Aydın Cəfərov: "Rusiyadakı seçki təcrübəsi Azərbaycan üçün maraqlıdır"


Dünya 18 Mar 2018 17:35:02 327 0

Aydın Cəfərov: "Rusiyadakı seçki təcrübəsi Azərbaycan üçün maraqlıdır"

"Çünki MDB-də seçki prosesinin təkmilləşdirilməsi prosesi gedir"

"Digər MDB ölkələri üçün olduğu kimi, Azərbaycana da, Rusiya seçkilərinin təcrübəsi maraqlıdır, çünki MDB-də seçki prosesinin təkmilləşdirilməsi prosesi gedir".

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının baş katibinin müavini, Milli Məclisin Rusiyadakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov deyib.

"Bu gün MDB PA seçkilərin bütün mərhələləri daxil olmaqla prosesin əvvəlindən yekun vurulanadək uzunmüddətli monitorinq aparır. Yekunda ekspert qrupu seçkilərin beynəlxalq standartlara uyğunluğuna dair hüquqi sənəd verir. Bu, əsasən tövsiyə xarakteri daşıyır ki, bunu MDB ölkələri parlamentləri öz qanunvericiliklərini təkmilləşdirmək üçün tətbiq edə bilərlər", - deyə A.Cəfərov bildirib.

Onun sözlərinə görə, digər MDB ölkələri üçün olduğu kimi, Azərbaycana da, Rusiya seçkilərinin təcrübəsi maraqlıdır, çünki MDB-də seçki prosesinin təkmilləşdirilməsi prosesi gedir.

"Məsələn, Kazan vağzalında xüsusi seçki məntəqəsi yaradılıb. Burada hətta qeydiyyatı olmayan insanlar da səs verə bilərlər. Hesab edirəm ki, bu, çox yaxşı yenilikdir və vəziyyətə görə, yaşayış yeri üzrə seçki məntəqəsində iştirak edə bilməyən seçicilər üçün səsvermə prosesini sadələşdirir. Rusiyada seçkiləri təşkil etmək çətin vəzifədir: təsəvvür edin ki, təkcə Moskvada 8 milyon seçici var", - deyə A.Cəfərov bildirib.

O, həmçinin əlavə edib ki, ekspertlərin qərarları Azərbaycandakı prezident seçkilərindən sonra tam olaraq qəbul olunacaq.

"Bizim qərarımızın əsası MDB PA Şurasının aprelin 12-də Sankt-Peterburqda keçiriləcək iclasında təsdiq olunacaq. Qərar təsdiq olunduqdan sonra bütün MDB ölkələri parlamentlərinə göndəriləcək", - deyə MM-in Rusiyadakı rəsmi nümayəndəsi əlavə edib.