Prezident seçkiləri xalqın iradəsini əks etdirəcək


Siyasət 19 Mar 2018 22:53:00 282 0

Prezident seçkiləri xalqın iradəsini əks etdirəcək

Azərbaycanda seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər bir şərait yaradılıb

Son.az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

İstənilən cəmiyyətin və dövlətin inkişafı demokratiyanın ali prinsiplərindən biri sayılan insan hüquqlarına hörmət olmadan, insan hüquqlarının nə olduğunu dərk etmədən mümkün deyil. Çünki demokratiya tarixin bütün dövrlərində insanların arzuladığı və yetişmək istədiyi ən böyük dəyərlərdən biridir. Xalq hakimiyyətinin, bərabərlik və azadlığın sinonimi olan demokratiya müasir dövrdə dünyanın bütün sivil dövlətlərində yaşam tərzinə çevrilib. İndi ölkələrin inkişaf səviyyəsi də bu meyarla ölçülür və hər bir xalqın, millətin həyat səviyyəsini təmin edən əsas amillərdən biri məhz həmin ölkədə demokratik dəyərlərə verilən qiymətdir.

Təsadüfi deyil ki, cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Bu mənada insan hüquqları müxtəlif iqtisadi-siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu çağdaş dövrümüzdə insanları və cəmiyyətləri birləşdirən əsas meyardır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir.

Bu gün gənc müstəqil Azərbaycan dövləti ölkədə bütün siyasi qüvvələrin güclənməsi, güclü siyasi sistemin yaradılması, demokratik müzakirələrin, diskussiyaların, fikir mübadiləsinin, plüralizm meyillərinin gücləndirilməsini mühüm vəzifə hesab edir. Ona görə də bu gün ölkəmiz demokratiyanın inkişafına görə heç bir ölkədən geridə qalmır, bəzi hallarda respublikamızda olan demokratik vəziyyət başqa dövlətlər üçün də örnək ola bilər. Azərbaycanda daxili sabitliyin qorunması, möhkəmlənməsi, həm də ölkəmizin demokratikləşməsi dövlət siyasətinin əsas istiqamətləridir. Son 15 ildə həyata keçirilən dövlət siyasətinin əsasında ölkə vətəndaşının maraqlarının dayanması möhkəm təməl formalaşdırıb.

Demokratik proseslərin və milli inkişafın ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi də hər bir dövlətin ali vəzifəsidir. Müasir dövrdə insan hüquq və azadlıqları sahəsində baş verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq qanunvericilik normaları əsasında tənzimlənir.

Dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçən Azərbaycanda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmini bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Son 15 ildə respublikamızda insan hüquq və azadlıqlarının təmini prosesi daha da təkmilləşib və ölkəmiz bu sahədə böyük uğurlara imza atıb.

Demokratiyanın möhkəmlənməsi, insan hüquqlarının qorunması Azərbaycanın ən vacib prioritetləri sırasındadır. Hökumət bütün insan hüquqlarından və əsas azadlıqlardan tam yararlanmaları üçün Azərbaycan vətəndaşlarına zəruri şəraitin yaradılması istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir. İnsan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulan Azərbaycanda bu sahədə qazanılan uğurlar bir daha təsdiq edir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi yüksək nəticələrin əldə olunmasına imkan yaradır. İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir.  Bütün bunlarla bərabər, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. Ötən 25 ildə ölkəmizdə keçirilən 5 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi, o cümlədən 3 referendum demokratik seçki praktikasının təkmilləşdirilməsi, seçki təcrübəsinin artırılması ilə əlamətdar olub. Seçkilərin şəffaflığını təmin etmək üçün hətta böyük demokratiya tarixi olan ölkələrdə tətbiq olunmayan mexanizmlərdən, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilib.

Əminliklə söyləmək olar ki, aprelin 11-də ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri də şəffaf, ədalətli olacaq və xalqın iradəsini əks etdirəcək. Həm demokratik seçki qanunvericiliyinin olması, həm seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi bunları bir daha təsdiqləyir.

Prezident seçkilərinin gərgin mübarizə şəraitində keçəcəyi də indidən açıq-aydın görünür. Çünki 7 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb və seçki prosesinin namizədliyin irəli sürülməsi mərhələsi başa çatıb.

Bütün seçki proseslərində olduğu kimi, Mərkəzi Seçki Komissiyası yenə də müxtəlif seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı layihələr gerçəkləşdirməkdədir. İki mərhələli treninq proqramı həyata keçirilir. Həmçinin MSK-nın Treninq Qrupunun mütəxəssisləri tərəfindən çoxsaylı praktiki məşğələlər də keçirilir. Bununla yanaşı, MSK-nın "Seçki-2018" Müstəqil Media Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəz müasir telekommunikasiya imkanları ilə təmin olunub. Seçki subyektləri, namizədlər və onların səlahiyyətli nümayəndələri öz fikirlərini ictimaiyyətə çatdırmaq üçün mərkəzin imkanlarından istifadə edə bilərlər. Bununla yanaşı, yerli və beynəlxalq media nümayəndələrinin mərkəzdən istifadəsi üçün də lazımi şərait yaradılıb. Qeyd edək ki, seçkilərlə bağlı media mərkəzlərinin yaradılması beynəlxalq təcrübədə özünü doğruldub. Qabaqcıl ölkələrdə belə mərkəzlər fəaliyyət göstərir. Məqsəd seçki prosesinin ədalətli və şəffaf keçirilməsinə nail olmaqdır. Azərbaycan bu təcrübədən 2000-ci ildən etibarən istifadə edir. Zaman keçdikcə bu, daha da təkmilləşdirilir.

Bir sözlə, prezident seçkilərinin Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün ölkədə bütün zəruri addımlar atılır.