Yaponiyadakı siyasi gərginlik səhmlərin düşməsinə səbəb olub


Dünya 19 Mar 2018 23:58:00 294 0

Yaponiyadakı siyasi gərginlik səhmlərin düşməsinə səbəb olub

Yaponiyada yaşanan siyasi gərginlik və KİV-lərin apardığı sorğuların nəticələrinə görə Baş nazir Şinzo Abenin kabinetinin reytinqinin enməsi fonunda martın 19-da Tokio Fond Birjasında səhmlərin düşməsi qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 225 aparıcı şirkətin səhmlərini özündə birləşdirən Nikkey indeksi martın 16-da 195,61 bənd itirərək günü 21480,90 həddində başa vurub. Bu, martın 9-dan bəri ən aşağı göstəricidir. Birinci seksiyanın ən geniş indeksi olan Topix də 16,66 bənd itirərək 1719,97 həddində qərarlaşıb.

İnvestorların daha çox dəqiq alətlərlə, qiymətli kağızlar və elektrocihazlarla maraqlandıqları bildirilir.

Kyodonun yaydığı məlumata görə, Baş nazirin adının dövlət torpaq sahəsinin ucuz qiymətə satılmasında hallanması ilə əlaqədar martın 18-də KİV-lərin apardığı sorğuların nəticələri Ş.Abe kabinetinin reytinqinin 40 faizdən aşağı düşdüyünü göstərib və bunun nəticəsində bazar hələ də gərgin vəziyyətdə qalır.

Respondentlərin əksəriyyəti Ş.Abenin Maliyyə Nazirliyinin sənədlərində aparılan düzəlişlərlə əlaqəli olduğunu bildiriblər.