Qohumla nikahin fəsadlari


Digərləri 24 Mar 2018 20:20:00 230 0

Qohumla nikahin fəsadlari

Qohum nikahların fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır. "Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib" və ya "Özümüzünkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü çölə atmaz" deyimləri bizdə çox məşhurdur və qohum nikahlar adət halını alıb. Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir.

Son.az gencaile.az-a istinadən bildirir ki, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aynurə İsmayılova bildirir ki, qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar: "Qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər. Şikəst uşaqların doğulmasında genetik yaxın olan xəstəlik daşıyan genlərin büruzə verilməsidir".

Elə də qohum nikahlar var ki, onların uşaqları sağlam doğulur. Böyük elmi işçi bununla bağlı bildirib ki, onların uşaqları sağlam olsa da, həmin uşaqlardan gələcəkdə dünyaya gələn uşaqlar xəstə doğula bilər: "Belə bir araşdırma aparıblar ki, qohum nikahlardan sağlam uşaqlar doğula bilər, amma sonradan onlar ailə qurduqda müəyyən nisbətdə sonsuzluğun rast gəlinmə tezliyi daha yüksəkdir. Yəni, birinci nəsildə yox, ikinci nəsildə bunun fəsadları üzə çıxa bilər".

Həmsöhbətimiz qeyd edir ki, tərəflər qohum nikahı qurmağı qərara alıblarsa, genetikin qəbulunda olmalıdırlar. Həkim genetik onların nəslində hansı xəstəliklərin olduğunu araşdırır. Onların qohumlarında ya əzələ zəifliyi, ya ifliclə doğulan uşaqlar, ya sinir sistemlərində problemləri, ya da anadangəlmə genetik problemləri olan uşaqlar varsa, bu araşdırılır. "Eləcə də, nikaha daxil olmaq istəyən tərəflərin talassemiya daşıyıcısı olub-olmaması da yoxlanılır. Əgər hər iki tərəf daşıyıcıdırsa, onlardan dünyaya gələn uşağın talassemiya xəstəliyinə tutulma riski çox yüksəkdir. Məsələn, Türkiyədə nikaha girməyən insanlarda belə talassemiya daşıyıcısı olub-olmaması yoxlanılır. İnsanlar bilirlər ki, kim talassemiya daşıyıcısıdır, kim deyil. Əgər iki daşıyıcı bunu bilirsə, onlar özləri ailə həyatı qurmaqdan çəkinirlər. Türkiyədə bununla talassemiya xəstəliyinin qarşısını alıblar, talassemiya xəstəliyi ilə doğulan uşaqların sayı getdikcə ildən-ilə azalır".