Zaman və məkanın düzgün seçilməsi


Digərləri 20 Mar 2018 09:10:00 259 0

Zaman və məkanın düzgün seçilməsi

İslamın təməl əsaslarına və ruhuna zidd olmamaq şərtilə təbliğat üçün şəraitin və imkanların nəzərdən keçirilməsi mütləq bir zərurətdir. Qarşı tərəfə müsbət təsir edə bilmək üçün zamanın və yerin mühüm rolu vardır. Məqsədə nail olmaq üçün münasib vaxtın və hər baxımdan əlverişli bir şəraitin seçilməsi, şübhə yoxdur ki, böyük əhəmiyyət kəsb edər. Yerində və vaxtında edilən bir təbliğ daha təsirli və faydalı olduğu halda, yersiz söylənilən bir söz də kin və nifrətə səbəb olur.

Son.az islam.az-a istinadən bildirir ki, bundan əlavə təbliğ əhli hər şeydən əvvəl yaşadığı zaman və məkanın şərtlərini müəyyən etməli, sonra da bu şərtlərə uyğun plan hazırlayıb tətbiq etməyə başlamalıdır. Yersiz bir çıxış, hər şeyin həmin anda bitməsinə səbəb ola bilər. Bu səbəblə İslamı qəbul edərkən: "Ya Rəsulullah, mənə nə etməyimi əmr edirsən?" - deyə soruşan Əbu Zərə (r.a.) Peyğəmbərimiz belə buyurmuşdur: "Ey Əbu Zər! Bu hadisəni gizli saxla və məmləkətinə qayıt. Ortaya çıxıb aşkar dəvətə başladığımızı eşitdikdə isə yanıma gəl! " (Buxari, Mənaqib 6). Aşağıda rəvayət olunan hədisdə də Həzrəti Peyğəmbərin təbliğ və dəvət üçün münasib şəraitə nə qədər ciddi yanaşdığını göstərir. Hz Aişə (r.a.) belə nəql edir:  Rəsulullah (s.ə.s.) bir gün mənə dedi: "Bilirsənmi, qövmün Kəbəni yenidən inşa edərkən Həzrəti İbrahimin qoyduğu təməllərə tam riayət etməyib nöqsanlı davrandılar?". Mən ondan: "Bəs Kəbəni Həzrəti İbrahimin qoyduğu təməllər üzərində tikməyəcəksənmi?" - deyə soruşdum. Bunun cavabında Rəsululah belə buyurdu: "Qövmün cəhalət dövrünün təsirindən tamamilə qurtarmış olsaydı, bunu mütləq edərdim! " (Buxari, Həcc 42). Eyni ilə dəvətə mane olanlara qarşı göstəriləcək davranış tərzində də zamanın böyük əhəmiyyəti vardır. Fərvə İbn Museyk (r.a.) nəql edir: Bir gün Həzrəti Peyğəmbərdən soruşdum: "Ey Allahın Rəsulu, qövmümdən İslamı qəbul edənlərlə bir yerə yığılıb dinimizdən üz çevirənlərə qarşı mübarizə aparaq?". Rəsulullah icazə verdi və məni bu sahədə əmir təyin etdi. Lakin daha sonra mən (Mədinədən) çıxanda Həzrəti Peyğəmbər yanındakılardan məni soruşur və ona getdiyim xəbər verildikdə dərhal arxamca adam göndərərək məni geri çağırtdırır. Mən qayıdanda səhabələrinin bir qismi onun yanında idi. Mənə bu təlimatı verdi: "Qövmünü İslama dəvət et. Onlardan İslamı qəbul edənlərin müsəlmanlığını qəbul et. İnkar edənlərlə vuruşmaqda tələsmə, mən sənə yeni bir əmr göndərincəyə qədər gözlə! " (Tirmizi, Təfsir 34/1). Əziz Peyğəmbərimiz Məkkə dörvündə hər cür tələskənlikdən və heç bir nəticəsi olmayan həyəcanlı davranışlardan çəkinərək şirkə qarşı mübarizə aparmışdır. Əvvəlcə insanları iman əsaslarını qəbul etməyə çağırmış və beləliklə, hər şeydən öncə sağlam bir əqidə formalaşdırmağa çalışmışdır.  Bundan başqa, müsəlmanların dinə alışdırıldıqları dövrdə də zaman və məkana fikir vermək lazımdır. Əbu Vali belə rəvayət edir: Abdullah İbn Məsud (r.a.) insanlara cümə axşamı günləri moizə oxuyardı. Bir nəfər ona yaxınlaşaraq, "Ey Əbu Əbdürrəhman! Kaş bizə hər gün moizə oxuyaydın" - deyir. İbn Məsud onlara belə cavab verir: "Sizi yormamaq üçün hər gün moizə oxumuram. Necə ki, Rəsulullah (s.ə.s.) da bezib usanmayaq deyə, dinləmək istədiyimiz günləri seçərdi" (Buxari, elm, 11-12). Dinləyənlərin bezməməsi, tələsənlərin isə içlərində hirslənməməsi üçün qısa və konkret danışmağa diqqət edilməli, insanların çox vaxtını alaraq nifrətə səbəb olmamaq lazımdır.  Yenə Əbu Valinin rəvayət etdiyinə görə Əmmar İbn Yasir bir dəfə uzun bir xütbə oxuyur. Xütbəni zövqlə dinləyən müsəlmanlar ona ləqəbi ilə müraciət edərək: "Ey Əbu'l Yəzqan! Çox gözəl danışdın. Xütbəni bir az da uzatsaydın yaxşı olardı" - deyirlər. Əmmar (r.a.) xütbəsini nə üçün daha çox uzatmadığını açıqlayaraq Rəsulullahdan (s.ə.s.) belə eşitdiyini rəvayət edir: "Bir adamın namazı uzun qıldırıb xütbəni qısa etməsi onun dini yaxşı bildiyini göstərir. Bu səbəbdən namazı uzun qıldırıb xütbəni qısa edin. Çünki elə sözlər vardır ki, sanki insanı sehrləyir" (Muslim, Cümə 47). İqrimə (r.a.) isə İbn Abbasın (r.a.) belə dediyini rəvayət edir: "İnsanlara hər cümə günü bir dəfə xütbə oxu! Buna əməl etməsən iki dəfə olsun. Daha çox etmək istəsən üç dəfə olsun. Qətiyyən xalqı Qurandan bezdirmə! Xalq öz məsələləri haqqında danışarkən, sənin gəlib onların sözünü kəsərək başqa bir şey haqqında danışıb onları bezdirdiyini görməyim. Onlar danışarkən sus və dinlə! Onlar sənin yanına gəlib "danış" deyə tələb etdikdə isə, deməli səni dinləmək istəyirlər. O zaman danış. Duada səci (qafiyə) məsələsinə diqqət et və ondan qaçmağa çalış. Çünki mən Rəsulullah (s.ə.s.) və səhabələrin dövründə yaşamışam. Onlar duada səci etmir, əksinə bundan yayınırdılar" (Buxari, Dəavat 20).  Rəsulullah zaman və məkana uyğun şəkildə təbliğ etmək prinsipinə son dərəcə əhəmiyyət verirdi. Bəzən bir sual verildikdə bununla bağlı açıqlama vermiş, mühüm bir şey demək istədikdə əvvəlcə ətrafındakı adamları dinləməyə hazırlamış, sonra isə demək istədiklərini onlara çatdırmışdır. Beləcə, təbliğ etdiyi prinsipləri qulaqardına vurulan və eşidildikdən sonra unudulan adi bir söz kimi deyil, hətta illər sonra yad edilən, qiyamətə qədər qalan qiymətli biliklər və unudulmayan xoş xatirələr kimi ümmətinə əmanət etmişdir. Göründüyü kimi, təbliğin hədəfinə çata bilməsi üçün zaman və məkan ünsürünün böyük əhəmiyyəti vardır. Bu mənada, təbliğ əhli vəzifəsini lazımınca yerinə yetirə bilmək üçün daima ən münasib zaman və məkanı seçmək məcburiyyətindədir.