Məhkəmə vətəndaşa qarşı dələduzluq edən şəxsin apellyasiya şikayətini təmin etməyib


Sosial 20 Mar 2018 13:40:10 283 0

Məhkəmə vətəndaşa qarşı dələduzluq edən şəxsin apellyasiya şikayətini təmin etməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı Apellyasiya Məhkəməsinə dələduzluqda təqsirləndirilən Rövşən Şükürov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Şükürovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini R.Şükürov saxlanılıb.

Onun yaşadığı evdən hüquq mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

R.Şükürov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.