Doğan media holdinq satıldı


Dünya 22 Mar 2018 19:11:00 296 0

Doğan media holdinq satıldı

"Financial Times" yazır ki, Türkiyənin media baronlarından biri öz qurumlarını prezident Recep Tayyip Erdoğana bağlı bir biznesmenə satır və bu hadisə ölkənin az-çox müstəqil media relyefinə son zərbə olacaq.

Aydın Doğana məxsus Doğan Holding CNN Türk telekanalı və Hürriyet qəzeti də daxil özünün media qolunu Demirören Holding-ə satmağa hazırlaşır.

Demirörenin sözçüsü Reuters agentliyinə bildirib ki, "danışıqlar davam edir və alqı-satqı müqaviləsi artıq tərtib edilib".

Məqalədə deyilir ki, Türkiyənin ən populyar media adlarının satılması Türkiyənin media meydanında Erdoğana sədaqətli qurumların hegemonluq etdiyi bir vaxta təsadüf edir.

Türkiyədə hazırda 150 jurnalist həbsxanalardadır.

"Bu, Türkiyə mediası üçün tarixi bir andır, - Doğan qrupunun rəsmisi deyib, - Hazırda media üçün çətin vaxtlardır. Hamı kədərlidir. Amma düşünürəm ki, adamlar bunun qaçılmaz bir hadisə olduğunu anlayırlar".

"Hurriyet" qəzeti

Cənab Doğan artıq xeyli müddət idi ki, cənab Erdoğanla kəllə-kəlləyə idi, lakin son illərdə onun media qurumları tənqid tonunu aşağı salmış və bəzən hətta erdoğanyönlü mövqe tutmuşdu. Buna səbəb maqnatın bütün biznesinin siyasi təzyiq altında olması idi.

Buna baxmayaraq, satılan media qrurumlarının bir neçəsi Erdoğanın çevrəsi ilə bağlı deyil.