Sadəliyin və haqqa tabe olmağin yolu –


Digərləri 20 Mar 2018 10:10:00 313 0

Sadəliyin və haqqa tabe olmağin yolu –

Təvazökarlıq - sadə olmaq, haqqa boyun əymək və haqqı qəbul etmək deməkdir. Təvazökarlığın az olması təkəbbürün əlaməti, həddindən çox olması isə alçalmadır. Bundan başqa, həddini aşmış təvazökarlıq, nəfsdə lovğalığın əlaməti olaraq da təzahür edə bilər. Bu həssas məsələdə tarazlığı saxlamaq lazımdır.

Peyğəmbərimizdən sonrakı nəslin böyük alimi olan Həsən Bəsriyə görə təvazökarlıq, bir insanın ətrafında olan müsəlmanları özündən üstün bilməsidir. Dünya həyatında insanları bəzəyən ən mühüm zinət - təvazökarlıqdır. Bu xislət, bəndə olmağın əsaslarındandır. Heç nəyi olmayan, bütün ehtiyaclarını hər şeyə qadir olan Rəbbinə ərz edən bir insandan başqa cür hərəkət gözləmək də olmaz. Elə olsa, bu, həqiqətin əksinə bir hərəkət olar. Çünki təkəbbür, öyünmə və eqoizm dünya ilə insan arasına çəkilən mənfi bir pərdədir. Bu pərdəni qaldırmamış heç nəyi olduğu kimi görmək mümkün deyil. Özünü bəyənənlərin təsəvvüründəki aləm, həqiqətlə müqayisədə tamamilə fərqlidir. Bu xəyallardan ayılaraq hadisələrin həqiqi üzünü görə bilməyənlər, xətaya düşməkdə, başqalarından çox özlərini aldatmaqda, ən pisi isə Allah-Təalanın qəzəbinə və özlərinin bədbəxtliklərinə düçar olmaqdadırlar. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Kim Allah-Təalanın rizası üçün bir zərrə təvazökarlıq göstərsə, bu səbəblə Allah onu bir dərəcə yüksəldər. Kim də Allaha qarşı bir zərrə təkəbbür göstərsə, Allah da onu bu səbəblə bir dərəcə alçaldar, axırda da onu əsfəli-səfilinə (aşağılardan da aşağıya) atar" (İbn Macə, Zöhd, 16 ). Qürur və təkəbbürün nə qədər pis bir xasiyyət olduğunu göstərən digər bir hədisdə isə belə buyurulur: "Üç tip insan var ki, qiyamət günü Allah, onları nəzərindən uzaq tutar, üzlərinə baxmaz və onlara haqq qazandırmaz. Həm də onları şiddətli bir əzab gözləyir. Rəsulullah (s.ə.s) bu cümləni üç dəfə təkrarladıqdan sonra Əbu Zərr: "Bunlar başdan-ayağa məhrumiyyətə və pərişanlığa məruz qalıblar. Kimdir bunlar, ey Allahın Elçisi?" deyə soruşmuş və Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: "Onlar paltarini təkəbbürlə yerlə sürüyən, etdiyi yaxşılığı başa vuran və yalan yerə and içərək malını yaxşı qiymətə satmağa çalışanlardır" (Muslim, İman, 171).  Hədisdən də başa düşüldüyü kimi, lovğalanmaq və özündən razı olmaq insanı axirətdə Allah-Təalanın mərhəmətindən, nəzərindən və müdafiəsindən məhrum edib, onu acı bir əzaba düçar edəcək qədər pis bir xislətdir. Bu cür insanlar həqiqət yolundan çıxmaqla bərabər, ətrafdakı adamlar tərəfindən də sevilmirlər. Təvazökarlıq isə insanı həqiqətə alışdırır və eyni zamanda onu ucaldır. Bir mütəfəkkirin bu barədə belə demişdir: "İctimai həyatda hər kəsin gördüyü və göründüyü, mərtəbə adlanan bir pəncərə var. Boyu qısa olanlar o pəncərədən görünə bilmək üçün təkəbbürlə yuxarı can atdığı halda, böyüklər təvazökarlıqla aşağı əyilirlər. Hər bir insanda böyüklük təvazökarlıqla, kiçiklik isə təkəbbürlə ölçülür". Nəticə etibarilə, bütün insanlar təvazökarları qeyri-ixtiyari sevərlər. Çünki hər şey kimi sevgi də yuxarıdan aşağıya doğru axır. Allah-Təala təvazökar olmağı ilk növbədə ən sevimli bəndəsi olan Peyğəmbərimizə (s.ə.s) əmr etmişdir. Belə ki, bir gün Rəsulullah Cəbrayıl ilə söhbət edirmiş. Bu vaxt səmadan bir mələk enir. Cəbrayıl bu mələyin dünyaya ilk dəfə endiyini söyləyir. Mələk Həzrəti Peyğəmbərə xitab edərək deyir: "Ya Muhəmməd! Məni sənə Rəbbin göndərdi. Soruşur ki, hökmdar peyğəmbər olmaq istəyirsən, yoxsa qul peyğəmbər?". Bunu eşidən Peyğəmbərimiz çevrlib Cəbrayıla baxır. O da təvazökar olmağına işarə edərək, "Ey Allahın Rəsulu, Rəbbinə qarşı təvazökar ol!" deyir. Rəsulullah (s.ə.s) da: "Qul (bəndə) peyğəmbər olmaq istəyirəm" buyuraraq müstəsna bir təvazökarlıq nümunəsi nümayiş etdirir və bu seçimdən sonra bəndəlik, insanın çata biləcəyi ən şərəfli mövqe olur (İbn Hənbəl, II, 231; Heysəmi, IX, 18, 20). Rəsulullah (s.ə.s) ona həddindən artıq hörmət göstərənlərə, "Siz məni haqqım olan dərəcədən yuxarı qaldırmayın! Çünki, uca Allah məni rəsul etməmişdən əvvəl bəndə olaraq yaratmışdı" (Heysəmi, IX, 21) deyə xəbərdarlıq edərək bəndə olmağın qiymətini bildirmişdir. Abdullah İbn Cubeyr (r.a) nəql edir: "Bir gün Peyğəmbərimiz bir qrup sahabəylə yol gedərkən onlardan biri örtüklə Allah Rəsulunu günəşdən qorumaq istəyir. Rəsulullah kölgəni görüb başını qaldırır və bir nəfərin ona kölgə saldığını görür. Həmin şəxsə: "Yığışdır bunu, mən də sizin kimi bir insanam!" deyir və örtüyü kənar edir (Heysəmi, IX, 21). Peyğəmbərimiz Uca Allahın sevimlisi və insanların ən şərəflisi olmasına baxmayaraq heç kimin göstərə bilməyəcəyi təvazökarlığı göstərmiş, insanların arasında cəmiyyatin adi bir fərdi kimi yaşamışdır. Abbas (r.a) bir dəfə Rəsulullaha belə dediyini rəvayət edir: "Ya Rəsulullah! Bəlkə özünüz üçün bir taxt düzəldib onun üstünə çıxasınız? Görürəm ki, camaat sizi narahat edir". Bunun cavabında Allah Rəsulu belə buyurur: "Xeyr! Allah məni onların içindən çıxarıb rahatlığa qovuşdurana qədər (yəni ölənə qədər) onların arasında olacağam. Qoy ayağımı tapdasınlar, paltarımı dartışdırsınlar, qaldırdıqları toz məni narahat etsin!" (İbn Sad, II, 193; Heysəmi, IX, 21).  Bu böyük təvazökarlığına görə, Peyğəmbərimiz nə bağlı qapı və ya pərdə arxasında gizlənir, nə də qabağına yemək gətirilirdi. Torpağın üstündə oturar, yerdə yemək yeyər və "Mən də hər bir bəndənin yaşadığı kimi yaşayır, yediyi kimi yeyirəm!" buyurardı (İbn Sad, I, 372). Kölələr belə arpa çörəyinə dəvət etdikdə, dəvətlərini qəbul edər (Heysəmi, IX, 20), uşaqlara belə salam verərdi (Buxari, İsti'zan, 15).  Hz. Ömər belə nəql edir: Bir dəfə Peyğəmbərdən (s.ə.s) umrə üçün icazə istədim. İcazə verdi və "Duanda məni də yada sal, sevimli qardaşım!" buyurdu. Rəsulullahın (s.ə.s) bu sözünün əvəzində mənə dünyaları versəydilər, bu qədər sevinməzdim". (Əbu Davud, Vitr, 23).  ...Bir gün Peyğəmbərimizlə bir yerdə bazara getmişdim. Peyğəmbər oradan paltar aldı. Dərhal yaxınlaşıb əlindən almaq istədim. O isə bundan imtina edib belə buyurdu: "İnsanın öz əşyasını özünün aparmağı daha məqsədəuyğundur. Ancaq apara bilmirsə, o halda müsəlman qardaşı ona kömək edər" (Heysəmi, V, 122). Allah Rəsulu kiminsə özünü yoldaşlarından fərqli görməsini xoşlamazdı. Bir dəfə səfərdə olarkən səhabələrinə qoyun kəsib bişirməyi əmr edir. Səhabələrdən biri qoyunu kəsməyi, o biri soymağı, digəri isə bişirməyi öz öhdəsinə götürür. Peyğəmbər də odun yığmağı öz öhdəsinə götürür. Səhabələr: "Ya Rəsulullah! Onu da biz edərik, sən işləmə" dedikdə, Həzrəti Peyğəmbər belə buyurur: "Bilirəm ki, siz mənim də işimi görə bilərsiniz. Ancaq mən özümü sizdən üstün tutmağı xoşlamıram. Çünki Allah-Təala bəndəsinin özünü yoldaşlarından üstün tutmağını sevmir" (Kastallani, I, 385). Rəsulullah, həm dövlət başçısı, həm də ordu komandiri kimi yüksək dərəcələrə sahib olduğu halda, tayı-bərabəri olmayan bir təvazökarlıq nümunəsi nümayiş etdirmişdir. Onun fəthdən sonra Məkkə şəhərinə girişi təvazökarlığın ən gözəl nümunələrindəndir. Orada olan səhabələr bu hadisəni belə nəql edirlər: Son.az islam.az-a istinadən bildirir ki, Rəsulullah (s.ə.s) Məkkəni fəth etməyə gedən ordunun önündə idi. Zəfər nəsib olandan sonra dəvəsinin üstündə Məkkəyə girəndə, Uca Rəbbinin qarşısında başını elə təvazökarlıqla əymişdi ki, saqqalının ucları az qala dəvəsinin yəhərinə dəyirdi. O əsnada dayanmadan: "Ey Allahım! Həyat ancaq axirət həyatıdır!" deyirdi (Vaqidi, II, 824; Buxari, Riqaq, 1). Belə bir təvazökarlığın mahiyyətində, məqam və mövqeyə heç bir qiymət verməmək durur. Onun nəzərində həyat, ancaq axirət həyatı idi və bir-birilə yarışanlar da bunun üçün yarışmalı idilər. Bütün bu rəvayətlərdə gördüyümüz misallar, onun yüksək təvazökarlığının sadəcə parıltılarıdır. O isə, onun haqqında bəhs etdiklərimizdən daha yüksəklərdədir. Çünki təvazökarlıq onun şüarı olmuşdur. Ümmətinin vəzifəsi də onun izi ilə gütmək və işıqlı yolundan dönməməkdir.