İslamda ataanaya itaət


Digərləri 20 Mar 2018 21:10:00 333 0

İslamda ataanaya itaət

Hər bir insanın dünyaya gəlməsində, inkişaf edib yetişməsində, həyata hazırlanmasında ailənin əhəmiyyəti düşünüldüyündən daha çoxdur. Ailə, insan övladının həyatda qalmasını təmin edir, nəslin davam etməsinə xidmət edir. Lakin insan üçün ailənin əhəmiyyəti nə qədər böyükdürsə, ailə üçün də sevgi və hörmət şəraitinin əhəmiyyəti o qədər böyükdür.

Çünki sevgi və hörmətin olmadığı şəraitdə ailənin varlığını qoruya bilməsi mümkün deyildir. Belə bir sevgi şəraitini yaratmaq üçün ailə daxilində ərlə arvadın bir-biri qarşısında, ata-ananın övladı qarşısında və övladın ata-anası qarşısında yerinə yetirməli olduğu vəzifə borcları vardır. İslam sevgi və şəfqət dolu bir ailənin mövcud olması üçün övladın ata-ana qarşısındakı vəzifələri üzərində xüsusilə durur. Çünki ata və ana insanın yer üzərindəki varlıq səbəbidir. Valideynin övladına bəslədiyi sevgi və şəfqət hisslərini heç bir sözlə ifadə etmək olmaz. Sadəcə onu qeyd edə bilərik ki, əgər valideynin övlad yetişdirərkən göstərdiyi fədakarlıqlar olmasa heç bir uşaq yetişməz və nəticədə bəşəriyyət yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qala bilər. İnsanın yaxşı bir təhsil alması və gözəl bir tərbiyə görməsi kimi mövzulardan söhbət gedəndə isə, valideynin övladın yetişməsindəki rolunun heç bir təşkilatla (uşaq evi, internat və s.) müqayisə olunmayacaq dərəcədə böyük olduğunun şahidi olarıq. Ona görə də, hər bir insan ata-anasına qarşı yerinə yetirməli olduğu borclarını yaxşı bilməli və onları ustalıqla yerinə yetirməlidir. İnsanın ata-anasına qarşı yerinə yetirməli olduğu borclar Qurani-Kərimdə belə dilə gətirilir: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlar yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdə (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de (İsra 23-24). Allaha itaətdən sonra valideynə yaxşılığı əmr edən bu ayədən sonra öz valideynlərini müxtəlif bəhanələrlə qocalar evinə qoyan övladların da olduğunu düşünəndə həqiqətən də bu cür insanların dindən və əxlaqi dəyərlərdən nə qədər uzaq olduğunu başa düşürük. Əgər uzaq olmasaydılar Allahın onlara tövsiyə edərək tapşırdığı valideyninə qarşı bu cür amansız davranmazdılar: "Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) "Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!" (Loğman 14-15). Qurani-Kərimdə Allaha iman gətirdikdən dərhal sonra insanları ata-ana ilə xoş davranmağa çağıran bu cür ayələr çoxdur. Peyğəmbərimiz də kiçiklərə mərhəmət etməyi, böyüklərə hörmət göstərməyi ümumi bir əxlaq prinsipi halına gətirmişdir. Necə ki bir hədisdə də Hz. Peyğəmbər bu əxlaq prinsipinə işıq tutaraq belə buyunrmuşdur: "Kiçiyimizə hörmət göstərməyən, böyüyümüzün haqqını gözləməyən bizdən deyildir". Ata-anaya itaət bütün əməllərdən üstündür Son.az islam.az-a istinadən bildirir ki, bir şeyi qeyd etmək lazımdır ki, öz yaşlı ata-anasına baxan övlad bunun onun üçün bir nemət olduğunu anlamalıdır. Hz. Peyğəmbər bir hədisində ata-anasının yaşlı vaxtına təsadüf etmiş, amma cənnəti qazana bilməmiş şəxsi məzəmmət etmişdir. Çünki belə bir insan üçün artıq cənnəti qazanmaq, cəhənnəmdən xilas olmaq üçün bir vəsilə vardır. Belə bir insan bütün sədəqələrinə, yaxşılıqlarına öz evindən başlamalı, bütün yaxşılıqlarının başında ata-anasına xidmət gəlməlidir. İnsanın gələcək aqibəti bundan asılı olacaqdır. Buna misal olaraq bir hədisi qeyd etmək olar: Belə ki, bir dəfə Hz. Peyğəmbərə "Ata-ananın uşaqları üzərindəki haqqı nədir?" deyə sual verilmiş, cavabında tisə Hz. Peyğəmbər belə buyurmuşdur: "Onlar sənin ya cənnətin, ya da cəhənnəmindir". Ata-ananın belə yüksək bir mövqeyə malik oduğunu bildirən Hz. Peyğəmbər hər bir işdə, hətta Allah yolunda vuruşmağa gedərkən belə onların razılığını almağı tövsiyə etmişdir. Bir gün Yəmən xalqnından bir nəfər hər şeyini tərk edərək Allah yolunda vuruşmaq üçün Rəsulullahın yanına gəlir. Rəsulullahın "Yəməndə kiminsə varmı?" sualına həmin adam "Bəli, atam, anam var" deyir. Hz. Peyğəmbər bu dəfə də ondan "Onların icazəsini almısanmı?" deyə soruşur, "xeyr" cavabını alanda belə buyurur: "Elə isə onların yanına qayıt və onlardan döyüşmək üçün icazə al, əgər icazə versələr döyüş, verməsələr onlara xidmət et". Buna oxşar başqa bir hədisdə isə rəvayət olunur ki, bir gün bir nəfər Hz. Peyğəmbərin yanına gələrək "Mən Allah yolunda döyüşmək istəyirəm, amma buna gücüm çatmır" deyir. Hz. Peyğəmbər ondan "Ana və atandan hansısa sağdırmı?" deyə soruşur. Həmin adam "anam var" cavabını verəndə Aləmlərə rəhmət olaraq göndərilmiş böyük peyğəmbər belə buyurur: "Ona xidmət etməklə Allahın hüzuruna çıx. Bunu etsən həm həcc, həm ümrə etmiş, həm də mücahid (cihad edən) olmuş olarsan". Ata-anaya asi olmaq böyük günahdır Dinimizdə ata-anaya qarşı xoş davranmaq, onların xeyir duasını almaq nə qədər gözəl bir əməldirsə, onlara qarşı çıxmaq, onlarla sərt davranmaq da bir o qədər pis davranışdır. Hz. Peyğəmbərin "Allahın rizası atanın rizasında, Allahın qəzəbi atanın qəzəbindədir" hədisi bu mövzuda çox əhəmiyyətlidir. Atanın rizasını Allahın rizası ilə, hirsini isə Allahın qəzəbi ilə bir tutan Rəsulullah, analara isə daha yüksək mərtəbə vermişdir: "Cənnət anaların ayaqları altındadır".  Bu mövzuda hədis kitablarında keçən başqa bir hədisdə isə buyurulur ki, Rəsulullah bir dəfə ətrafındakılara "Sizə böyük günahların ən böyüyünü bildirimmi?" deyə bir sual vermiş, ətrafındakıların "bəli" demələrindən sonra belə buyurmuşdur: "Bunlar Uca Allaha ortaq qoşmaq, ata-ananın üzünə qayıtmaq və yalan söyləməkdir". Valideynin qohumlarına yaxşılıq valideynə yaxşılıqdır Əgər kimsə sağlığında ata-anasının qədrini bilməmiş və ya onları tez itirmişsə böyük bir fürsəti əldən buraxdım deyə üzülməməlidir. Çünki dinimizə görə valideynin qohumlarına və dostlarına edilən yaxşılıq elə valideynin özünə olan yaxşılıq kimi dəyərləndirilməlidir. Bir hədisdə buyurulur ki, bir gün bir nəfər Hz. Peyğəmbərin yanına gələrək "Ya Rəsulullah, kimə yaxşılıq edim?" deyə soruşmuş, cavabında isə Hz. Peyğəmbər belə buyurmuşdur: "Anana, atana, bacına, qardaşına, bunlardan sonra gələn yaxınlarına və ziyarət etməli olduğun şəxslərə". Başqa bir hədisdə də belə buyurulur: "Yaxşılıqların ən yaxşısı, insanın atasının yerini tutduqdan sonra atasının dostları ilə münasibətlərini davam etdirməsidir" Deməli, insan yalnız ata-anasına xoş davranmaqla kifayətlənməməli, istər onların sağlığında, istərsə onların vəfatından sonra bütün qohumları ilə münasibətlərini saxlamalı, bütün sədəqələrində, bütün yaxşılıqlarında əvvəlcə öz yaxınlarından başlamalıdır. Nəticə olaraq hər bir insan bilməlidir ki, bu həyatda etdiyimiz hər bir şey bir gün qarşımıza çıxa bilər. Əgər bu dünyada olmasa da axirət həyatında etdiyimiz hər bir əməlin əvəzini alacağıq. Bu gün öz valideynlərini müxtəlif bəhanələrlə qocalar evinə qoyan övlad bilməlidir ki, sabah eyni bəhanələrlə öz övladı tərəfindən oraya atıla bilər. Əgər övladlarımızın bizim üzümüzə ağ olmasını istəmiriksə, biz də öz böyüklərimizin üzünə ağ olmamalıyıq. Hər halda Hz Peyğəmbərin bu mövzuda buyurduğu tövsiyə hamımıza aiddir: "Ana və atanıza yaxşılıq edcin ki, uşaqlarınız da sizə itaət etsin və hörmət göstərsin".