Xoşbəxtliyin bəzi sirrləri


Digərləri 20 Mar 2018 15:45:00 305 0

Xoşbəxtliyin bəzi sirrləri

Sevimli Peyğəmbərimiz (s) buyurur ki, dünya və axirətdə heç bir şey evlənmədən daha ləzzətli ola bilməz. İnsan ailə qurmaqla həm Allah dərgahına yaxınlaşıb savab qazanır, həm də bir sıra günahlardan qorunur. Psixoloqlar ailəni insanın düzgün, doğru tərbiyəsi üçün ən dəyərli məktəblərdən hesab etmişlər. Kiçik cəmiyyət adlanan, əslində isə cəmiyyətin önəmli sütunlarından sayılan ailəni qorumaq üçün son dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, elmli, alicənab, ağıllı və ən əsası səbirli olmağımız vacibdir.

Xoşbəxtlik insanın öz əlindədir. Əgər ailə quran şəxs bu müqəddəs ocağın bünövrəsini möhkəm qoyarsa, cəmiyyətdə də birlik möhkəm olacaq və inşallah, gələcəkdə o insan ciddi problemlərlə qarşılaşmayacaqdır. Ailə qurarkən yalnız hisslərə deyil, sevgi başda olmaqla, hörmətə, mədəniyyətə, anlayış və vəfadarlığa da önəm verilməlidir. Əks təqdirdə evlilər arasındakı zəncirlər qırılar və ya bu "ailə"nin yaşayış tərzi ibtidai icma qurluşundakı qəbilələrdən heç nə ilə fərqlənməz. Odur ki, ailə quran şəxslər ilk növbədə öz psixoloci uyğunlaşmalarının qayğısına qalmalıdırlar. Psixoloci uyğunlaşma isə hər şeydən əvvəl müxtəlif tərbiyə almış və müxtəlif mikromühitlərdə formalaşmış xarakterlərin uzlaşmasıdır. Unutmamalıyıq ki, söz-söhbətsiz, problemsiz ailə həyatı yoxdur. Ən xoşbəxt ailələrdə belə istər maddi, istər mənəvi çətinliklər, bəzi anlaşılmazlıqlar olub. Sağlam düşüncəli şəxs bu kimi çətinliklər qarşısında aciz qalmamalı, xoşbəxt gələcəyi üçün mübarizə aparmalıdır.  Həyat yoldaşı ilə yaxşı rəftar etmək ailə mühitində ruhən aramlıq yaradar. Bu davranış nəticəsində nəinki ər-arvad arasında mehribançılıq olar, eyni zamanda onlar bu hərəkətlərinin savabını mütləq axirətdə alarlar. İslam peyğəmbəri (s) buyurur: "Sizlərin ən yaxşısı və ən imtiyazlısı odur ki, öz həyat yoldaşı ilə daha mehriban olsun". Və yaxud əksinə, əgər ər-arvad həyatlarındakı nöqsanlara dözməyib, bilərəkdən bir-birinə əziyyət verərlərsə, ömürlərini ibadətlə keçirmələrinə baxmayaraq Allah həmin bəndələrinin ibadətini qəbul etməz.  Bütün bu anlaşılmazlıqlar sonunda boşanma ilə nəticələnir ki, bu da hər iki tərəfə, xüsusən də uşaqlara mənfi təsirini göstərir. Əhli-Beytdən gələn hədisə görə, boşanma əqdi oxunanda Allah-Təalanın ərşi titrəyir. Tanrının qəzəbinə düçar olub, günah qazanmamaq üçün bu "mikro dövlət"in təməlini sağlam qurmalıyıq. Hər kəsin ailəsi onun kiçik bir dünyasıdır. İnsan oğlu davranışları ilə dünyasını cənnətə və ya cəhənnəmə çevirməyə qadirdir. Ömrümüzün sonuna kimi zindan həyatı yaşamamaq, axirətimizi cəhənnəmə çevirməmək üçün hər birimiz üzərimizə düşən vəzifələrin nələrdən ibarət olduğunu bilməli və xoşbəxtçiliyimiz üçün bu qaydalara riayət etməliyik. Son.az islam.az-a istinadən bildirir ki, əziz mömin bacı və qardaşlar! Müqəddəs ocağınızı yüksək məqamlı behiştə çevirməyin bəzi sirrlərini bilmək istərdinizmi? Elə isə diqqətli olun: 1. Yoldaşınız evə gəldiyi zaman onu qapıda qarşılayın və gülər üzlə "Xoş gəldin" deyin.  2. Ona soyuq yanaşmayın və gününün necə keçməsi ilə maraqlanın. Lakin demək istəmədiyi mövzunu israrla tələb etməyin.  3. İşlərinizi elə qurun ki, o evə gəldiyi zaman ona daha çox vaxt ayırasınız. İstirahəti üçün lazımi saatlarda evdə süküt yaradın. Problemləri, zəruru məsələləri bir-birinizə deyib, birlikdə məşvərət edin.  4. Ər-arvad münasibətlərindən əlavə, yoldaşınızla sirdaş, dost olmağa çalışın. Qurani-Kərimdə buyurulur: "Allah Taala sizin aranızda məhəbbət və dostluq yaratdı". 5. Evlilik eyni zamanda ortaqlıqdır. Qazancınıza "mənim" deyib sadəcə özünüz üçün xərcləməyin. Malınız arasında seçim etməyin. "Mən", "sən" kimi sözlərin yerinə "biz" kəlməsini işlədin. Məsələn, "mənim evim" deyil, "bizim evimiz" deyin. 6. Yoldaşınızı kimsənin, xüsusən də qohumları və ya dostlarının yanında alçatmayın, ələ salmayın və onun hərəkətlərini yamsılamayın. Əksinə insanların yanında ona daha çox, ibrətamiz şəkildə hörmət edin.  7. Təvazökar və itaətkar olun. Nisa sürəsinin 34-cü ayəsinə diqqət yetirin: "Həm təvazökar, həm də itaət edən qadınlar pak və təqvalıdırlar" . 8. Yoldaşınızın yanında heç vaxt başqa kişiləri müdafiə etməyin, onları bəyəndiyinizi vurğulamayın. Başqalarının uğuru ilə onu utandırmayın.  9. Əgər yaxınlarınızdan birisi vaxtilə ona yaxşılıq edibsə, bunu minnət qoyaraq onun üzünə vurmayın. Unutmayın, minnət qoymaq insanın kiçikliyidir. Bunun nəticəsində ailədə məhəbbət əskilər, çəkilən zəhmətlər hədər gedər. "Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır" (Bəqərə, 262). 10. Anlayışlı olmağa çalışın. Ailədəki mehribançılıq, şirinlik və ləzzət məhz anlaşma sayəsində yaranır. Əgər iki şəxs arasında anlaşma olarsa, burada nəzm və nizamın möhkəmliyinə şübhə ola bilməz.  11. Ər və arvadın ailədə ehtiyacı olduğu iki əsas xüsusiyyətlərdən biri qarşılıqlı güzəşt, digəri isə xətaları örtməkdir. Əgər insan ailəsində və ya cəmiyyətdə gördüyü kiçik nöqsanları görməməzliyə vurub, güzəştə getsə, onun bu hərəkəti ətraf mühitə səmimiyyət gətirər. Qurani-Kərimdə belə buyurulur: "Ər arvad arasında həm məhəbbət, həm də güzəşt qərar verildi ki, bir-birinin səhvini bağışlamaqla məhəbbəti möhkəmlətsinlər". 12. Üzr istəməyi bacarın. Günahkar kişi olsa belə, səhvini iqrar edib, çəkinmədən üzr istəməlidir. Adətən kişilər üzr istəməyi zəiflik kimi qəbul edirlər. İnsanın bu hərəkəti, qarşındakı şəxsə məhəbbət, dərin ehtiram və mərdlik rəmzidir. İmam Xomeyni nitqlərinin birində belə deyib: "Əsl kişi odur ki, səhvə düçar olduğu zaman öz səhvini etiraf etsin". 13. Ailədə xoşagəlməzliklərin yaranmaması üçün bağışlamağı bacarın. Həzrəti Əmirəlmöminin Əli (ə) bağışlamaq haqqında belə buyurub: "Qüdrət sahibi olduğunuz zaman əfv edin. Çünki Allahın sizə verdiyi qüdrətin şükrü əfv etməkdir". Əfv etməyi bacarmaq insanın böyüklüyünə dəlalət edir.  14. Yoldaşınızın dostları və ya tanışları ilə həddindən artıq səmimi olmayın.  15. Ailəsinə göstərdiyiniz hörməti və onlara etdiyiniz yaxşılığı heç vaxt üzünə vurmayın. 16. Yaxınlarına hörmət bəsləyin və gülərüzlə evinizə qonaq dəvət edin. Qohumları ilə görüşməsinə maneəçilik etməyin. Onların səhvlərini yoldaşınıza bildirməyin.  17. Məscidlərdə, iş yerində və ya cəmiyyətdə öyrəndiklərinizi ailənizlə bölüşün. Allah Qurani-Kərimdə buyurur: "Ailənizi və uşaqlarınızı cəhənnəmdən qoruyun". 18. Mütləq bir-birinizin psxologiyasını, xarakterini yaxşı tanıyın və ona görə davranın.  19. Nə qədər doğru olsanız belə qəti şəkildə özünüzü müdafiə etmək naminə uzundillik etməyin. Mübahisələr ər-arvad arasındakı isti münasibətə son qoyar. Məsum imamlarımızın (ə) dediyinə görə, qadın əri qarşısında uzundillik edərsə, qiyamət günü onun dili o qədər uzanacaq ki, bütün məhşər əhli onu tapdalayacaqlar. 20. İstəklərinizi yerinə yetirməsi üçün yoldaşınıza əmr deyil, rica edin. 21. Maddi durumunuza görə davranın, istədiyinizi almasa "eybi yox, gələn dəfə alarsan" deyib qəlbini alın. Onsuz da aranızda sevgi olduğu müddətcə o, sizin üçün əlindən gələni edəcək. Ailənizin maddi durumundan şikayətçi olmayın. Həyatınızda olan əksikliklər üçün yoldaşınızı günahlandırmayın. 22. Nikahın, aranızda bağlantı və Allah qarşısında bir söz olduğunu unutmayın. 23. Yalnız əriniz üçün bəzənin. Uca Rəbbimiz ərindən başqası üçün bəzənən qadının ibadətini qəbul etməz. Reyğəmbərimiz (s) buyurur: "Qadın ən gözəl ətirlərlə ətirlənməli, ən gözəl üsulda bəzənməli, ən gözəl geyimlərini geyinməli və əri üçün hazırlanmalıdır".  24. Şiddətə yol verməyin. Peyğəmbərimiz (s) belə həyatı boyu heç bir xanımına, hətta xidmətçisinə belə şiddət göstərməmiş, onları incitməmişdi. O, qadınlar haqqında belə buyurur: "Yediyinizdən yedirin, geydiyinizdən geydirin. Səhvlərini üzlərinə vuraraq onları utandırmayın, döyməyin. Evdə tək qoymaqla onlara cəza verməyin".  25. Əsəblərinizi cilovlamağı bacarın. Əgər insan əsəblərinə hakim olmağı bacarırsa, həm ailəsində problemlər öz həllini tapar, həm də ilk qəbir gecəsi əzab görməz.  26. Ailənizlə bağlı mövzuları tək deyil, birlikdə müzakirə edin və qərar verərkən mütləq yoldaşınızın da qərarına önəm verin. Peyğəmbərimiz (s) də bütün mövzularda xanımının da fikrinə önəm verirmiş. 27. Yoldaşınızın yanında qaraqabaq olmayın. Gülümsəyin və gözəl əxlaqlı olmağa çalışın.  28. Qarşı tərəfdən güvənc görmək hər zaman insanın əhvalını yüksəldir. Odur ki, xoş sözlər söyləməklə ona güvəndiyinizi sübut edin. Unutmayın: "Xoş bir söz və günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır" (Bəqərə, 263). 29. Şübhə və qısqanclıqlara son verin. Qısqanclıq Allahın ən qəzəbləndiyi hərəkətdir.  30. Yoldaşınız əsəbi olduğu zaman onu sakitləşdirməyə çalışın, şəxsi planlarınızı təxirə salın. Məşhur hədislərdən birində bu barədə deyilir: "Qadınlarınızın ən yaxşısı o qadındır ki, hər zaman yoldaşını qəzəbli halda görsə, ona: "Mənim əlim sənin əlindədir və yalnız sənə təsliməm", - desin".  31. Onun zövqünə görə hərəkət edin. Xoşladığı və ya xoşlamadığı şeylərdən bixəbər olmayın. 32. Bütün işlərdə bir-birinizə yardımçı olun. Adətən kişilər bunu özlərinə ayıb bilirlər. Bu, sevimli Peyğəmbərimizin (s) yoludur. O, sevimli kürəkəni Həzrəti Əliyə belə buyurmuşdur: "Ya Əli, ev işlərində xanımına kömək edən hər kəsə, həcci-ümrənin səvabı nəsib olar". 33. Yoldaşınızdan sevgi tələb etdiyiniz kimi siz də sevginizi ondan əksik etməyin. Dinimiz məhəbbəti qarşılıqlı bilir. Ər və arvadın bir-birinə məhəbbət nişanəsi imanın böüyklüyüdür. İmam Sadiq (ə) buyurur: "İmanın artımını insanın ailəyə məhəbbəti yüksəldir".  34. Yoldaşınızla xoş davranın və bir-birinizə hörmət bəsləyin. Xoş rəftar ailəyə sakitlik, sevinc, aramlıq bəxş edər, tərəflər arasında kinə son qoyar. "Həyat yoldaşınızla mərifətlə davranın" (Bəqərə, 228).  35. O, evdə olmadığı zaman onun üçün darıxdığınızı, o gəldikdə isə sevindiyinizi mütləq bildirin.  36. Səbəbsiz yerə uzun müddət ayrı qalmayın. Çünki qısa ayrılıqlar həqiqi sevgini gücləndirdiyi kimi, uzun ayrılıqlar xoşbəxt bir ailə üçün fəlakət ola bilər. Mümkün qədər getdiyiniz yeri ailənizə bildirin, onları intizarda qoymayın. Həzrəti Muhəmməd (s) belə buyurur: "Biriniz yola çıxdığı zaman işlərini bitirən kimi o an ailəsinin yanına dönməlidir"  37. Məbadə bir dil yarası ilə aranızdakı səfa-səmimiyyət və mehribanlığı uzaqlaşdırasınız. Qılınc yarası keçər, dil yarası yox. Odur ki, mübahisə əsnasında sözlərinizə diqqət edin.  38. Küsülü qalmayın. "Əgər bir qadın əri ilə küsülü olduğu halda və ya əri ondan razı olmadığı halda yuxuya gedərsə, mələklər sübhə qədər ona lənət edər". 39. Onun səhvini gördükdə "mən demişdim belə olacaq" deməyin, əksinə onu anladığınızı bildirin.  40. Xoşbəxt olmaq üçün yoldaşınızın yaxşı, ideal olması yetərli deyil, eyni zamanda siz də mükəmməl həyal yoldaşı olmağı bacarmalısınız. Yaxşı xanım və ya ər olduğunuzu sadəcə cümlələrdə deyil, davranışlarınızla da göstərin. 41. Təmizkar olun. Təmizkar ailədən ruzi bərəkət və mehribançılıq əksik olmaz. Təmizlik imanın yarısı və sevginin daimi olması üçün əsas şərtlərdəndir.  42. Onunla səsinizi yüksəldərək danışmamalısınız. Əsasən də uşaqların və ya qonaqların yanında. 43. Sizə qarşı yalnış hərəkət edərsə, bunu görməməzliyə vurun, əmin olun ki, o da peşmandır. Dərhal ondan intiqam almaq fikirinə düşməyin.  44. "Qürur" sözü şeytanın tez-tez işlətdiyi sözdür, bundan uzaq olun. 45. Çətinliklərlə qarşılaşdıqda belə bunu biruzə verməməli, həyata ümidlə baxmalı və gülər üz olmalısınız. Peyğəmbərimiz (s): "Gülər üz sədəqədir" deyə buyurmuşdur.  46. Bədxərc, paxıl, eqoist, eyni zamanda xəsis olmayın. Ailə büdcənizin dəyərini bilin və israfa yol verməyin. İslama görə ən pis qadın israfçı qadındır. "...Eyni zamanda (mal dövlətini əbəs yerə) sağa-sola səpələmə!" (İsra, 26). 47. Heç bir kəsin yoldaşınızın ardınca xoşagəlməz sözlər danışmasına imkan verməyin, bu cür hallarla qarşılaşdıqda etik qaydaları pozmadan, tam cəsarətlə mütləq onu müdafiə edin.  48. Evdə bir küncə və ya otağa çəkilib tək oturmağı adət halına gətirməyin. Bu aranızdakı səmimiyyətə son qoya bilər.  49. Mübahisə zamanı onu dinləməyi bacarın, mənfi hərəkətləri qəlbini qırmadan ona başa salın və yalnışlıqlarını düzəltməsi üçün vaxt verin. Peyğəmbərimiz (s) bizə tövsiyyət etmişdir ki, insanların eyiblərini deyil, müsbət nöqtələrini görməyə çalışaq. 50. Yoldaşına itaət etməli, ondan izinsiz hərəkət etməməli, ona ürəkdən qulluq etməli və unutmamalısınız ki, "Qadının ən böyük cihadı əri üçün yaxşı arvad olmaqdır" (Hz. Muhəmməd). 51. Əsl mömin qadın həyalı olmaqla yanaşı, daima iffətini qorumalıdır. Yəni Qurani-Kərimin Nisa sürəsinin 34-cü ayəsində buyrulduğu kimi: "Ləyaqətli qadınlar ərlərindən ayrılıqda belə, onların hüquqlarını, habelə Allahın qorunmasını əmr etdiyi haqları qorumalıdırlar". 52. Özünüzə etdiyiniz duaların təkrarını ona da etməli, özünüzə istədiyiniz yaxşılıqları ona da arzulamalısınız. Əslində həqiqi müsəlman gərək düşməni üçün də yaxşı dua etsin və Allahdan onların hidayət olunmalarını diləsin. 53. Bir-birinizə etimadsız olmayın. Bədgümanlıq və etimadsızlıq yaranan evdə Allahın rəhmət və bərəkəti olmaz və Allahın qəzəbi həmin ocağı bürüyər. Allah-Təala Qurani-Şərifdə belə bəyan edir: "Həqiqətən mənim əzabım çox şiddətlidir". 54. Yalandan uzaq olun. "Bütlərin çirkinliyindən və batil sözlərdən (yalan, boş-boş danışma və qeybətdən) uzaq olun" (Həcc, 30).  55. Qeybət etməyin. Kişilər qeybətcil qadınları sevməzlər. Hucurat surəsinin 12-ci ayəsində bu haqda deyilir: "Bir-birinizin qeybətini etməyin, sizlərdən bir kəs var ki, öz qardaşının ətini ölmüş halda olarkən yemək istəsin? Bu cür işdən heç vaxt razı olmazsınız". 56. Ər-arvad fani dünya kimi axirətlərini də düşünməli və orada da birlikdə olmaq üçün bugünki davranışlarına, ibadətlərinə diqqət yetirməlidirlər. 57. Həyatını paylaşacağın insanla xoşbəxt olmağın üçün sənə vacib olan bir çox şeylərdən belə vaz keçməlisən. 58. Sirr saxlamağı bacarın. "Onlar sizin, siz də onların libasısınız" (Bəqərə, 187). Davranışlarınızla övladlarınıza örnək olun. 59. Evdən çıxdığı zaman onu mütləq yola salın və arxasınca dua edin. 60. Naşükür olmayın. Çünki Allah naşükür olanları sevməz.