Həyəcan siqnalı: Böyük sərvətimizi məhv edirik


Digərləri 22 Mar 2018 21:52:00 239 0

Həyəcan siqnalı: Böyük sərvətimizi məhv edirik

Asif Abramov: "Kinonu tanış-bilişə, qohum-əqrəbaya, qeyri-peşəkarlara həvələ edirik"

Bir dönəm onun çəkdiyi "Qisas" serialı böyük səs-küyə səbəb oldu. Artıq uzun müddətdir ki, Azərbaycan teleməkanında onun imzası olan seriala, filmə rast gəlmirik.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, beləliklə, müsahib tanınmış rejissor Asif Abramovdur.

- Asif bəy, bizə həm şəxsi, həm də sənət həyatınız haqqında danışın, zəhmət olmasa.

- Mən Asif Abramov. 45 yaşım var. 1972-ci ildə Xaçmaz şəhərində anadan olmuşam. Məktəbi bitirəndən sonra Rusiyada, Saratov şəhərində rejissorluq üzrə təhsil almışam. Bir müddət Saratovun "İftoraya Qorodnaya" telekanalında çalışmışam. Amma həmişə arzum olub ki, Azərbaycana gəlim, burda kino sahəsində işləyim, püxtələşim. Mən gələn vaxtda isə böhran dövrü idi, Azərbaycanda film çəkilmirdi və məcburən televiziyalarda çalışmağa başladım. Azərbaycan Televiziyasında, "Space", "Aba" telekanallarında işlədim və orda müxtəlif verilişlərin aparıcısı və rejissoru oldum.

- Siz Azərbaycana gələndə neçənci illər idi ki, həmin dönəmdə film çəkilmirdi?

- 1993-1994-cü illər "Azərbaycanfilm" kinostudiyasında, ümumiyyətlə, fəaliyyət dayanmışdı. Kinolar istehsal olunmurdu.

- Azərbaycanda kino və serial sahəsindəki fəaliyyətiniz nə vaxt başladı?

- Bir neçə il əvvəl mən Türkiyəyə getmişdim. Müxtəlif serialların çəkilişində iştirak etdim. Öz hesabıma təcrübə toplamağa çalışırdım. Sonradan öyrəndim ki, Azərbaycanda serial sektoru fəaliyyətə başlayır. Mən döndüm Azərbaycana. İlk iki sinopsisimi "Lider" Televiziyasına təqdim etdim. Bəyənildi və həmin televiziyada iki serialım yayımlandı. Biri "Muradına çatan günəş" serialı 2012-cü ildə, digəri "Qisas" serialı 2013-cü ildə çəkildi. "Qisas" serialı tamaşaçılar tərəfindən ən yaxşı serial kimi bəyənildi.

- Hal-hazırda Azərbaycandakı kino və serial sektorunun vəziyyətindən razısınızmı? Hansı problemləri görürsüz bu sahədə?

- Razı deyiləm. Ona görə ki, Azərbaycan kinosunun böyük tarixi var və bizim kinomuz inkişaf edəndə türklərdə keyfiyyətli film yox idi, onların aktyor və aktrisaları bizimkilər kimi professional deyildilər, amma getdikcə onlar püxtələşdilər, inkişaf etdilər, biz isə geriyə getdik. Onlar öz rejissorlarını, aktyorlarını, operatorlarını xaricə göndərdilər oxumağa. Biz isə həvəskar fəaliyyətə başladıq. Kinonu tanış-bilişə, qohum-əqrəbaya, qeyri-peşəkarlara həvələ etdik. Beləliklə keyfiyyətsiz filmlər, seriallar ərsəyə gəldi.

Bir şeyi də deyim ki, Azərbaycan aktyorları Türkiyə aktyorlarından qat-qat istedadlıdırlar. Sadəcə bizim həmin aktyorlara şərait yaratmırlar. Kino və seriallarda həmin istedadlı aktyorları istifadə etmirlər. Çünki onlara bir az çox pul vermək lazım olacaq, amma tanış-biliş, qohum-əqrəbanı çəkəndə az pul çıxacaq. Qıraqdan baxanda isə elə görünür ki, Azərbaycanda professional aktyor yoxdur, istedadlı aktyor yoxdur. Çünki ekranda olanlar peşəkarlar deyil. Bəzi aktyorlarımız isə deyir ki, biz də türk aktyorları kimi 200-300 min alsaydıq, biz də həvəslə oynayardıq. Elə deyil. Həvəs pula baxmır. Əgər insanın istedadı və sənətinə sevgisi varsa, fərqi yoxdur ona 10 manat ver, ya da 100 manat ver, o adam o rolu oynayacaq. Oynamırsa, deməli, öz işinə hörmət etmir.

- Bəs hansı rejissorlarımızın işini bəyənirsiz?

- Bizim çox yaxşı rejissorlarımız var. Elxan Cəfərov var, Ülviyyə Könül var. Bunları yada salmırlar. Çünki Elxan Cəfərovu, Ülviyyə Könülü, Asif Abramovu çağırsalar, bunlara bir az çox pul verməli olacaqlar. Ona görə gənc, yeni başlayan rejissorlara birbaşa kino və serial həvalə edirlər. Sovet vaxtında elə deyildi. Kimsə rejissorluğu oxuyub, bitirib, diplomu əlinə alırdısa, o, heç olmasa hansısa filmdə assistent kimi işləməli idi ki, təcrübə qazansın. İndi isə təcrübəsiz rejissora kino, serial verirlər, o da aktyorla işləyə bilmir, nəticədə zay məhsullar yaranır.

- Bu yaxınlarda iştirak etdiyiniz televiziya verilişlərindən birində sizinlə bərabər qonaq olan Musiqili Teatrın aktrisası Gültac Əlili dedi ki, "Teatr aktyorlarına teatrlaşmış aktyorlar deyib kinoya, seriala çəkmirlər. İddia edirlər ki, onların pafosları var, onlar kino üçün uğurlu deyillər və s". Siz bir rejissor kimi bu barədə nə düşünürsüz?

- Mən o xanımla razıyam. Amma bu, düzgün proses deyil. Azərbaycanın keçmiş kino aktyorlarına, aktrisaların baxanda görürük ki, onların əksəriyyəti teatrdan çıxıblar. Ümumiyyətlə, hər bir aktyorun məktəbi olmalıdır. Məktəb də teatrdır. Teatr müqəddəs bir yerdir və orda oynayan aktyor öz obrazını daha tez qavrayır, daha tez duyur rejissoru. Əfsuslar olsun ki, bizdə əksinədir. Bilirsiz, Türkiyədə hansısa model aktyor olur, niyə də bizdə olmasın deyə düşünürlər, amma bilmirlər ki, o modellər neçə aylıq, bəzən illik kurslar keçirlər, daha sonra kiçik rollarda təcrübələr toplayırlar, sonra gəlib baş obrazlar ifa edirlər. Bizdə də isə heç bir təhsili, təcrübəsi olmayan modeli gətirib birbaşa baş obraza təyin edirlər.

Kino dramaturgiyadan başlayır. Bizdə yaxşı dramaturq, yaxşı ssenarist yoxdur. Aktyorun obraza həvəsinin olması üçün əlində yaxşı material olmalıdır. Mən aktyorları qınamıram. Onların iki qazanc yeri var: teatr və kino. Məcburdurlar ki, pul qazanmaq üçün gedib qeyri-peşəkar adamların filminə, serialına çəkilsinlər.

- Yeri gəlmişkən, teatr aktyorları barədə danışanda çox maraqlı bir məqama toxundunuz ki, sovet dövrü filmlərimizdəki aktyor, aktrisaların böyük qismi teatrdan çıxmışdılar. İndiki rejissorların gileyləndiyi sünilik, pafos onlarda yox idi. Məsələn, Nəsibə Zeynalova teatr səhnəsində parlamışdı və kinomuzun gəlmiş-keçmiş ən təbii ifası olan aktrisasıdır. Niyə indi teatrdan çıxan aktyorlar pafoslu hesab olunur ki?

- Məlik Dadaşov, Həsənağa Turabov, Adil İsgəndərov da teatrdan çıxıblar. Çox da təbii ifaları olan aktyorlardır. İndi isə problem həm də teatr rejissorlarındadır. Çünki o teatr rejissorları da professional deyil. Mən gedirəm Rusiyaya və çox xoşum gəlir. Orda teatra bilet tapılmır. Əldə bilet satırlar 200-300 dollara. Niyə? Çünki Dostoyevskinin, Turgenevin əsərlərini səhnələşdirirlər. O əsərləri elə müasir səhnəyə uyğunlaşdırırlar ki, tamaşaçını da heyrətdə saxlayırlar. Bizim rejissorlar isə monotondurlar, əsər necədirsə, elə də səhnəyə qoyurlar. Universitetdən teatra gələn aktyorlar da həmişə eyni şey görürlər, qəlibə düşürlər.

- Bəs kino və serialda gördüyünüz problemləri aradan qaldırmağın hansı üsulları var? Siz bir rejissor kimi çıxış yolunu nədə görürsüz?