Küçə uşaqlarının haram çörəyi


Siyasət 21 Mar 2018 11:00:00 299 0

Küçə uşaqlarının haram çörəyi

Orduxan Bəbirov, Məhəmməd Mirzəli, Tural Sadıqlı... Bu adamlar və onların "düşərgəsi"nə mənsub olduqlarını qürurla, şəstlə, hətta coşqu və bəlağətlə vurğulayanlar kimdir? Onlar nə istəyirlər, nəyə və kimə qulluq edirlər, məramları nədir?

Suallar çoxdur, çünki sosial şəbəkələrin "qəhrəman"larına çevrildiklərini zənn edən, bəziləri küyə düşən, əksəriyyəti isə nəyi niyə etdiyini əla bilən həmin adamların davranışları müəyyən mənada maraqlıdır.

Onları "anti-Azərbaycan qüvvə" adlandırmağa da dəyməz. Əvvəla, Azərbaycana qarşı olan, yəni ölkəmizə və millətimizə "anti" sayılacaq hansısa qüvvə güclü, məkrli olmalıdır. Güc və məkr isə bütün hallarda ağılı, siyasi bacarığı, təhlil qabiliyyətini ehtiva edir.

Özlərinə "lider" qismində Orduxan Bəbirovu gördükləri üçün qısaca "orduxanlar" adlandıra biləcəyimiz qrupda isə zərrə qədər təhlil bacarığı yoxdur.

Onlar ən yaxşı halda siyasi mübarizənin həyadan kənar, isterik növünü seçmiş marginal adamlardır.

Məntiqlərinə baxın: "Hakimiyyət bizi söyürsə, biz də söyürük", "Hakimiyyətə görə buradayıq", "Azərbaycanda insan haqları pozulur" və bla-bla-bla...

İnsanla dövləti, dövlətlə vətəndaşı, vətəndaşla da hadisəni qarışdıran, nə istədiklərini dəqiq bilməyən - "Azərbaycanda hakimiyyətin dəyişməsinə çalırışıq" desələr də - ciddi davranış və qavrama problemləri olan kəslərdir.

Psixologiyada belələrini "aqressiv hedonistlər" adlandırırlar: onlar qarşı tərəflə ünsiyyətdə "ən yaxşı müdafiə hücumdur" düşüncəsini ən əlverişli variant sayır, söyəndə və ən başlıcası, söyüləndə həzz alırlar. Fərz edirlər ki, əgər qarşı tərəf bütün mənəvi-etik normalara sonadək riayət etsə də, axırda səbr kasası daşırsa və tərəf-müqabilinə layiq olduğu sözləri ünvanlayırsa, deməli, uduzur.

Orduxan Bəbirov və "komandası"nın sosial şəbəkələrdəki paylaşımlarına, videolarına, yazdıqlarına, şərhlərinə, müraciətlərinə diqqətlə baxın.

Onlar Qərbi Avropaya sığınıblar. Hollandiyada, Fransada, Almaniyada, Belçikada və s. ölkələrdə yaşayırlar. Daha doğrusu, ömür sürürlər. Nədən ki, yerli əhalinin əxlaqını, mədəniyyətini hələ də əxz edə bilməyiblər.

Avropa mədəniyyəti isə deyir: təhqir zəiflərin, böhtan savadsızların və aqressiv insanların, şər isə yalançıların silahıdır.

Amsterdamda məskunlaşan, həyat yoldaşı holland olan Orduxan Bəbirov böyük amallar uğrunda mübarizə apardığını gündə bir neçə dəfə vurğulasa da, o, siyasətçi, ictimai fəal deyil. Ən yaxşı halda isterik bloqerdir və belələrinə sosial şəbəkələrdə çox rast gəlmək mümkündür.

Müxalifət qüvvəsi də sayıla bilməz, çünki siyasətdə təhqir və şərlə, böhtan və qarayaxma ilə qarşı tərəfə "hücum"lar mübarizə vasitəsi yox, məğlubiyyətə aparan nəsnələr hesab olunur.

Bu, aksiomdur: "orduxanlar" dərk edə bilməsələr də.

Onlar marionetlərdir və idarə olunurlar. İdarə edənlər isə bu lümpenləri Avropa şəhərlərinin küçələrinə salaraq guya "anti-diktatura aksiyaları" keçirir, öz aləmlərində Azərbaycana və ölkə hakimiyyətinə "meydan" oxuyurlar Meydan TV-nin texniki və təşkilati dəstəyi ilə.

"Aksiya" da iştirakçıların kimliyini, onların səviyyəsini, düşüncə qabiliyyətini və ən mühümü, potensialını tam çılpaqlığı ilə ortaya qoyur.

Zibil qutularına, avtobus dayanacaqlarına, piyada keçidlərindəki dayaqlara, tumbalara və dirəklərə vərəqlər yapışdırmaq, yaxud da noutbuk və ya smartfonun kamerası qarşısında boğazı arıtlayandan sonra "Mənim gözəl xalqım!" ifadələri ilə müraciətlərə başlamaqdır siyasi mübarizə?

Belədirsə, onda Amsterdamdakı neonasistlər, Parisdəki kloşarlar, Almaniyanın vağzallarında alüminium qutular yığanlar həmin ölkələrin ən effektiv siyasi bloqerləri sayılmalıdır.

Amma belə deyil və ola da bilməz. Hollandlar, almanlar, belçikalılar, fransızlar üçün siyasət dəqiq bölgüyə malikdir. O bölgünün bir tərəfində real siyasi qüvvələr, ciddi siyasətçilər, həmçinin siyasi bloqerlər, digər tərəfində, daha doğrusu, dibdə isə sosial şəbəkələrdə isteriyaya qapılan, söyən və söyülməyi "Gördünüz, çatlayırlar, sözlərim onlara yer edir!" deyib özlərinə, mikrob təfəkkürlərinə, minusda olan intellekt rüşeyminə aşiq olanlar var.

Tanınmış avropalı psixoloqlar bəhs etdiyimiz aqressiv, siyasətdə debüt etməyə can atan və özlərini "vətən, millət təəssübkeşləri", ələlxüsus da "rejimlə mübarizə aparan və xalqın dəstəyini qazanan" kəslər kimi göstərənləri çoxdan tədqiq edərək siniflərə, fəsilələrə, növlərə bölüblər.

Sonuclar maraqlıdır.

Belə ki, təşqirlərə və böhtanlara, xüsusilə də mənəvi-psixi baxımdan tam səbatlı olmayanların dediklərinə reaksiyanın 7 növü var:

1. Əks-təhqirə keçmək

2. Situasiyanı yaradanı ələ salmaq

3. Təhqir edənin kimliyini göstərmək

4. Sözlərə yox, niyyətə cavab vermək

5. Soyuqqanlı davranmaq

6. Ümumiyyətlə, cavab verməmək.

7. Qanuni yollardan istifadə etmək

"Orduxan"lara qarşı qanuni yolllardan istifadə etmək olar, sözsüz. Hətta Azərbaycan hakimiyyətinə qarşı təhqiredici və aşağılayıcı, etikadan və əxlaqdan çox kənar ifadələr səsləndirən bu "bloqer" mühacirlərin Azərbaycana gətirilməsini həmin şəxslərin olduğu ölkələrin hüquq mühafizə orqanları ilə müzakirə etmək də olar.

Prosedur çox bəsitdir: isterik mühacirlərin yaşadıqları dövlətlərdə ekstradisiya, ümumiyyətlə, nəzərdən keçirdiyimiz olaylarla bağlı situsiyaların şamil edilə biləcəyi qarşılışlı razılaşma varsa, Azərbaycanda cinayət işi qaldırılıb, sənədlər həmin ölkələrə göndərilə bilər. Bunun üçünsə üzdəniraq mühacir "bloqer"lərin yaşadıqları ölkələrin müvafiq təşkilatlarına "ey mənim gözəl xalqım!"la başlanan çıxışlarda məhz təhqir və mövcud hakimiyyətin devrilməsiən çağırışların konkret sübutlarının yer aldığı müraciətlər yollanmalıdır. Yalnız bundan sonra təhqirə yol verən şəxslərin ölkə gətirilməsini  və istintaqa ifadə verməsini tələb edə bilərik.

Belədə isə sosial şəbəkələrdəki çıxışlarına görə onlara qarşı hüquqi müstəvidə hər hansı tədbirlərin görülməsi üçün mexanizmlər zəifdir.

Ən yaxşı halda onları yaşadıqları ölkədə 200-300 avro məbləğində cərimə gözləyə bilər.

"Orduxanlar" tənqidlə məşğul olduqlarını, tənqidə görə hansısa hüquqi məsuliyyətin olmadığını deyirlər.

Və yalan danışırlar. Çünki onların lüğəti tənqid yox, təhqirdir.

"Orduxanlar"a onların leksikonunda cavab verməyə dəyməz, çünki belədə onların səviyyəsinə enməklə yanaşı, opponentin sərsəmləmələrinin effekt yaratdığını göstərmiş olarıq.

Uuntmayaq ki, istənilən təhqirin məzmununda qapalı məqsəd var. O məqsədi üzə çıxarmaq, "mühacir"lərin niyyətlərini aşkarlamaq gərəkdir.

"Orduxanlar" faktiki olaraq internet-trollardır və onlar Azərbaycanın trollinqi ilə məşğuldur.

Bizlərsə Katon deyilik. Qədim Romada yaşamış siyasətçi Katon əllərini yuyanda onu birisi təhqir etmiş, Katon da ona fikir verməmişdi. Ertəsi gün tərbiyəsiz adam üzr istəməyə gələndə Katon demişdi: "Siz kimsiniz?! Sizi xatırlamıram".

Yəni Katon demək istəmişdi ki, nəinki üzrxahlıq gözləmir, hətta o insanı hədsiz dərəcədə cılız saydığından dediklərinə də fikir vermir.

Orduxan Bəbirov iş adamı olduğunu, yetərincə pul qazandığını, kimsəyə maliyyə hesabı vermək məcburiyyətində olmadığını və "mübarizə"si üçün də kimsədən pul almadığını deyir.

Saxtakarlıq, yalan və gerçəyi gizlətmək üçün primitiv cəhdlərdir.

"Mühacir bloqer"lərin son aylarda qəflətən fəallaşması, bir-birlərinə sıx əlaqələndirilmiş şəbəkə formatında təmaslarda olmaları, eyni platformadan çıxış etmələri, "kimsədən pul almırıq" demələri də absurddur.

Biri restoranda qabyuyan, biri xidmətçi, o biri adi menecer işləyən adamlar şəbəkələnmiş fəaliyyəti öz ciblərindən maliyyələşdirmirlər, əsla.

Onları Azərbaycanda prezident seçkilərinə hazırlıq mərhələsində ortaya atmışdılar ki, müxalifətə "dəstək" olsunlar.

Lakin Azərbaycanın radikal müxalifəti seçkiləri boykot etdiyi üçün indi "orduxan"ların sifarişçiləri hədəf qismində hakimiyyəti, dövləti seçiblər.

Dövlət barədə düşündüklərini deyərək əsl niyyətlərini pərdələməyə çalışsalar da.

"Orduxan"lar aksiyalarını iaşə obyektlərində, avtobus dayanacaqlarında, ayaqyollarında keçirirlər. Əslində, belə də olmalıdır və təəccüblü heç nə yoxdur.

Siyasəti rüşeym səviyyəsində anlayanların "aksiya"ları opera və teatr binalarında, muzeylərdə, siyasi partiyaların ofislərində reallaşsaydı, heyrət yaradırdı.

Axı hər kəs alışdığı, özünü rahat hiss etdiyi, ona doğma məkanı seçir.

...1974-cü ildə, Jorj Pompidunun ölümündən sonra Fransa prezidenti seçilmiş Valeri Jiskar D-Esten axşam saatlarında Parisin mərkəzi küçələrindən birinə yığışaraq onu təhqir edənləri "haram çörəyi bölən küçə uşaqları" adlandırmış və demişdi: "Onlar küçələrin doğduğu, küçələrin təfəkkürünü daşıyan adamlardır və şorba ilə yedikləri çörək əslində mənəviyyatdan uzaq, əxlaqdan kənar əməllərlə alınır".

"Orduxan"larsa Qavroş deyillər - küçələri "mübarizə" vasitəsi seçsələr də.

Qavroşda amal, məfkurə vardı.

Orxan Hun Son.az