Arqument olmayanda və ya siyasət tükənəndə...


Siyasət 22 Mar 2018 13:43:00 267 0

Arqument olmayanda və ya siyasət tükənəndə...

Söyüşkənlər yığnağının qeyri-mədəniyyətsiz “tərbiyələri”

Söyüşkənlər yığnağının qeyri-mədəniyyətsiz "tərbiyələri"

Söyüş və təhqir...Bu üsul əsasən zəif insanlara aid olan bir haldır və söz, arqument olmayanda tərəflərdən biri son anda öz "gücünü" bu xüsusda nümayiş etdirməyə cəhd göstərir. Ümumiyyətlə, özündə qeyri-mədəniyyətsizliyi əks etdirən sözügedən üsulla heç bir qalibiyyət əldə etmək mümkün deyil. Təəssüf ki, eyni hal uzun illərdir müxalifət düşərgəsinin radikal cinahında yer alan "liderlərdə" və onların istər buradakı, istər xaricdəki dəstəkçilərində köklü şəkildə formalaşıb. Yəni, bu gün sağlam düşüncəli ictimai rəydə söyüşkənlər yığnağı olaraq tanınan zümrə dövlət maraqlarımızın və atributikalarımızın əleyhinə xüsusi aqressivlik fonunda fəaliyyət göstərməkdədirlər. Baxmayaraq, artıq belə bir "siyasətin" nə milli, nə mənəvi, nə də insani davranışa aidiyyatı olmadığını kifayət qədər insanlar bəyan ediblər. Hətta müxalif düşərgədə olan bir çox siyasi şəxslər də belə bir çirkin siyasətin azərbaycanlıya xas olmayan yanlış addım olduğunu vurğulayıblar. Bu zaman belə bir sual yaranır ki, əcəba, belələrinin bütün dəyərləri ayaq altına ataraq sözügedən davranışlar nümayiş etdirmələrinə kimlər rəvac verirlər? Sosial şəbəkələrdə dövlət rəhbərliyinə, nüfuzlu hökumət adamlarına, siyasi və ictimai xadimlərə qarşı söyüş kampaniyaları nəyə görə daha öncələr gözə dəymirdi və birdən-birə bəlli hadisələrin kökü haradan qaynaqlanır?

Buna həm də "psixoz çərçivə" deyilir tibbdə...

Sirr deyil ki, Azərbaycanın dövlət maraqlarını illərdir ki, anti-milli dairələrə satan, bunun müqabilində siyasi biznes quran, Avropada, bütövlükdə isə Qərb dövlətlərində erməni diaspora qurumları ilə sıx əlaqələr yaradaraq, həmin bizneslərini genişləndirməyə çalışan qruplar, eləcə də onları buradan - Azərbaycandan idarə edən siyasi partiyalar mövcud olub, bu gün də qalmaqdadır. Baxın, sadəcə bir misal gətirək. Yuxarıda da qeyd etdiyimiz kimi, hətta müxalfət düşərgəsində təmsil olunan partiya rəhbərləri belə, misal üçün AXP sədri Pənah Hüseyn, MDP sədri Nemət Pənahlı, AMİP rəhbərliyi, o cümlədən REAL hərəkatının səlahiyyətliləri söyüş və təhqirin, insanların şəxsiyyətlərini alçaldan hərəkətlərin iyrənc, həmçinin yolverilməz bir addım olduğunu dəfələrlə bəyan ediblər, buna son qoyulmalı olduğunu deyiblər. Halbuki, yuxarıda adları çəkilən partiyalar da zaman-zaman hakimiyyətə qarşı radikallıqları ilə seçiliblər, bu gün də loyallıqları sezilmir. Amma gəlin görək, xarici ölkələrdəki söyüşkənlər yığnağının ağızlarını yummaları üçün özlərini radikal müxalifət "liderləri" adlandıran digər kəslər çağırışlar ediblərmi? Məsələn, AXCP sədri Əli Kərimli, "Milli Şura" sədri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Oqtay Gülalıyev, Eldəniz Quliyev, Müsavat başqanı Arif Hacılı, partiyanın sabiq başqanı İsa Qəmbər və sairələri bircə dəfə də olsa ağızlarını açıb, siyasi mübarizənin etik davranışlar çərçivəsində aparılmalı olduğunu bəyan ediblərmi? Əsla! Çünki onların siyasət yürütmək "etikaları" bundan o tərəfə deyil və ələlxüsus, Avropadakı orduxanların, məhəmmədlərin, turalların və s. ağızları söyüş girdabına bulaşanların bəlli hərəkətləri elə özlərinin "siyasətləri" ilə üst-üstə düşür. Yazının əvvəlində də qeyd etdiyim kimi, söyüş söymək, qarşı düşərgədəki şəxsləri təhqir etmək üsulu bilavasitə zəif insanlara aid olan bir haldır və söz demək, cavab vermək arqumenti olmayanda tərəflərdən biri son anda öz "gücünü" bu xüsusda nümayiş etdirir - söyür, təhqir edir, həqarətlərini hər kəsin eşitməsini istəyir. Buna həm də "psixoz çərçivə" deyilir tibbdə. Daha dəqiq desək, onlar düşdükləri cılızlıq çərçivəsindən çıxa bilmirlər, sanki həmin çərçivə onlara bir qəfəsdir. Qəfəsə salanlar isə radikal müxalifət "liderləri" və əlbəttə ki, xarici havadarları. Pul deyirsən pul, oturum izni deyirsən, oturum izni və s. Təki siz söyün, təhqir edin və bunu davamlı qaydaya salın.

Həqiqət də budur ki, özünə azərbaycanlı deyən şəxs heç zaman bu yola gedib, özünü xalq, millət qarşısında bədnam etməz!

Daha bir ilginc nüansı dəyərli oxucuların diqqətinə çatdırmaq istərdim. Bu gün Ermənistanda cərəyan edən siyasi-iqtisadi tənəzzül erməni xalqının əzilməsi, dalana dirənməsi və başqa hallarla müşahidə olunmaqdadır. Ölkədəki səfalət və aclıq son həddinə çatıb və başını qaldıran istənilən şəxsə amansız divan tutulur. Fəqət, gəlin görək ac-yalavac erməni dövlət atributikalarına, rəhbərlərinə qarşı orduxanların, məhəmmədləri və başqalarının etdiklərini edirlərmi? Məgər Avropada ermənimi yoxdur? Var, özü də həmin ermənilər ki, bu gün sözdə müxalifəti əməlli-başlı maliyyələşdirir, məlum söyüş kampaniyalarını sifariş edirlər. Məsələ də bundadır ki, açıq-aşkar sosial şəbəkələrdə virtual terrorçuluqlar edən milli xəyanətkarlar bir faktı anlamırlar, ya da anlamağa sərf etmir ki, onlar hazırda düşmən erməninin əlində oyuncağa çevriliblər, ermənidən betər erməniyə dönüşüblər. Onlar və onları Azərbaycan edən "liderlər"! Bax, həqiqət də budur ki, özünə azərbaycanlı deyən şəxs heç zaman bu yola gedib, özünü xalq, millət qarşısında bədnam etməz!

Daxillərində yaranmış zooloji instinktlərin onların bioloji kodlarını məhv etdiyini düşünə bilərik...

Sonda isə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Şöbə müdiri Əli Həsənovun facebook səhifəsində xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxs haqqında paylaşdığı statusdan bir xatırlatmanı etmək istərdim. İnsanların təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışdıqlarını deyən dövlət rəsmisi həmçinin bildirib ki, insanın mahiyyəti nədirsə, davranış və leksikonu da elədir. Təbii ki, doğru nəticədir. Çünki yuxarıda sadalanan fikirlərlə yanaşı, tam əminliklə deyə bilərik ki, radikal müxalifət düşərgəsinin "liderləri" də daxil olmaqla, onların Avropadakı söyüş və təhqir dillərini ictimailəşdirən zümrələr tərbiyə baxımından, mədəni-mənəvi keyfiyyət baxımından o qədər kasaddırlar ki, artıq bu kasadlıq özü-özülüyündə hər şeyi tam çılpaqlığı ilə üzə çıxarıb. Bu gün həqiqi azərbaycanlı kişlisi, namus və ləyaqətini qoruyan şəxs bu cür çirkablı bataqlıqlarda çabalamaz. Bu baxımdan, "Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini də təhqir etməz! Özünə rəva görmədiyi ədəbsiz ifadələri başqası barədə də işlətməz!"-deyən Əli müəllim, həmçinin demək istəyib ki, sosial şəbəkələrdə virtual qarşıdurmalar davam edir və belə də olacaq. Ancaq hədd qorumaq, müəyyən cızıqlardan çıxmamaq hər kəsin, xüsusilə özünü əsl azərbaycanlı hesab edənlərin mənəvi borcudur: "... Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir... Düşünürəm ki, cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar...Düşünürəm ki, məskunlaşdıqları ölkələrdə digər çoxminli soydaşlarımızdan nümunə götürərək, bu insanlar öz həyatlarını qanunlar və əxlaq normaları çərçivəsində qursalar, Azərbaycandakı qohum-əqrabaları da onlara görə utanmaz, əksinə, qürur duyarlar..."

Bax, belə, dəyərli oxucularımız... Ümumiyyətlə, cənab Əli Həsənovun statusundan ayırdığım hissələri xüsusi olaraq təkrar etməklə o fikri əhatə etməyə çalışdım ki, əgər bütün bu kimi bənzər iradlardan, tənbehlərdən və tənqidlərdən nəticə çıxarmayanlar olacaqsa, artıq onların insaniyyətlik çərçivəsindən çıxdıqlarını, hətta daxillərində yaranmış zooloji instinktlərin onların bioloji kodlarını məhv etdiyini düşünə bilərik...

Rövşən Nurəddinoğlu, SİA