Azərbaycanın ilk xalq şairinin doğum günüdür


Kriminal 21 Mar 2018 12:54:00 254 0

Azərbaycanın ilk xalq şairinin doğum günüdür

Martın 21-i Azərbaycanın ilk xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun doğum günüdür. Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı, dərin mənalılıqdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib.

Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Atası gözəl saz ifaçısı kimi tanınıb. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb. Onun 6 yaşı olarkən anası Məhbub xanım vəfat edib. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım Molla Pənah Vaqifin nəslindən idi.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qazaxda Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini təşkil edib. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olub. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat edib. Səməd Vurğun 1924-cü ildə seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncə məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib.

Səməd Vurğun gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olub. Hələ təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olub. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edib.