Bako Saakyanın Amerikaya səfəri ikili standartın bariz nümunəsidir VİDEO


Siyasət 16 Mar 2018 22:17:00 324 0

Bako Saakyanın Amerikaya səfəri ikili standartın bariz nümunəsidir  VİDEO

Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri rəsmi Vaşinqtonun siyasətində mövcud olan ikili standartları bir daha ortaya qoydu. Çünki bu dövlət dünyadakı digər qondarma rejimlərə qarşı eyni mövqeyi nümayiş etdirmir. Əslində bu şəxsin nəinki Konqresin binasında görüşlər keçirməsi, hətta ABŞ-a girməsi də ayrıseçkiliyin nümunəsidir.

Son.az bildirir ki, millət vəkili, politoloq Rasim Musabəyov deyir ki, üstəlik bu hərəkət adi bir dövlət tərəfindən yox, ATƏT-in Minsk qrupunın həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi üzərinə götürən, dünyada haqqın və ədalətin keşiyində dayandığını bəyan edən bir dövlət tərəfindən edilir. Yəni məsələyə hansı tərəfdən baxsan, beynəlxalq hüquq və normaların pozulduğunu aydın görmək olur.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Azərbaycanın ABŞ-a verdiyi notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə və ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd edilib. ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: