Bu axşam falınıza baxmağı unutmayın –


Digərləri 20 Mar 2018 19:42:00 240 0

Bu axşam falınıza baxmağı unutmayın –

Novruz bayramının ən maraqlı adətlərindən biri də çərşənbələrdə fala baxmaqdır. Əsrlərlə xalqın inanclarından süzülüb gələn müxtəlif fallar indi də icra edilir. Xüsusilə də subay qızların həyata keçirdiyi bu falabaxmalar olduqca rəngarəngdir.

Son.az lent.az-a istinadən maraqlı ilaxır çərşənbədə baxılan Novruz fallarını təqdim edir.

Duzlu kökə falı

Bayram günlərində qızlar, gəlinlər "duzlu kökə" bişirirlər. Duzlu kökə formaca balaca, yumru qalac çörəyini xatırladır (çəkisi təxminən 50 qr olur). Yatmazdan qabaq qızlar duzlu kökəni yeyirlər, lakin su içmirlər. Xalq arasında deyirlər ki, həmin günü yuxuda qıza su verən oğlan onun nişanlısı olacaq.

Səməni şirəsi falı

Qaynadıqdan sonra soyudulan səməni şirəsinin dadına baxanda həmin şirə şirin olarsa, deməli, arzun yerinə yetəcək, acıtəhər olarsa, arzun yerinə yetməyəcək. (Acılıq ondan əmələ gəlir ki, güclü odun üstünə qoyulmuş səməni bəzən yanır).

Un falı

Evdə səməni olan xonçanın yanında mütləq bir qabın içində un qoyurlar. Müxtəlif oyunlardan, rəqslərdən və mahnı oxuduqdan sonra bərk yorulmuş qadınlar və qızlar səhərə yaxın yatırlar. Səhər yuxudan oyananda qabda qoyulmuş una baxırlar. Un olan qabın ortasında əl pəncəsini xatırladan fiqur və ya çuxur varsa, bu, yaxşı əlamətdir. Qızlar səməninin ətrafında oynayır, rəqs edir və oxuyaraq xahiş edirlər ki, səməni onları müxtəlif bəlalardan hifz etsin

Qulaq falı

Xalq arasında belə dəb var ki, ilaxır çərşənbədə qulaq falına çıxırlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, arzusu bu il yerinə yetəcək, amma ürək açmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək.

Açar falı

Açar falında isə hər kəs niyyət edib bir açar, ya sancağı ayağının altına qoyur, bəziləri isə yaxalarına iynə taxır, dörd yolun ayrımında və ya qapı dalında pusquda durur, danışılan sözlərə qulaq asırlar. Eşidilən sözləri ürəyində olan arzu və niyyətlərinə görə yozurlar. Ümumiyyətlə, hər kəs bu adətdən xəbərdar olduğu üçün çalışır danışdıqları sözlər xoş və sevindirici olsun.

İynə falı

Axırıncı çərşənbə axşamı bulaqdan, yaxud çaydan sudan "lal su" gətirilir. Buna ona görə "lal su" deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənə kimi dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər. Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən ehtiyatla suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. İynə suyun dibinə çökürsə, deməli, su "lal su" deyil. Su gətirən adam üstündə danışıb. O, heç olmasa, "a" deyə səs çıxarıb.