Yaxşı vərdişləri necə formalaşdırmalı?


Digərləri 23 Mar 2018 07:21:00 195 0

Yaxşı vərdişləri necə formalaşdırmalı?

Psixoloq Aidə Səlim: “Təkrarlanan və davam edilən proses zamanla vərdişə çevrilir”

Psixoloq Aidə Səlim: "Təkrarlanan və davam edilən proses zamanla vərdişə çevrilir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Gündəlik həyatımızda daim təkrar etdiyimiz, bəzən heç özümüzdən də asılı olmayan müəyyən davranış formaları var. Bunların bəziləri məqbul, bəziləri isə qeyri-məqbuldur. Pis vərdişlərdən uzaq durmaq, yaxşıların sayını artırmaq lazımdır. Məsələn, dil biliyini artırmaq, kitab oxumaq, piyada gəzmək və s. kimi məsələlərdə mütəmadiliyi qorumaq üçün bunların vərdiş halına salınması önəmlidir. Maraqlıdır, bəs bu kimi yaxşı vərdişləri formalaşdırmaq, onları daim təkrarlanan hala gətirmək üçün nələri etməliyik? Bu mövzuda həmsöhbətimiz psixoloq Aidə Səlimdir.

Psixoloq deyir ki, yaxşı vərdişlərə yiyələnməyin ilk yolu bunu planlı və rejimli şəkildə etməkdən başlayır: "Gündəlik həyatda fəaliyyətin mənimsənilməsi nəticəsində insanlarda müəyyən vərdişlər formalaşır. Adətən, vərdişlər şüurlu və ya qeyri-ixtiyari təkrarların nəticəsində meydana çıxır. Əgər insan özündə hər hansı bir vərdişi formalaşdırmaq istəsə, bunu əvvəlcədən planlasa, getdikcə vərdişlərin, həyatındakı mənfi davranışları özündən uzaqlaşdırdığının şahidi ola bilər. Yaxşı vərdişlərə yiyələnməyin ilk yolu bunu planlı və rejimli şəkildə etməkdən başlayır. Misal olaraq, əgər xarici dil biliyinizi artırmaq istəyirsinizsə, məqsədli şəkildə gündəlik 5 söz öyrənməyi vərdiş halına gətirə bilərsiniz. Ancaq diqqət edin ki, yeni vərdişlərə yiyələnəndə ilk olaraq özünüzə kiçik hədəflər qoymalısınız. Məsələn, 15 dəqiqəlik gündəlik piyada gəzmək, hər gün 1 stəkan su içmək, 10 səhifə kitab oxumaq və s kimi. Çünki bir işə başlayanda böyük hədəflər qoysanız, işin gedişində yaranan çətinliklər sizi yarıyolda qoyar və daha tez motivasiyadan düşməyinizə səbəb ola bilər. Birdən-birə xarici dildə 20 yeni söz beyinə daha çətin gələr, nəinki 5 söz öyrənmək. Və artıq bu, vərdiş halına gəldikdən sonra sözlərin kəmiyyəti sizə çətinlik yaratmayacaq".