ABŞ ermənilərə görə beynəlxalq hüquqa niyə tüpürür?


Siyasət 17 Mar 2018 07:00:00 219 0

ABŞ ermənilərə görə beynəlxalq hüquqa niyə tüpürür?

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyan Amerika Birləşmiş Ştatlarına səfər edib. Bu azmış kimi ona ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməyə icazə verilib. 

Baş verənlərdən sonra artıq Azərbaycanda özünü dünyada haqqın və ədalətin, beynəlxalq hüququn qoruyucusu kimi göstərməyə çalışan ABŞ-ın ikili standartlı siyasət yürütməsinə bariz nümunə hesab edirlər.

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT MQ-nin həmsədri kimi vasitəçilik missiyasını üzərinə götürən, onun beynəlxalq hüquq normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması anormallıq, nonsens deyilmi?

Əgər bu normaldırsa, o zaman Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı və digər tanınmamış "respublika"ların rəhbərlərinə də niyə eyni şərait yaradılmır? Maraqlıdır, görəsən, niyə edilmir? Əgər ABŞ-da beynəlxalq hüquqa hörmət edirlərsə, dövlətlərin mövcud ərazi bütövlüyünü tanıyırlarsa, o zaman Bako Saakyana qarşı bu istisnalığın, isti münasibətin səbəbi nədir?

Axı necə ola bilər ki, durmadan ədalətdən danışan ABŞ-da separatçı bir rejimin başçısına Konqresdə icarə olunmuş otaqda erməni korpusunun nümayəndələri ilə görüşlər keçirməyə, konqresmenlərlə rahat təmasda olmağa, onların heç bir ölkə, o cümlədən elə Amerikanın özü tərəfindən tanınmayan separatçı qurumun adından mükafatlandırılmasına, görüşməsinə, ermənipərəst mərkəzlərdə görüşlər keçirdiyi imkan verilsin?

Bütün bunlar ABŞ xalqının bəyan etdiyi prinsiplərə və beynəlxalq hüququn tələblərinə zidd deyilmi?  

Sual olunur: özünü bütün dünyaya, o cümlədən ABŞ-a Dağlıq Qarabağın "başçısı" kimi təqdim edən şəxs Ermənistan pasportu və vizası ilə ABŞ-a necə səfər edə bilib? Son zamanlar miqrantlara qarşı sərt siyasət yürüdən Amerikada belə qanunsuzluğa kimlər, necə və niyə yol verir?

Qeyd edək ki, ABŞ-ın Dağlıq Qarabağ probleminə bu cür yanaşması Azərbaycanda ictimaiyyətində böyük hiddət doğurub. Politoloqlar, ekspertlər bu halı Vaşinqtonun siyasətinə ədalətsizlik və ikili standartlar kimi qiymətləndirirlər. Onların fikrincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə son qoymalı və bəyan etdiyi prinsiplərə sadiqliyini dərhal və əyani şəkildə göstərməlidir.

Məsələn, tanınmış politoloq, professor Fikrət Sadıxov Son.az-a bildirib ki, ABŞ-ın separatçı və işğalçı rejimin başçısına bu cür şərait yaratması birmənalı olaraq beynəlxalq hüquq normalarına açıq şəkildə tüpürməkdir:

"ABŞ özünü super dövlət hesab edir, demokratiyadan dəm vurur, dünayaya meydan oxuyur, hamını beynəlxalq hüquq normalarını yerinə yetirmək üçün öyüd-nəsihət verir. Amma özü elə bir addım atır ki, qətiyyən anlaşılmazdır. Bako Saakyanın ABŞ-a səfər edib orada görüşlər keçirməsinə şərait yaradılması həm Azərbaycanla münasibətlərə ziddir, həm də ABŞ-ın vasitəçilik roluna və nüfuzuna bir zərbədir. Vaşinqtonda çox gözəl başa düşürlər ki, Dağlıq Qarabağ adlı bir dövlət yoxdur. Deməli, Saakyan hansısa bir dövlətin pasportu ilə ABŞ-a girir. Deməli, ABŞ digər dövlətin parpostu ilə gəzən Saakyana viza verir və bununla saxtakarlığa göz yumur. Buna nə ad vermək olar? Bunu qətiyyən anlamıram. Çünki bəzi şəxslər aylarla ABŞ səfirliklərində gözləsə də, onlara müxtəlif bəhanələrlə viza verilmir. Amma hansısa separatçı rejimin "başçısı" saxta sənədlə viza ala bilir. ABŞ-ın bu etdikləri Azərbaycanın maraqlarına zidd addımdır".

Digər tərəfdən, separatçı rejimlərdən birini dəvət edirlər. Bəs Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı, Donbas kimi tanınmamış "respublika"ların rəhbərləri niyə ABŞ-a dəvət olunmur? Çünki onları müdafiə etmək ABŞ-ın maraqlarına ziddir, ona görə də dəvət olunmurlar. Təbii ki, biz başa düşürük ki, bəzi konqresmenlər ermənipərəst siyasət yürüdür. Hətta seçkilərdə ermənilərdən güclü maliyyə dəstəyi alırlar. Amma bunu açıq şəkildə biruzə vermək ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə zərbə vurur. Hər il Konqres Dağlıq Qarabağdakı separatçı rejimə 15 milyon dollar ayırdığından bəlkə də bu bizi təəccübləndirməməlidir. Çünki bu elə həmin siyasətin davamıdır. Ona görə Azərbaycanın rəsmi şəkldə ABŞ-a etiraz etməsi və nota verməsi düzgün addımdır. Amma təəssüf ki, ABŞ-ın burdakı səfiri məsələ ilə bağlı çox mücərrəd və mənasız cavab verib. Guya bunlar bizim ərazi bütövlüyümüzü tanıyır. Bu, əslində, protokol üçün formal xarakterli bir cavabdır və arxasında heç bir konkret fakt dayanmır. Ona görə də belə cavabla özünü daha gülünc vəziyyətə salır".

Vəziyyəti Son.az-a şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov isə hesab edir ki, bununla ABŞ öz maraqlarını təmin etmək üçün həm Azərbaycana, həm də Rusiyaya təzyiq göstərməyə çalışır:

"Ermənilərin Dağlıq Qarabağda yaratdıqları qondarma rejim ABŞ tərəfindən bir alət kimi istifadə olunur. Bako Saakyanın ABŞ-a səfərinin təşkil edilməsində məqsədlərdən biri Ermənistanla Rusiya arasında münasibətləri korlamaq, eyni zamanda, özünün bir sıra maraqlarını təmin etmək üçün Azərbaycana təzyiq göstərməkdir. Saakyan ABŞ üçün Rusiyaya qarşı istifadə edilməsi üçün hazır mənbədir. İstisna deyil ki, amerikanlar Saakyanın dediklərindən gələcəkdə Rusiyaya qarşı istifadə edəcəklər.

ABŞ rəsmiləri onun Azərbaycan vətəndaşı, Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olması və saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə viza alıb ABŞ-a gəldiyini də yaxşı bilirlər. Sadəcə özləri bilərəkdən buna şərait yaradırlar. Çünki ABŞ Dağlıq Qarabağ məsələsindən regionda öz təsirini gücləndirmək və Azərbaycana təzyiq mexanizmi kimi istifadə etməyə çalışır. Ona görə də ABŞ-ın etdiklərini təkcə ikili standarlar adlandırmaq yetərli deyil, bu, dünyanı barmağına dolamaq, bütün hüquq və normaları tapdalamaq deməkdir".

Xatırladaq ki, məsələ ilə əlaqədar bir neçə gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası ona təqdim edilib. Bundan əlavə, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Azərbaycan XİN artıq bəyan edib ki, ABŞ bu addımı ilə Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub və bu davranışa cavab olaraq, Azərbaycan Respublikası ABŞ ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcəkdir.

İlkin İzzət Son.az


Xəbərə aid fotolar