“Ələt azad iqtisadi zonası xarici investisiyanın artmasına səbəb olacaq”


Digərləri 17 Mar 2018 19:46:00 297 0

“Ələt azad iqtisadi zonası xarici investisiyanın artmasına səbəb olacaq”

"Ələt azad iqtisadi zonası xüsusi statusla, hasilatın pay bölgüsü statusuna bərabər statusla fəaliyyət göstərəcək".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsində öz əksini tapıb. İqtisadçı ekspert hesab edir ki, Ələt azad iqtisadi zonasının xüsusi status əsasında fəaliyyəti Azərbaycan iqtisadiyyatı və xarici investorlar üçün faydalı olacaq: "Ələt artıq terminal statusundan çıxaraq "Azad İqtisadi Zona" statusu qazanır. Bildiyiniz kimi, Ələt Azad İqtisadi zonasının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb və Milli Məclisdə iki oxunuşdan keçib. Nəticə etibari ilə sözügedən qanun Ələtə xüsusi status verir. Yəni, Ələt azad iqtisadi zonası xüsusi statusla, hasilatın pay bölgüsü statusuna bərabər statusla fəaliyyət göstərəcək. Bu statusun verilməsi xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir. Yeni güzəşt mexanizminin tətbiq olunması Ələt azad iqtisadi zonasına xarici investisiya cəlbini artıracaq. Burada artıq beynəlxalq hüquq normaları tətbiq ediləcək. Azərbaycanın öhdəliklərinin, eləcə də Ələt azad iqtisadi zonasında rezidentlərin öhdəliklərinin ayrıca qanunla müəyyənləşdirilməsi vacibdir. Təbii ki, bütün bunlar xarici investisiyanın cəlb edilməsinə imkan yaradacaq".

V.Bayramov əlavə edib ki, hazırda Avropa Birliyi, eləcə də Körfəz ölkələrindən investisiyanın cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Ölkəyə yatırılan investisiyanın təxminən yarısının xarici investisiyalar olduğunu deyən iqtisadçı hesab edir ki, Ələt azad iqtisadi zonasının formalaşması yaxın illərdə birbaşa xarici investisiyanın əlavə olaraq 3 mlrd. dollar artmasına imkan verəcək.

V.Bayramov hesab edir ki, Ələtin yeni statusu həm də istehsalın təşviq edilməsinə zəmin yaradacaq: "Ələt azad iqtisadi zonası həm də istehsalın təşviq edilməsi baxımından mühüm rola malik olacaq. Çünki, həmin məhsulların, eləcə də xidmətlərin ixracından ölkəyə valyuta axını güclənəcək".

Onun sözlərinə görə, strateji yol xəritəsində adambaşına düşən qeyri-neft ixracatının 450 dollara, bütovlükdə qeyri-neft ixracının 4,5 mlrd. dollara yaxın artırılması əsas hədəflərdəndir: "Azad iqtisadi zonanın yaradılması Ələtdə bugünkü 1,5 milyard dollarlıq qeyri-neft ixracının starteji yol xəritəsinə uyğun olaraq 3 dəfə artırılmasına imkan verəcək".