Azərbaycanın Almaniyadakı səfirliyi prezident seçkilərinin keçirilməsinə hazırdır


Siyasət 20 Mar 2018 17:13:00 253 0

Azərbaycanın Almaniyadakı səfirliyi prezident seçkilərinin keçirilməsinə hazırdır

Aprel ayının 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının səs verməsinin təmin edilməsi məqsədilə ölkəmizin Berlindəki səfirliyi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfirlikdə konsulluq qeydiyyatında olan və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarının adları seçici siyahısına daxil edilib, həmin siyahı təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Müvafiq seçki dairəsi üzrə səfirlikdə seçki məntəqəsi yaradılıb, məntəqə seçki komissiyasının iclası keçirilərək komissiyanın üzvləri, həmçinin sədri və katibləri müəyyən olunub.

Almaniyada yaşayan, seçici siyahısına daxil edilmiş vətəndaşlarımız seçkilərdə iştirak etməyə dəvət olunublar. Bununla yanaşı, səsvermə günü Almaniyada ezamiyyətdə olacaq Azərbaycan vətəndaşları da səfirliyə gələrək səsvermədə iştirak edə biləcəklər.