Quru meyvələri düzgün seçməyin üsulları


Digərləri 25 Mar 2018 01:30:00 302 0

Quru meyvələri düzgün seçməyin üsulları

İlin soyuq fəsillərində, xüsusən də bayram günlərində süfrəmizi ən çox bəzəyən məhsullardan biri də qurudulmuş meyvələrdir. Çünki, məhz bu aylarda həmin meyvələri tapmaq ya mümkün deyil, ya da olduqca bahadır. Bəs quru meyvə seçərkən, nələrə fikir verməliyik? Aldığımız məhsulun faydalı və keyfiyyətli olub-olmadığını necə təyin etməliyik?

Son.az bütün bu sualların cavabını təqdim edir:

Çox vaxt mağazalarda süni parıltılı quru meyvələrə rast gəlirik. Unutmaq lazım deyil ki, hər bərq verən qızıl deyil və təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Odur ki, qiymətə aldanıb, kimyəvi yolla qurudulmuş meyvələri süfrələrinizə rəva görməyin.

Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış vəziyyətdə olmaldır. Üzərində zədə, ləkə olmamalıdır. Hətta bir ədəd meyvənin üzərində bu qüsurla rastlaşsanız, düşünməyin ki, onu kənara qoymaqla məsələ həll olur. Belə məhsulu ümumiyyətlə, almamağınızı tövsiyə edirik.

Quru meyvələr nə renzin kimi çox bərk, nə də əziləcək qədər yumşaq olmalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.

Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Üzərində spirt qıcqırması və kif əlamətləri olan quru meyvələrsə sağlamlığımız üçün böyük təhlükəlidir.

Quru meyvə alarkən rənglərinə də önəm vermək lazımdır. Məsələn ərik qurusunun ideal rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusunun keyfiyyəti aşağı olur. Parlaq və cəlbedici rəng isə onun süni və zərərli yolla qurudulduğuna işarədir.