Zaurun hamam xalatı, Könülün "ölməyi", Təranəyə üç il "həbs"


Şou-biznes 19 Mar 2018 07:14:00 493 0

Zaurun hamam xalatı, Könülün "ölməyi", Təranəyə üç il "həbs"

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (163-cü say) təqdim edir.

Bütün oxucularımın Novruz bayramını təbrik edirəm. Hər şey könlünüzcə olsun. Yazdığım təbrikə verdiyiniz qarşılıq üçün isə xüsusən minnətdaram. Ümumiyyətlə, bayram günləri olsa da, xəbərlər o qədər boldur ki, haradan başlayıb, harada bitirəcəyimi bilmirəm. Havalar da yazın gəlməsini gözləyirmiş kimi soyumağa başladı. Kimin qazı, işığı yoxdursa, bir az çətin olacaq. Qaz demişkən, o gün ATV-nin aparıcısı Zaur hamam xalatında efirə çıxıb qazsızlıqdan gileylənib. Camaat da aparıcını hamam xalatında efirə çıxdığına görə möhkəm qınayıb. Ancaq nə qədər qəribə görünsə də, bu dəfə Zaurun tərəfindəyəm. Bilirsiniz niyə? Maraq üçün onun aparıcısı olduğu verilişin indiki reytinqi ilə bir ay sonrakı arasında fərqə baxın. Təbii ki, efirə hamam xalatıyla çıxandan sonrakı reytinq ən azı əlli faiz çox olacaq. Məntiqlə belə çıxır ki, bir çox hallarda tamaşaçı məhz tənqid etdiyinə baxır, tənqid etdiyi müğənnini məclisinə çağırıb fəxr edə-edə, kimlərəsə yanmışlıq verə-verə şəkil çəkdirib paylaşır. Elə Zauru söyənlərin də yarıdan çoxu ona baxanlardı. Baxmayın, boykot edin, reytinq olmasın, o da belə etməsin. O soyunduqca siz baxırsız, Zaur da cuşa gəlir. Sabah da xalatı çıxaracaq. Görərsiniz...

Könül Xasıyevanın vəziyyəti ağır idi. Amma o ağır vəziyyətində o kanal sənin, bu kanal mənim, o toy sənin, bu xınayaxdı mənim. Gəzmədiyi veriliş, ağlamadığı proqram, getmədiyi xeyir-şər qalmadı. Əlbəttə, sənətkarın məclislərdən kənar qalması ayıb olar. Amma sənətkarın "ölürəm", "gedirəm" deyib, sonra konsert verməsi ikiqat ayıbdır. Təbii ki, tamaşaçı kimi Könül xanımı sənət aləminin böyük səslərindən sayıram. Ancaq inanın səmimiyyətimə ki, sənətin böyüklüyü insanın da böyüklüyü anlamına gəlmir. Lazım olsa, gələn həftə bu barədə daha ətraflı danışarıq.

Təranə Qumral üç il müddətinə həbs oluna bilər. Nazəninin vəkili belə deyib. Təranə də deyib ki, cəriməmi ödəmişəm, üzrxahlıq etməyəcəyəm, nə demişəmsə, düz demişəm. Görək bu biabırçılıq hara qədər uzanacaq? Ara yerdə xəmiri suya verəcəklər...Ya da çoxdan veriblər.