ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanla ABŞ arasındakı strateji əməkdaşlıq müzakirə olunub


Digərləri 17 Mar 2018 02:11:00 260 0

ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanla ABŞ arasındakı strateji əməkdaşlıq müzakirə olunub

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan ConBatçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb

Bakı. ABŞ-da məşhur və geniş auditoriyaya malik olan ConBatçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, müsahibə zamanı müxbir Xəzər dənizi regionunda güclü dövlət olan Azərbaycanın hazırda münaqişədən əziyyət çəkdiyini bildirib, İran və Rusiya ilə həmsərhəd olan Azərbaycanı ABŞ üçün regionda mövcud olan xəzinə kimi qiymətləndirib. O, Azərbaycanın dost və tolerant ölkə olduğunu qeyd edib. Azərbaycanın Buş, Obama administrasiyası ilə yaxşı münasibətlərinin qurulduğunu və hazırda Tramp administrasiyası ilə davam etdirilidiyini Amerika dinləyicilərinə xatırladan müxbir Azərbaycanın demokratik müsəlman dövləti olduğunu vurğulayıb. Son günlərdə nüfuzlu “Washington Times” qəzetində Azərbacyanın 11 sentyabr terror hadisələrindən sonra ABŞ-a yardım edən ilk ölkə olmasına dair məqaləyə toxunan aparıcı həmin məqalənin müəllifi Ceyms Laysonsun dəyərli təhlilini Yaxın Şərqdəki dolaşıq vəziyyət fonunda Azərbaycanın bu gərginlikdən kənarda qalmasına işarə edərək təqdir edib. Aparıcı Obama administrasiyasından Tramp administrasiyasına keçid dövründə Azərbaycanla ABŞ münasibətlərinin cari vəziyyətinə dair səfir Süleymanova sual verib. Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığa sadiqliyini vurğulayan məqalədə doğurdan da maraqlı məqamlara toxunulduğunu bildirən səfir Süleymanov Azərbaycanın 11 sentyabr terror hadisəsinin törədilməsindən bir neçə saat sonra ABŞ-a terrorçuluqla mübarizədə şərtsiz yardımını təklif etdiyini vurğulayıb. Baş verən çoxsaylı hadisələr fonunda bu günə qədər yaranmış və gələcəkdə də inkişaf etdirilməsinə ehtiyac olan strateji tərəfdaşlığın vacibliyini diqqətə çatdııb. Ümumilikdə ABŞ-la və hazırda Tramp administrasiyası ilə münasibətləri müsbət qiymətləndirən diplomat bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidini ifadə etmiş və iki ölkə arasında bir çox sahələr üzərində iş getdiyini qeyd edib. Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılmış separatçı rejimin “başçısının” qeyri-qanuni yolla əldə edilmiş viza vasitəsilə son günlərdə Vaşinqtona gəlməsi və onun Konqresin inzibati binasında erməni lobbisinin təşkil etdiyi tədbirdə iştirakına toxunan səfir Süleymanov bu məqamın ABŞ-ın strateji maraqlarını sarsıtdığını bildirib. Diplomat iki ölkə arasında olan strateji tərəfdaşlığın vacibliyinin adekvat qiymətləndirilməsinə ümidini ifadə edib. Azərbaycanın strateji əhəmiyyətini vurğulayan müxbir 2017-ci ildə Azərbaycana səfəri zamanı İpək Yolu layihəsinin dəmir yolu versiyası barədə bir çox məlumatlar eşitdiyinə toxunub. Azərbaycanda dəmir yollarının mövcudluğu, Şimal-Cənub marşrutunun olduğunu və perspektivdə Şərq-Qərb marşrutunun olacağını qeyd edən jurnalist İpək Yolu layihəsinin bundan sonrakı inkişaf dinamikasını sorğu edib. Səfir Süleymanov İpək Yolunun ayrılmaz hissəsi olan Bakı-Tbilis-Qars dəmir yolu layihəsinin regional və qlobal əhəmiyyətini qeyd edərək, onun 2017-ci ilin 30 oktyabr tarixində açılışının keçirildiyini qeyd edib. ATƏT çərçivəsində təsis edilmiş İpək Yolu qrupunun bir neçə gün öncə Bakıda görüşünün keçirilməsini xatırladan diplomat sözügedən görüşdə Azərbaycanın tranzit rolunun yalnız bölgə üçün deyil, qlobal əhəmiyyəti və təsirinin müzakirə olunduğunu bildirib. Səfir bunun Asiya və Avropa arasında çox vacib bağlantı olduğunu diqqətə çatdırıb, İpək Yolunun tarixi və mədəni köklərə bağlılığı ilə yanaşı, bu layihənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər dövlətlər arasında strateji əməkdaşlıq münasibətlərinə əsaslandığını qeyd edib. O, bölgədə bu tipli inteqrasiya layihələrinin vacibliyini və ABŞ-ın bu layihələri dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra, müxbir Cənubi Qafqazın Xəzər dənizi ilə Qara dəniz arasında körpü roluna istinad edərək, bu bölgədə dəyişikliklər üçün maliyyə resurslarının vacibliyinə və müəyyən əleyhdarların olduğuna işarə edərək dəmir yolu layihələrinin gerçəkləşməsində hər bir tərəfin maraqlı olub-olmadığı barədə sual ünvanladı. Səfir suala cavab olaraq bildirmişdir ki, maliyyə resurslarının əhəmiyyətli olmasına baxmayaraq, inkişaf edən və çiçəklənən bölgə üçün əməkdaşlıq olduqca vacibdir. Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6727102-the-silk-road-promise-of-baku-and-the-south-caucasus-what-is-to-be-done-elinsuleymanov-azerbaijan-ambassador-to-the-us internet səhifəsindən əldə etmək olar. Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin