Hamiləlik zamanı USM


Digərləri 20 Mar 2018 16:50:00 295 0

Hamiləlik zamanı USM

Ultrasəs müayinəsi (USM) - hamiləliyin gedişinə nəzarət edilməsi üçün ən çox məlumat verə biləcək müayinə üsuludur. Məhz USM-in köməyilə hamiləliyin gedişi, dölün vəziyyəti barədə məlumat almaq olur.

Bu isə bir çox pozulmaları vaxtında aşkar edərək müvafiq tədbirlər görməyə imkan verir. Qadınlar hamiləlik dövründə USM-dən keçməkdən qorxmamalıdırlar. Bu barədə çox danışılsa da, ultrasəs müayinəsinin dölə mənfi təsir etməsi barədə ciddi sübutlar aşkar edilməmişdir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, hamiləliyin müddəti ərzində ən azı 3-4 dəfə ultrasəs müayinəsindən keçmək lazımdır. Bu, hətta ideal şəkildə normal keçən hamiləlik üçün də ən minimal say hesab olunur.

İlk ultasəs müayinəsi hamiləliyin 5-6-cı həftəliyində olan dövrdə aparılmalıdır. Bu, dölün uşaqlığın daxilində olmasına əmin olmaq və bununla da uşaqlıqdan kənar hamiləliyi istisna etmək üçün tələb olunur. Hamiləliyin bu dövründə aparılan ultrasəs müayinəsi əksər hallarda vaginal (uşaqlıq yolundan) üsulu ilə aparılır: rüşeym yumurtasının ölçüləri çox kiçik olduğu üçün ultrasəs aparatı ilə onu qarın boşluğunun ön divarından görmək olmur. Narahat olmayın, bu təhlükəli deyil və hamiləliyin pozulmasına səbəb ola bilməz.

Ultrasəs müayinəsi 2-ci dəfə hamiləliyin 10-11-ci həftələrində aparılır. Bu, uşağın inkişafında mümkün ola biləcək ağır anomaliyaların aşkar edilməsi məqsədi ilə aparılır. Digər tərəfdən, məhz bu dövrdə hamiləliyin müddətini daha dəqiqliklə müəyyən etmək, həmçinin həmin dövrə qədər dölün, artıq formalaşmış olan ürək fəaliyyətinə nəzarət etmək də mümkün olur.