Facebookun böhranı: Zukerberq üzr istədi və


Digərləri 24 Mar 2018 10:17:00 226 0

Facebookun böhranı: Zukerberq üzr istədi və

"Facebook" şirkəti yarandığı gündən bu yana ən ciddi iqtisadi və imic itkisinə məruz qalıb.

Son.az lent.az-a istinadən xəbər verir ki,  sosial şəbəkənin 50 milyon istifadəçisinin məlumatlarının Böyük Britaniyanın "Cambridge Analytica" firmasının əlinə keçdiyi məlum olduqdan sonra "Facebook"un bazar dəyəri azı 65 milyard dollar azalıb. "Cambridge Analytica" ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib, "Facebook" istifadəçiləri haqqında məlumatların toplanmasına isə Rusiya ilə əlaqələri olan alim köməklik göstərib.

Qalmaqalın mərkəzindəki qurum - "Cambridge Analytica"

2013-cü ildə yaradılmış "Cambridge Analytica" firması "Big Data" (iri həcmli informasiyalar), siyasi psixometriya və internetdə seçki kampaniyaları aparılması üzrə ixtisaslaşmış konsaltinq şirkətidir. Qurumun Direktorlar Şurasının üzvləri arasında Donal Trampın sabiq baş müşaviri Stiv Bennon da var. Əsas sponsorlardan biri isə Trampın seçki kampaniyasının, o cümlədən ABŞ Respublikaçılar Partiyasının iri donorlarından biri olan iş adamı Robert Merserdir. R. Merser "Cambridge Analytica"ya Trampın seçki qərargahı adından pul ödəyib.

"Cambridge Analytica"nın saytında qeyd olunur ki, istifadəçilərlə aparılan iş nəticəsində D. Tramp öz rəqibi Hillari Klintonu üstələyib. Şirkət müştərilərinə seçicilərin sosial şəbəkələrdəki səhifələri və orada əksini tapmış məlumatlar əsasında personal siyasi təbliğat strategiyası qurmaq sahəsində xidmətlər təklif edir. Müştərilər arasında Britaniyada "Brexit"ə tərəfdar çıxan siyasi qüvvələr də olub.

Aleksandr Koqan kimdir?

"Facebook" istifadəçilərinin şəxsi məlumatları Kembric Universitetinin elmi əməkdaşı Aleksandr Koqanın işləyib hazırladığı proqram əlavəsi ("thisismydigitallife") vasitəsilə toplanıb. İstifadəçilərin şəxsi testlərdən keçməyin müqabilində kiçik məbləğlər qazanmasına yardımçı olan proqram dünya üzrə yüz minlərlə insan tərəfindən yüklənib. Şəxsi testlərdən keçən insanlar anlamayıblar ki, bununla onlar həm öz məlumatlarına, həm də dostlarının məlumatlarına qapını açıblar. 

A. Koqan qısa müddətdə milyonlarla insanın bilgilərini əlində cəmləşdirib. Lakin o, topladığı informasiyaların "Cambridge Analytica" tərəfindən necə istifadə olunduğunu bilmədiyini iddia edir.

Aleksandr Koqan (Spektr soyadı ilə də tanınıb) Moldovada doğulub, 8 yaşına qədər Rusiyada yaşayıb, sonra ailəsi ABŞ-a köçüb. Dəfələrlə Rusiyada keçirilən elmi tədbirlərdə iştirak edib. 2014-cü ildə Sankt-Peterburq Dövlət Universitetində mühazirə oxuyub. "VKontakte" sosial şəbəkəsində yerləşdirilmiş mühazirələrindən birində o, tərtib etdiyi proqramın imkanları barədə belə deyir:

"Biz hansı informasiyanı yükləyə bilirik? Demək olar ki, sən "Facebook"da nə edirsənsə, hamısını. Sənin neçə yaşın var, harada yaşayırsan, dostlarının siyahısı və dostlarının dostlarının siyahısı... Biz sənin nələrdən xoşlandığını və sənin dostlarının nələri xoşladığını öyrənə bilirik. Şəxsi məlumatları oxuyuruq. Adətən hər insanın 3 min şəxsi məlumatını oxuyuruq. Bütün fotoları yükləyə bilirik. "Facebook" səni həyatındakı istənilən insandan daha yaxşı tanıyır. Mən bir sual belə vermədən sənin haqqında yüz fakt öyrənə bilərəm". 


Xəbərə aid fotolar