Bərəkətin sirri Qənaət


Digərləri 20 Mar 2018 10:45:00 265 0

Bərəkətin sirri  Qənaət

Qənaətcillik, əldə olanla kifayətlənməkdir. Aza qane olub, ehtiyacları minimum ölçüdə təmin edə biləcək maddi imkanla kifayətlənmək, başqalarının əlindəkilərə göz dikməmək və çox qazanmaq həvəsindən çəkinmək - qənaətcilliyin təzahürləridir.

İnsanları yaradan Allah-Təala, onların ruzilərinin də zəmanətçisidir. O, "Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin..." (Hud, 6) buyuraraq, bəndələrinin bu barədə narahat olmamalarını istəmişdir. Son.az islam.az-a istinadən bildirir ki, ancaq bir çox hikmət səbəbilə ruzini bəndələri arasında qeyri-bərabər şəkildə bölmüş, kimisinə az, kimisinə isə çox vermişdir. Qənaətcillik də məhz burada özünü göstərir. Kimə az verilibsə bununla kifayətlənməli, var-dövlətə tamah salıb haqsız qazanc yolları axtarmamalı, varlı isə xəsislik və acgözlükdən uzaq olaraq malının haqqını verməlidir. Qənaət etmək yalnız kasıblara məxsus bir xislət deyil. Bu xasiyyətə varlıların kasıblardan daha çox ehtiyacı vardır. Çünki, var-dövlət çoxaldıqca ona olan sevgi, hərislik və tamah da artır. İnsan, bütün yaxın adamlarına çatacaq qədər mal əldə etsə belə, buna qane olmayıb daha çox qazanmağa və mal-mülk yığmağa çalışır. Bu hərislik sahib olduğu sərvəti onun gözündə az göstərir və beləliklə, malından haqqı ilə istifadə etməsinə mane olur.  İstər varlı olsun, istər kasıb, kim qənaətcilliyi bacarmasa, dünyanın cazibəsinə aldanaraq axirət hazırlığını unudar və iki cahanda da ziyan edənlərdən olar. Haqq-Təala, "Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım. Mən onlardan ruzi istəmirəm, Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır" (Zariyat, 56-58) buyurmaqla bu hərəkətin səhv olduğunu bildirir. Buna görə də Peyğəmbərimiz (s.ə.s.) müsəlmanları İslam əxlaqının ən vacib prinsiplərindən olan qənaətcilliyə təşviq etmişdir. Bir nəfərin nə qədər var-dövləti olursa olsun, həqiqi zənginliyin qənaət olduğunu söyləmiş (Buxari, Riqaq, 15), nəfsindən əmin olan, bədəni sağlam və gündəlik yeməyi olan kimsəyə dünyanın bütün yaxşılıqlarının verildiyini bildirmişdir (Tirmizi, Zöhd, 34). Başqa bir rəvayətdə isə Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: "Müsəlman olub, lazımı qədər ruzisi olan və əlindəki nemətə qənaət edən kəs, şübhəsiz, xilas olmuşdur" (Muslim, Zəkat, 125). İnsanlar, almağın daha xeyirli olduğunu zənn edirlər. Halbuki, vermək daha xeyirli və daha üstündür. Əslində, vermək qənaətcil olmaqdan irəli gəlir. Qənaətin nə olduğunu bilməyən bir insan, dünyaya sahib olsa belə, heç kimə bir çöp də vermək istəməz. Belə bir şeyi ağlına belə gətirməz. Çünki bunun üçün ruh və qəlbi tərbiyə etmək lazımdır.  Allah-Təala bəndələrinin qənaətcil olmalarını istədiyi üçün, verdiyi ilə kifayətlənməyib, başqalarından nə isə istəyənləri sevmir. Ehtiyacı ilə əlaqədar Allahdan deyil, bəndələrdən nə isə istəyən adam, kasıblığını daha da artırmış olur. İffətli olub Allaha yalvaran isə zənginliyin mənbəyini tapar. Belə ki, Rəsulullah (s.ə.s.) buyurmuşdur: "Allah dilənməkdən qorxanları iffətli edər. Camaata qarşı gözütox olmaq istəyənləri isə insanlara möhtac olmaqdan xilas edər" (Buxari, Zəkat, 18) Hakim ibn Hişam (r.a) belə nəql edir: "Bir gün Rəsulullahdan (s.ə.s) mənə bir az qənimət malından verməsini istədim, o da verdi. Bir də istədim, yenə verdi. Yenidən istədim, o yenə verdi. Sonra isə belə buyurdu: "Ey Hakim! Bu mal, həqiqətən də cəlbedicidir. Kim onu hərislik göstərmədən əldə etsə, o mala onun üçün bərəkət verilər. Kim isə onu acgözlüklə əldə etsə, o malın bərəkəti olmaz. Belələri nə qədər yesə də, heç cür doymayan adama oxşayır. Verən əl, alan əldən daha xeyirlidir".  Bundan sonra mən: "Ey Allahın Rəsulu! Səni haqq dinlə göndərən Allaha and olsun, nə qədər ki yaşayıram, səndən başqa heç kimdən bir şey qəbul etməyəcəyəm" - dedim. Bir gün gəlir, Hz. Əbu Bəkr qənimət malı vermək üçün Hakimi çağırır. Lakin Hakim onu almaqdan çəkinir. Sonra Hz. Ömər ona bir şey vermək üçün dəvət edir. Hakim yenə qəbul etmir. Bunu görən Hz. Ömər belə deyir: "Ey müsəlmanlar! Sizi Hakimə şahid tuturam. Mən bu qənimətdən Allahın onun üçün ayırdığı hissəni ona verirəm, ancaq almaq istəmir". Beləliklə Hakim, Rəsulullahın (s.ə.s) vəfatından sonra, ölənə qədər heç kimdən bir şey qəbul etmir (Buxari, Vəsaya, 9). Həzrəti Peyğəmbər (s.ə.s.) hər məsələdə olduğu kimi, qənaət mövzusunda da bizim üçün ən gözəl nümunədir. O, əlinə keçən dünya malını vaxt itirmədən başqalarına vermiş, özü üçün yalnız ehtiyac olan qədər saxlamışdır. Buna görə də tez-tez "Allahım! Muhəmməd ailəsinin ruzisini ehtiyacı olduğu qədər ver" - deyə dua edərmiş (Muslim, Zəkat, 126). Qənaət insanı sahibi olduğu dünya malına görə üz verə biləcək bir çox bəla və müsibətlərdən qoruyur. İmanına və mənəviyyatına güc verərək mətanətini artırır, zəlalətdən qoruyaraq düz yolda qalmasını asanlaşdırır. Ona Allahı və Onun bəndələrini daha çox sevmə kamilliyini qazandırır. Peyğəmbərimiz bu xislətə sahib olan bir gəncdən çox xoşu gəlmiş və onu mükafatlandərmışdır. Belə ki, bir dəfə Bəni Tucib tayfasından Peyğəmbərimizi görməyə gələn bir heyət vətənlərinə qayıtmaq istəyəndə Rəsulullah (s.ə.s) onlara başqalarından çox bəxşiş verir və soruşur: ― İçinizdə bəxşiş verilməyən kimsə qaldımı?  Onlar cavabında "Bəli, yaşca ən balacamıza heyvanlara baxmağı tapşırmışıq" - deyirlər. Rəsulullah buyurur ki, həmin gənci də çağırsınlar. Həmin gənc Həzrəti Peyğəmbərin yanına gələrək deyir:  ― Ya Rəsulullah! Mən, Əbza oğullarındanam. Bir az əvvəl sənin yanına gələn və istəklərini yerinə yetirdiyin camaatdanam. Mənim istəyimi də yerinə yetirərsən? Rəsulullah "Sənin arzun nədir?" deyə soruşur. Oğlan belə cavab verir: "Ya Rəsulullah, mənim istəyim yoldaşlarımınkı kimi deyil. Onlar İslam həsrətilə gəldilər, zəkatlarını yığıb gətirdilər. Sən, Allaha məni məğfirəti ilə şərəfləndirməsi, mərhəməti ilə rəftar etməsi və bir də ürəyimə zənginlik verməsi üçün dua et". Bunu eşidən Peyğəmbərimiz "Ey Allahım! Onu bağışla və mərhəmətinlə rəftar et! Ürəyinə də zənginlik ver!" deyə dua edir və ona da başqaları kimi bəxşiş verilməsini əmr edir. Bəni Tucib heyəti vətənlərinə qayıdırlar. Onlardan bəziləri bir il sonra həcc mövsümündə Minada Peyğəmbərimizlə görüşürlər. Peyğəmbərimiz (s.ə.s) həmin gənci xəbər alır. Belə cavab verirlər:  ― Ya Rəsulullah! Uca Allahın verdiyi ruziyə, yəqin ki, ondan daha qənaətcili yoxdur. İnsanlar hətta dünyanı belə aralarında bölsələr, bu onu heç cəlb etməz, üzünü belə çevirib baxmaz. Bu sözlərə sevinclə qulaq asan Peyğəmbərimiz Allaha həmd edir və onun üçün xeyir arzulayır (İbn Qayyim, III, 54-55; İbn Sə'd, I, 323). Həqiqətən də, qənaətcillik güclü iman və Allah-Təalaya sonsuz etimadın təzahürüdür. Məhz bu xüsusiyyətinə görə də Uca Rəbbimiz tərəfindən sevilən və mədh edilən bir xislətdir. Nəticə olaraq qənaət, əldə olanla kifayətlənmək, başqasının malına tamah etməməkdir. Çünki, həris insanlar nə əllərində olanı, nə də itirdiklərini başa düşmürlər.