"Xalqımız İlham Əliyevə yekdilliklə səs verəcək"


Siyasət 22 Mar 2018 12:56:00 282 0

"Xalqımız İlham Əliyevə yekdilliklə səs verəcək"

"İslam aləminin gözəl bayramlarından biri olan Novruz bayramının gözəl, müqəddəs günlərində Azərbaycan xalqı artıq özünün tutduğu böyük bir uğurlu yolla "İlhamla İrəli" deyərək Vətənimizin, ölkəmizin, dövlətimizin qüdrətlənməsi naminə çox böyük işlər görüb. Bu işlərin davam etdirilməsi, Azərbaycanda əmin-amanlığın, rifahın, inkişafın və artıq dünyada təsdiq olunmuş nümunəvi bir dövlətin mövcudluğunu, daha parlaq şəkildə dünyaya göstərilməsini sübut edən gözəl bir siyasi mərhələdəyik".

Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib.

Millət vəkilinin sözlərinə görə, artıq aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsindəyik: "Xalqımız artıq öz prezidentini tanıyır, bilir və demək olar ki, seçimini edib. Ancaq bir ənənə, qayda olaraq bu seçkilər keçirilir. Demokratik prinsiplərin həyata keçirilməsi, demokratik qaydalara əməl olunması, dünya miqyasında bizim gördüyümüz digər işlərlə yanaşı həm də seçkilərin yüksək səviyyədə xalqın ürəyi ilə seçilməsi naminə bu proses davam edir. Hesab edirəm ki, "görünən dağa bələdçi" lazım deyil.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan üçün, müstəqil Azərbaycanın dünyada əbədiyyətə qədər davam etməsi üçün böyük uğurlu yol seçib. Bu yol Azərbaycan insanlarının, bizi sevənlərin, Azərbaycanı sevənlərin qəlbində həmişə uğurlu olacaq. Əbədiyyətə qədər gedən bu yol Azərbaycan xalqının rifahı, inkişafı yoludur. Azərbaycan dövlətinin, dövlətçiliyinin tək regionda deyil, Şərq-Qərb, Şimal-Cənub miqyasında xalqa, insanlara xidmət naminə dövlətin göstərdiyi qayğılarının bir nümunəsidir. Buna görə də hesab edirəm ki, seçkilər böyük ruh yüksəkliyi ilə keçəcək və xalqımız öz layiqli namizədi İlham Əliyevə yekdilliklə səs verəcəklər".