Kainat və insan


Digərləri 20 Mar 2018 20:40:00 303 0

Kainat və insan

Kainatı yoxdan yaradan Allahın varlığı bugünkü elm və texnologiya reallığının qarşısında inkaredilməz bir həqiqətdir. Həqiqətən də, elm inkişaf etdikcə başqa dinlər sarsılıb bu ortaya çıxan yeniliklərlə uzlaşa bilmədiyi halda, İslam dini elmə qucaq açır və müasir elmin ortaya çıxardığı heç bir yeniliklə təzad təşkil etmir.

Əziz müsəlmanlar! Allahın varlığını isbat etmək, inkarçıları susdurmaq üçün elm adamları tərəfindən müxtəlif dövrlərdə müxtəlif dəlillər irəli sürülmüşdür. Kimisi kainatın varlığına, kimisi maddənin hərəkət və deformasiyasına, kimisi də kainatın nizamına və hər şeyin bir məqsəd üçün yaradılmış olduğuna diqqət çəkərək Allahın varlığını və birliyini isbat etməyə çalışmışlar. Əgər Qurani-Kərimə nəzər salsaq görərik ki, onlarla yerdə Uca Allah bizi ətrafımıza, kainata nəzər salmağa çağırır, yer üzünü gəzib dolaşmağa, gördüklərimiz haqqında düşünməyə təşviq edir. Çünki bütün bunlarda Allahın varlığına açıq-aşkar dəlillər mövcuddur. "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır" (Bəqərə, 164). Hörmətli möminlər! Həqiqətən də, əgər biz vaxtında lazımi diqqəti göstərərək bu ayələrin mənaları üzərində düşünsəydik, hər şeydə Allahın əlamətlərini sezər, hətta kainatın sirlərinə başqalarından daha əvvəl yiyələnmiş olardıq. Çünki bir çox təbiət qanunları (məsələn, cazibə qanunu, nisbilik nəzəriyyəsi, kainatın genişlənməsi nəzəriyyəsi) ortaya çıxdıqdan sonra sanki qəflət yuxusundan ayılmış kimi, Quranda bunlara olan açıq işarələri görməyə başlamışıq. Halbuki, Qurani-Kərim bizi bu işə təşviq edərək ətraf aləmlə tanış olmağa çağırır: "Göyün necə ucaldılmasına, dağların necə dikəldilməsinə və yerin necə döşədildiyinə baxmırlarmı?" (Ğaşiyə, 18-20); "Bəs əkdiyiniz toxuma nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?" (Vaqiə, 63-64); "Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz? Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükür etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan yolçuların faydalanması üçün yaratdıq. Belə olduqda sən ulu Rəbbinin adını müqəddəs tutub zikr et!" (Vaqiə, 68-74). Əziz müsəlmanlar! Son.az islam.az-a istinadən bildirir ki, bu gün bir çoxlarının etdiyi kimi, sadəcə bir küncə çəkilərək dini yaşamaq, dünya ilə əlaqələri kəsmək dinimizin tövsiyəsi deyil. Əksinə, dinimiz müsəlmanları elmə, araşdırmağa, tədqiq etməyə həvəsləndirərək kainatın əfəndisi olan müsəlmanları bu dünyadan daha da bəhrələnməyə dəvət edir. Çünki dinimizin məqsədi iki dünya səadətini təmin etməkdir. Həqiqi firavanlıq və səadəti tapanlar isə, göy və yerdəki misilsiz sənəti görənlər, mülkün sahibini, əsərləri ilə dərk edərək könül rahatlığına çatanlardır.