VI Qlobal Bakı Forumunda Çinin xarici siyasəti müzakirə olunub FOTO


Digərləri 16 Mar 2018 23:18:00 260 0

VI Qlobal Bakı Forumunda Çinin xarici siyasəti müzakirə olunub  FOTO

VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən növbəti panel "Çinin xarici siyasətini necə başa düşmək olar" mövzusuna həsr olunub.

Son.az Trend-ə istinadən bildirir ki, iclasa moderatorluq edən ABŞ dövlət katibinin Cənubi Asiya regionu üzrə köməkçisinin sabiq müavini, Paulson İnstitutunun vitse-sədri Evan Faygenbaum Çinin qlobal güc balansına geniş şəkildə təsirindən, xarici siyasət məqsədlərinin hansı maraqlara əsaslanmasından, qlobal balans və inklüziv cəmiyyətlərin yaradılması üçün beynəlxalq birliyin bu ölkə ilə necə əməkdaşlıq qurmasından söz açıb.

Ömrünün 30 ilindən çoxunu bir mütəxəssis kimi Çinin öyrənilməsinə həsr etdiyini deyən moderator bu ölkənin sürətlə inkişaf etdiyini söyləyib. O deyib ki, fərqli iqtisadi modellərin mövcud olduğu Çində iqtisadi inkişaf 2000-ci illərlə müqayisədə aşağı düşüb: "O vaxtdan bəri Çin siyasətini dəyişdirərək bazarlara nüfuz etməyə başlayıb. Çin təşəbbüslə çıxış edir və özünü təsdiqləməyə çalışır. Çinin ikitərəfli və çoxtərəfli siyasətində böyük liderlik özünü göstərir. Onun bir sıra sahələrdə bazar payı çoxdur. Yüksək gərginlikli elektrik xətləri sahəsində Çin böyük nailiyyətlər qazanıb".

Dünya əhalisinin beşdə birinin Çində yaşadığını söyləyən Makedoniya prezidenti George İvanov bildirib ki, 10 ildən çoxdur Çin dünya iqtisadiyyatının liderlərindəndir. Dövlət başçısı deyib ki, Çin iqtisadiyyatı ixracdan asılıdır və bunun böyük hissəsi dəniz yolları vasitəsilə həyata keçirilir. Çinin yeni bazarların axtarışına təkan verməsi bu ölkənin gələcək inkişafı baxımından çox yaxşı fürsətlər yaradır. Çinin böyük İpək Yolunun bərpası istiqamətində səyləri sivilizasiyalar arasında inkişafa təkan verəcək. Makedoniya prezidenti deyib ki, "Bir kəmər, bir yol" layihəsi nəinki Çinin, həm də qonşu ölkələrin iqtisadiyyatına müsbət təsirini göstərəcək. Bu ölkədə 600 milyondan çox internet istifadəçisinin olduğunu və 180 min çinli tələbənin dünyanın müxtəlif ölkələrində ali təhsil aldığını söyləyən natiq qeyd edib ki, bütün bunlar Çinin müasir inkişafının bariz göstəricilərindəndir.

Serbiyanın sabiq prezidenti Boris Tadiç deyib: "Bu gün biz Çin fəlsəfəsini anlamaq üçün yığışmışıq. "Bir kəmər, bir yol" strategiyası yeni Çin yanaşmasıdır, yeni strategiyadır".

Bu gün ABŞ ilə Çinin iqtisadiyyatının bir-birindən çox asılı olduğunu söyləyən sabiq prezident qeyd edib ki, Çin böyük və önəmli bir bazardır. Hazırda Çin iqtisadi, hərbi baxımdan qlobal supergüc olmaq üçün ABŞ-la rəqabət aparmalıdır. Çin, həmçinin bir sıra rəqib ölkələrlə üz-üzədir. Eyni zamanda, yeni texnologiyalar və yeni elmi nailiyyətlər Çinin hədəfidir.

Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun Avropa məsələləri üzrə vitse-prezidenti Lian Ciençuan deyib: "Bakıda olmağımdan çox şadam. Bu şəhərin gözəlliyi məni valeh etdi. Bu imkanı bizlərə yaratdığı üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Azərbaycan Hökumətinə minnətdaram". Vitse-prezident qeyd edib ki, Çinin inkişaf etmiş ölkəyə çevrilməsi bizim üçün olduqca əhəmiyyətlidir. XXI əsr Çinlə bağlıdır. Ötən ilin oktyabrında Kommunist Partiyasının növbəti qurultayında Çin strateji yolunu müəyyən edib. Çin üçün digər ölkələrlə münasibətlər önəmlidir.


Xəbərə aid fotolar