Azərbaycanın "Appa"sı, "Zırzır"ı və "Ninisi" danışdılar


Digərləri 20 Mar 2018 22:36:00 238 0

Azərbaycanın "Appa"sı, "Zırzır"ı və "Ninisi" danışdılar

"İndi restoranlarda çox qrimlənmiş, rəngli parik taxmış, böyük cibləri olan klounlar mövcuddur. O ciblər isə "şirinlik" yığmaq üçün lazımdır"

Klounluq dünyaca məşhur sənət növüdür. Azərbaycanda bu sənət növünü 90-cı illərdən başlayaraq məşhur klounlar "Appa", "Ninni", "Zır-zır" bütün yaş təbəqələrinə sevdirə bildilər. Pantomima Teatrının keçmiş aktyorları, məşhur üçlük Qurban Məsimov, Elman Rəfiyev və Pərviz Məmmədrzayev bu personajlara "can" verərək Azərbaycan səhnəsinə kloun sənətini gətirməyi bacardılar.

Təəssüflər olsun ki, bir neçə ildən sonra aktyorlar səhnəmizdə fəaliyyətlərini davam etdirsələr də, bu personajları "öldürmək" qərarına gəldilər. Yalnız Elman Rəfiyev hal-hazırda "Ninni" obrazında "Ora-bura" pantomima tamaşasında rol alır.

Maraqlıdır ki, məşhur üçlükdən sonra bu sənəti peşəkar şəkildə davam etdirən aktyorlar yoxdur. Sadəcə bəziləri üzünü qrimləyib uşaq şənliklərində klounluq edirlər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Appa", "Ninni", "Zır-zır" kimi yaddaşlarda qalan aktyorlar danışıblar. Klounluq sənətinin hazırkı vəziyyəti ilə bağlı danışıblar.

"Appa"nı canlandıran Qurban Məsimov bildirib ki, Pantomimadan çıxandan sonra rejissorluq etdiyi üçün kloun kimi fəaliyyətini dondurub. Ancaq lazım olan məqamlarda Azərbaycanı dünya teatr səhnəsində kloun kimi təmsil edir.

Aktyor-rejissorun sözlərinə görə, "Klounluq sənətdir və bu sənəti yaşatmaq üçün insan psixologiyasına bələd olmaq lazımdır", - deyən Q.Məsimov indiki klounlardan da danışıb: "İndiki özlərini kloun adlandıranlar bəzən uşaqlar və böyüklərlə çox şit zarafatlar edirlər. Bu da doğru deyil. İnsanları əyləndirmək lazımdır, amma şit zarafatlar etmək olmaz. Teatr səhnəsi ilə restoranda işləmək tam fərqlidir. Bu, məharət tələb edir".

"İndiki vəziyyətdə peşəkar klounlar yoxdur. Restoranlar pula qənaət etmək məqsədilə öz ofisiantlarının birindən xahiş edir ki, bir neçə saatlıq kloun olsunlar. Belə olan halda, hansı peşəkarlıqdan söhbət gedə bilər?", - deyə o əlavə edib.

Aktyor düşünür ki, indiki klounları sənət yox, ancaq qazanc maraqlandırır: "Bəzən klounlar üzlərinə çox qrim edirlər. Soruşanda ki, niyə belə edirsən? Deyir ki, istəmirəm məni tanısınlar. Bəziləri kloun olmaqdan utanırlar. İndi restoranlarda çox qrimlənmiş, rəngli parik taxmış, böyük cibləri olan klounlar mövcuddur. O ciblər isə "şirinlik" yığmaq üçün lazımdır. Onlar da sənət göstərməklə yox, restorana gələn insanlardan pul qoparmaqla məşğuldurlar".

Məsimovun fikrincə, belə klounlar da lazımdır: "Bir sözlə, kimin yaradıcılığı nəyə çatırsa, onunla da məşğul olur".

"Nini" obrazını canlandıran Elman Rəfiyev isə deyir ki, Azərbaycanda ilk kloun obrazını onlar canlandırıblar: "2005-ci ilə kimi restoranlarda, ad günlərində iştirak etmişik. 2005-ci ildən isə klounların sayı artmağa başladı. Biz də qərara aldıq ki, restoranlarda çıxışlarımıza son qoyaq".

E.Rəfiyev teatrda, səhnədə hələ də kloun obrazını qoruyub saxladıqlarını vurğulayıb. Bildirib ki: "Nini" "Ora-bura" tamaşasında bu gün də oynayır.