Belorusun baş məşqçisi: "Rəqib bizdən üstün idi"


İdman 24 Mar 2018 12:48:00 240 0

Belorusun baş məşqçisi: "Rəqib bizdən üstün idi"

"Bizim üçün qələbə qazanmaq vacib idi. Çünki komanda uzun müddət idi mənim rəhbərliyim altında qalib gələ bilmirdi".

Bunu Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko Bakı Olimpiya Stadionunda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib. 54 yaşlı mütəxəssis bildirib ki, hazırlıq dönəmdində daha çox top saxlamaq və hücum qurmağa üstünlük veriblər:

"Bu, ilk dəqiqələrdə alınırdı. Lakin sonradan güc çatmadı. Rəqib bizi sıxırdı. İstədik bu zaman boşluqdan istifadə edək. Bəzən alınırdı, bəzən yox".

Kriuşenko Belarusda çempionatın hələ başlamamasının təsirini də vurğulayıb:

"Azərbaycan yığmasının futbolçuları yeni ildə 6 tur oynayıb. Bu baxımdan, rəqib bizdən üstün idi".

Baş məşqçi "Belarusda hokkeyə daha çox maraq var. Lakin ölkə prezidenti Aleksandr Lukaşenko futboldan da nəticə gözlədiyini deyib. Bu, sizin üçün əlavə təzyiq deyildi?" sualını isə belə cavablandırıb:

"Bu, təzyiq yox, stimuldur. İnkişaf üçün yaxşı futbolçular lazımdır. Problemimizi demişəm. Oyunçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Lakin artıq investisiya var. İnanırıq ki, nəticələr də yaxşı olacaq".