Xoşbəxtlik hissi sağlamlığa necə təsir edir?


Digərləri 22 Mar 2018 21:15:00 281 0

Xoşbəxtlik hissi sağlamlığa necə təsir edir?

ABŞ-ın Viskonsin-Madison Universitetinin psixoloqlarından ibarət tədqiqat qrupu araşdırmalar nəticəsində müəyyən edib ki, müsbət əhval-ruhiyyə və qan təzyiqi, qanda şəkərin miqdarının və ürək-damar xəstəlikləri riskinin azaldılması arasında birbaşa əlaqə mövcuddur. Lakin xoşbəxtlik hissinin insanların tarixi ənənələri, mentaliteti ilə bilavasitə bağlı olduğu da aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "New York Times" qəzetində dərc olunmuş məqalədə ötən il Viskonsin-Madison Universitetinin tədqiqat qrupunun Birləşmiş Ştatlar və Yaponiyada apardığı araşdırmaların maraqlı nəticələri açıqlanıb. Tədqiqatlar 1017 amerikalı və 374 yaponiyalı üzərində aparılıb. Yüksək əhval-ruhiyyənin qan təhlilləri vasitəsilə sağlamlığa təsiri iki xalqın nümayəndələri arasında mentalitetdən irəli gələn fərqli nəticələri üzə çıxarıb. Belə ki, Şərqi Asiya mədəniyyətində insanlar xoş emosiyaların qaranlıq tərəfi olduğunu da düşünürlər. Ona görə sizinlə söhbət əsnasında gülən və sözlərinizi başı ilə təsdiq edən yapon əslində öz problemləri haqqında düşünür.

Analoji tədqiqatlar Stanford Universitetinin tədqiqatçıları tərəfindən 690 Çin və ABŞ vətəndaşı üzərində də aparılıb. Amerikalılar müxtəlif söhbətlər zamanı xoş əhval və minimum mənfi hisslər nümayiş etdirsə də, çinlilər bir qayda olaraq qarışıq emosiyalar göstəriblər. Alimlər bunun sirrinin ABŞ vətəndaşlarında fərdilik hissinin güclü olmasında görürlər. Belə ki, fərdilik hissi yalnız öz problemlərini pozitiv prizmadan düşünməyə, çinlilərdə olan kollektiv məsuliyyət hissi isə mənsub olduğu qrupun mənafeyini fikirləşməyə vadar edir.