Azərbaycanın vitse-spikeri: "Rusiyada prezident seçkiləri şəffaf keçib"


Siyasət 19 Mar 2018 16:14:12 237 0

Azərbaycanın vitse-spikeri: "Rusiyada prezident seçkiləri şəffaf keçib"

Ziyafət Əsgərov: "Seçki prosesinin ümumi səviyyəsi çox yüksək idi"

"Rusiyada prezident seçkiləri şəffaf, demokratik keçib və yerli qanunlara tam uyğundur".

"Report"un Rusiya bürosunun verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Məclisinin vitse-spikeri, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının koordinatoru Ziyafət Əsgərov Rusiyanın Mərkəzi Seçki Komissiyasının binasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, seçki prosesinin ümumi səviyyəsi çox yüksək idi: "MDB üzrə müşahidəçilər Rusiyanın bir çox subyektlərində, şəhər və obyektlərində işləyib. Biz həm qısa, həm də uzunmüddətli seçki müşahidələri aparmışıq. Deyə bilərəm ki, seçkilərdə təşkilati məsələlər yüksək səviyyədə idi".

Onun sözlərinə görə, səsvermə prosesində yaranmış bəzi texniki problemlər heç bir halda seçkilərin nəticələrinə təsir etmir: "Seçki prosesi beynəlxalq müqavilələrə və beynəlxalq standartlara uyğun keçib".

Qeyd edək ki, seçkilərdə, ümumilikdə, 73,36 mlyon nəfər iştirak edib, bu da seçicilərin ümumi sayının 67,47%-ni təşkil edir. 

İlkin nəticələrə görə, Rusiyada keçirilən seçkilərdə Vladimir Putin qalib gəlib.