Azərbaycan dünyanın ən aparıcı idman ölkələri ilə açıq rəqabət aparır Namiq Abdullayev


Digərləri 19 Mar 2018 13:39:00 322 0

Azərbaycan dünyanın ən aparıcı idman ölkələri ilə açıq rəqabət aparır  Namiq Abdullayev

Bu gün Azərbaycan dünyanın ən aparıcı idman ölkələri ilə açıq rəqabət aparır. Bütün bunlar Azərbaycanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur.

Bu barədə Son.az-a açıqlamasında Olimpiya və üçqat Avropa çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev bildirib.

Onun sözlərinə görə, ölkəmizin sürətli və dinamik inkişafı bütün digər sahələrdə olduğu kimi idman sahəsində də özünü göstərir: "Ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycanımız bu gün etibarlı əllərdədir. Hələ müstəqilliyimizin ilk illərində Ulu öndərin birbaşa təşəbbüsü və rəhbərliyi ilə başladılan idman hərəkatı tezliklə geniş vüsət aldı və bütün Azərbaycanı bürüdü. "Sağlam bədəndə sağlam ruh olar" fikrini hər bir azərbaycanlının düşüncəsinə salan və sağlam gənc nəsil yetişdirilməsini qarşıya məsqəd qoyan dövlətimizin həyata keçirdiyi idman siyasəti tezliklə öz bəhrəsini verdi. Yeniyetmə və gənclərimiz idmanın müxtəlif növləri ilə məşğul olmağa başladı, demək olar ki, bütün idman növləri üzrə yığma komandalar formalaşdı". AGF-nin vitse-prezidenti qeyd edib ki, qısa zamanda idmançılarımızın, xüsusən güləşçilərimizin əldə etdikləri nailiyətlər ölkəmizin dünya dövlətləri arasında idman reytinqinin artması ilə nəticələnib: "Güləş yığmalarımız qazandıqları nailiyyətlərlə həm ölkə daxilində, həm də xaricdə xeyli sayda azarkeşi ətrafına toplaya bildi. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandalarımızın Dünya Kubokunu qazanması, Yay Olimpiya Oyunlarında güləşçilərimizin uğurlu çıxışı güləş idman növünə marağı daha da artırdı, güləşə kütləvi axın müşahidə olundu. Yeniyetmə və gənclər ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən güləş zallarına gələrək Fərid Mansurov, Rövşən Bayramov, Toğrul Əsgərov, Hacı Əliyev kimi güləşçi olmaq istədiklərini bildirir, davamlı məşqlərə qatılır. Əlbəttə, bu nailiyyətlərin qazanılmasında ən yüksək səviyyədə dövlət rəhbərliyi tərəfindən idmana və idmançılara göstərilən diqqət və qayğının xüsusi payı var. Bu gün hər birimizin məqsədi qazanılmış bu nailiyyətləri qoruyub saxlamaq və bacardıqca daha da artırmaq üçün çalışmaq, bayrağımızı yüksəltmək, himnimizi səsləndirməkdır. Əminəm ki, idmançılarımızın hər biri bu hədəfi qarşıya qoyub və bu amal uğrunda çalışırlar".