The Hill Azərbaycanın strateji əhəmiyyətindən yazdı FOTO


Siyasət 17 Mar 2018 22:28:00 308 0

The Hill Azərbaycanın strateji əhəmiyyətindən yazdı  FOTO

ABŞ-ın "The Hill" nəşri siyasi icmalçı, "Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" və "Erməni lobbisi və ABŞ-ın xarici siyasəti" kitablarının müəllifi Raul Loueri Kontrerasın "ABŞ mühüm ticarət yollarını qoruyur. Biz Azərbaycanı bu siyahıya əlavə etməliyik" sərlövhəli məqaləsini dərc edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə qlobal iqtisadiyyat üçün həyati önəm daşıyan, neft və qaz nəqlinin həyata keçirildiyi ticarət marşrutlarının mühafizəsi, Azərbaycanın təbii ehtiyatlarının dünya bazarlarına çıxarılması və onun tranzit ölkə kimi Birləşmiş Ştatlar üçün əhəmiyyətindən bəhs olunur.

Müəllif yazır ki, ABŞ-ın müttəfiqləri Yaponiya, Cənub Koreya və Tayvanın, həmçinin Çinin idxal etdikləri xam neft və neft məhsullarının 80 faizi 1,7 mil enində olan Malakka boğazından keçir. Birləşmiş Ştatlar müttəfiq ölkələrdə sabitliyin və iqtisadi inkişafın təmin edilməsi baxımından Malakka boğazını mühafizə edir. ABŞ, həmçinin dünyada hasil olunan xam neftin 40 faizinin tankerlərlə daşındığı və böyük əhəmiyyətə malik Hörmüz boğazını da mühafizə altına alıb.

Kontreras yazır ki, qədim İpək Yolu Azərbaycandan keçən yeni dəmir yolu xəttinin tikintisi sayəsində bərpa olunub. Bu, Çinə öz mallarını qısa marşrutla və az məsrəflə Avropaya göndərməyə imkan verir. Avropa ölkələri də bu marşrutla öz məhsullarını Asiyaya ixrac edə bilər.

Ekspert qeyd edir ki, Ermənistan ticarət marşrutlarından, yaxud tranzit dəhlizlərindən kənarda qalıb, çünki özünü işğalçı siyasəti ucbatından regional layihələrdən uzaqlaşdırılıb. Kontreras Azərbaycanın Birləşmiş Ştatlar üçün mühüm strateji əhəmiyyətə malik ölkə olduğunu vurğulayır. Müəllif ölkəmizin təkcə qərbyönümlü siyasət aparan geosiyasi cəhətdən mühüm ölkə və neft-qaz ixracatçısı olduğuna görə deyil, həm də ABŞ-la terrorizmə qarşı mübarizədə tərəfdaş olması, Əfqanıstandakı sülhün təmin edilməsi əməliyyatları üçün öz ərazisini və hava sahəsini yükdaşımalarında istifadəyə ayıran ölkə kimi ABŞ hökumətini Azərbaycanla əlaqələri genişləndirməyə çağırır.


Xəbərə aid foto