“İlk dəfə səs verirəm” mövzusunda tədbirlər təşkil edilib


Digərləri 16 Mar 2018 20:04:33 175 0

“İlk dəfə səs verirəm” mövzusunda tədbirlər təşkil edilib

Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə maarifləndirici tədbirlər davam edir.

Bakı. Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə maarifləndirici tədbirlər davam edir. Fonddan Trend-ə verilən məlumata görə, “İlk dəfə səs verirəm” mövzusunda növbəti tədbirlər gənc seçicilərin iştirakı ilə Ağstafa və Qazax rayonlarında keçirilib. Ağstafa Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Bilik Fondunun Koordinasiya Şurası Hüquqi maarifləndirmə bölməsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, professor Nazim Əliyev təlimçi qismində çıxış edib. Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri, Ağstafa Regional Bilik Evinin rəhbəri Leyla İsayeva tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib və rayonda seçkilərlə bağlı görülən təşkilatı işlərdən danışıb. Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev gəncləri dövlətə, vətənə, cəmiyyətə münasibətdə laqeyid olmamağa çağırıb və seçkidə iştirak edərək, seçmək hüququndan istifadəni vətəndaş mədəniyyətinin yüksək həddi kimi dəyərləndirib. Professor Nazim Əliyev ilk dəfə səs verəcək gənclərə seçki prosedurları haqqında ətraflı məlumat verib, seçkilərin xalqın həyatında oynadığı roldan bəhs edərək, hər kəsin səsvermə prosesinə qoşulmasının vətəndaşlıq borcu olduğunu bildirib. Hüquqşünas Seçki Məcələsinin tələblərinə uyğun olaraq, səsvermə prosedurunu əyani formada ilk dəfə səs verəcək gənclərin diqqətinə çatdırıb. Tədbirdə iştirak edənlər – Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əziz Məsmalıyev, Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Rayon Şöbəsinin sədri Yaqub İsmayılov, Gənclər və İdman İdarəsinin rəis müavini Kamilə Zamanova, Təhsil Şöbəsinin metodisti Əli Əliyev Bilik Fondunun bu istiqamətdə həyata keçirdiyi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq, demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsini dövlətçiliyin zəruri elementi kimi dəyərləndiriblər.