"Bakı Marafonu"nda iştirak etmək üçün 4 mindən çox şəxs qeydiyyatdan keçib FOTO


Digərləri 19 Mar 2018 16:13:00 262 0

"Bakı Marafonu"nda iştirak etmək üçün 4 mindən çox şəxs qeydiyyatdan keçib  FOTO

Martın 19-da "Bakı Marafonu-2018"in Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mətbuat konfransında mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq "Bakı Marafonu-2018"də iştirak etmək üçün qeydiyyat prosesi, təlimlər, yarışa hazırlıq, marşrut və yeniliklər barədə məlumat verilib.

Əvvəlcə "Bakı Marafonu-2018"ın rəsmi videoçarxı nümayiş olunub.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Heydər Əliyev Fondunun tədbirlərin təşkili şöbəsinin müdiri Abuzər Kazımov bildirib ki, Fond ölkəmizdə idmanın kütləviliyinin təmin olunmasına töhfəsini verir. İstər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda Fondun təşkilatçısı və dəstəyi ilə bir sıra idman tədbirləri keçirilib. Son illər bu məqsədlə tikilən sosial, mədəni və idman obyektləri gənclərin asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır.

Məlumat verilib ki, Fondun təşəbbüsü ilə ardıcıl üçüncü ildir təşkil olunan yarımarafon "Küləyə qalib gəl" şüarı altında keçirilir. Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunan layihənin icraçısı isə Sport Marketing Group (SMG) şirkətidir.

Mayın 13-də keçiriləcək yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar, yarışların keçirilməsi nəzərdə tutulur.

"Sport Marketing Group" şirkətinin direktoru Ayaz Əhmədov deyib ki, yarışda iştirak üçün martın 19-dək 4 mindən çox şəxs qeydiyyatdan keçib. Martın 7-dən başlayan qeydiyyat prosesi mayın 5-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs - Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilərlər.

Qeyd olunub ki, qeydiyyat məntəqələri paytaxtımızın "28 Mall", "Gənclik Mall", "Port Baku Mall" ticarət mərkəzlərində fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10:00-dan axşam saat 22:00-a qədər işləyir. Onlayn qeydiyyatdan keçmək istəyənlər "Bakı Marafonu-2018"in saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdır. Korporativ qaydada qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 manat ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər isə Heydər Əliyev Fondu tərəfindən ödənilir.

Marafona fəxri iştirakçılar da dəvət olunub, onların arasında tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və idmançılar da yer alacaq.

Qeydiyyat daha erkən başladığından bu ilki marafona daha çox iştirakçının qatılacağı gözlənilir.

"Bakı Marafonu-2018"in Təşkilat Komitəsi marafona qoşulanlar üçün həftədə iki dəfə pulsuz təlim-məşq təşkil edir. Hər həftənin şənbə günü qapalı ("Gənclik Mall"da yerləşən "Go Sport" idman malları mağazasında), bazar günü isə açıq hava (Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında) təlimlər keçirilir. Marafon iştirakçıları məşqlərdə müxtəlif isinmə-soyuma, dartınma hərəkətləri edir, uzun və qısa məsafəyə templə qaçışa necə hazırlaşmaq lazım gəldiyini öyrənirlər. Yarımarafona qoşulmaq üçün qeydiyyatdan keçənlər məşqlərdə iştirak edə bilərlər.


Xəbərə aid fotolar