində, jurnalist Orduxana kampaniyanın maliyyə mənbələri barədə sual verir. Əvvəlcə suala cavab verməkdən yayınır, deyir ki, "bu barədə Azərbaycan xalqına hesabat verməyə borclu deyil!" Jurnalistin təkidli sorğularından sonra isə elan edir ki, maliyyəni "həyat yoldaşının yüksək əmək haqqısı ilə təmin edir". Əvvəlki müsahibələrində həyat yoldaşının "yaxşı təhsilli, yüksək gəlirli işdə çalışan Hollandiya vətəndaşı" olduğunu bildirib. Belə çıxır ki, bu "yaxşı təhsilli, yüksək əmək haqqı alan Hollandiya vətəndaşı xanımın" həyat idealı qazancını "Azərbaycanın inkişafı naminə xərcləmək" olub! İnanan varmı buna?

Əlbəttə, öz sərvətini dünyada sülhün, demokratiyanın inkişafı üçün xərcləyən, bu yolda həyatını riskə atanlar çoxdur. Amma "gəlin xanımın" da bənzər işlə məşğul olduğunu isbatlamaq üçün bəzi suallara aydınlıq gətirilməlidir. Məsələn: lap yaxın günlərdə, 22 fevralda Hollandiya parlamenti qondarma "erməni soyqırımı"nı tanıyanda "gəlin xanım" nədən bunun əleyhinə ciddi bir kampaniya keçirmədi? Yaxud, cəmi bir il öncə, 2017-ci ilin mart ayında Hollandiya polisi bütün insani haqları gözardı edərək, Rotterdam şəhərində məhz milliyətinə görə, türk olduğu üçün Hüseyn Kurtu itə boğduranda "gəlin xanımın" niyə səsi çıxmadı? Axı onun bir Hollandiya vətəndaşı olaraq baş verənlərə əks çıxması ciddi səda yarada, dünyada rezonans doğura bilərdi! Bu xanım "Orduxan qrupu" üzərindəki təsirindən istifadə edib onlara anlada bilməzdimi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" Bako Saakyanın ABŞ-a səfəri təkcə Azərbaycana xəyanət deyil, həm də dünya üçün çox pis, yanlış tendensiyalar yaradır? Soruşa bilməzdimi ki, "Orduxanın bənzərləri" nə üçün gedib ABŞ Konqressinə və Bako Saakyana etiraz etmirlər, əksinə eyni gündə Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısına yığışıb yalançı şüarlar səsləndirərək Azərbaycanı pisləyirlər? Hanası məqsədlə Xocalı qətliamının səbəbkarı kimi "erməniləri deyil də, Azərbaycan tərəfinin özü"nü göstərirlər? Bu necə "sevgidir" ki, bütün pisləri təmizə çıxarır, hər bir pisliyin kökündə Azərbaycan dövlətini və Azərbaycan hakimiyyətini görür?!.... Suallar çoxdur. Amma bu "virtual donor xanımın" sözçüsü olan "Orduxan qrupu"nun davranışları göstərir ki, onlar bu suallara cavab verməkdən nəinki yayınırlar, ümumiyyətlə, cavab vermək barədə düşünmürlər də. Çünki amalları, niyyətləri başqadır.

Dini rəvayətlərdə şeytanın insanı azdırmaq üçün "sağdan" və "soldan yanaşması" deyilən anlayış var. Birinci variantın mahiyyəti odur ki, şeytan iradəsi zəif, nəfsinə qalib gəlməyi bacarmayan insanları şər işlərə bulaşdırmaq üçün çox uğraşmaz. Belələrini şər iş görmək üçün sadəcə həvəsləndirər, gerisi özü-özünə həll olunar.İşin şər olduğunu bilsə belə, iradəsiz insan hansısa marağını təmin etmək üçün ona bulaşmağa həvəs göstərər. İkinci variant isə iradəsi möhkəm, nəfsinə hakim insanları çaşdırmaq üçündür. Şeytan belələrini azdırmaq üçün ruhani libası geyinər, mahiyyətcə şər olan işi mömin insana şəriətin vacib hökmü kimi tanıtmağa çalışar, mömin insanın "bu işi etməklə savab qazanacağını" bildirər. Mömin olsalar belə, savadsızdırlarsa, həqiqi dini hökmləri bilmirlərsə, insanlar şeytanın bu hiyləsinə uyarlar, dini hökmü icra edirlər düşünüb, şər işə bulaşarlar...

"Orduxan qrupu"nun fəaliyyəti eynən bu rəvayətdəki kimidir, klassik şeytani metodlardan istifadə edirlər. Amalları, niyyətləri, fəaliyyətləri anti-millidir, Azərbaycan dövlətinə, xalqına, hakimiyyətinə qarşı yönəlib. Amma bunu milli şüarlarla pərdələyirlər, guya ki, Azərbaycanda demokratiyanı inkişaf etdirmək istəyirlər. Onların əsl siması Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə kömkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sosial şəbəkələr üzərindən ünvanladığı müraciətlərdən sonra daha da açılıb. Bu bədnam qrupun Əli Həsənovun humanist müraciətinə göstərdiyi qeyri-adekvat reaksiya "Orduxan qrupu"nun özünü ifşa edir. PA rəsmisi onları söyüş söyməməyə, təhqirə yol verməməyə, qanunları pozmamağa, normal, sivil, Avropa standartlarına uyğun mübarizə aparmağa, həmçinin, imkan düşəndə, Azərbaycanın milli maraqlarını da nəzərə almağa çağırıb.

Onlar necə reaksiya verirlər?! Reaksiyalarından görünür ki, bu adamlar nəinki Azərbaycan maraqları üçün çalışmırlar, həm də Azərbaycanlı mentaliteti barədə elementar bilgiyə də malik deyillər. Bəlkə də səhvlərini anlayırlar, sadəcə bağlı olduqları mərkəzlərin buyruğundan çıxa bilmirlər?..

Azərbaycanda demokratiya var, qanunlarla və praktiki addımlarla təmin edilib. Mövcud olan demokratik şəraiti sökmək, dağıdıb yenidən qurmaq nəyə lazımdır, kimin üçün faydalıdır?! Ötən bir neçə ildə Yaxın və Orta Şərqdə neçə ölkəni bu adla viran qoydular, neçə xalqı səfalətə saldılar? Görmürlərmi, duymurlarmı? Yoxsa görürlər, duyurlar, amma şeytan libaslı mərkəzlərdən maliyyə aldıqları üçün şeytanın əmrlərini yerinə yetirməyə məcburdurlar?

Bircə faktı unudurlar: Azərbaycan xalqı savadsız mömin deyil ki, onu çaşdırasan, şər işi xeyir əməl kimi təqdim edəsən. Azərbaycan xalqı savadlıdır, yaxşını pisdən, şəri xeyirdən, söyüşü mübarizədən, dağıdıcılığı quruculuqdan fərqləndrməyi bacarır.

Müşfiq Ələsgərli