Cavid Hüseynov Rasim Əliyevin öldürülməsi ilə bağlı ilk dəfə BÜTÜN GİZLİNLƏRİ AÇDI MÜSAHİBƏ


Digərləri 16 Mar 2018 18:51:34 296 0

Cavid Hüseynov Rasim Əliyevin öldürülməsi ilə bağlı ilk dəfə BÜTÜN GİZLİNLƏRİ AÇDI  MÜSAHİBƏ

Onunla üz-üzə gəlməyə, hətta söhbətləşməyə tərəddüd edirdim. Çünki faciənin yaşayan tərəfi o idi. Hamı cavabsız qalan bütün sualları onda axtarırdı, o isə 20 kvadratlıq otaqda qaçmağa yer. İstənilən cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs 4 divar arasına məhkum edilir və ən ağır cəza olaraq bu verilir. Ancaq o şəxsin bir də futbolçu olduğunu düşünün. Peşəsinin, uşaqlığının, həyatının qayəsi qaçmaq olan insanın 4 divar arasına salınması da cinayət qədər ağrılı bir durumdur. Müasir cəmiyyətdə insanların ağrılarına şərik çıxmaq, onlarla empatiya qurmaq muzeyə qoyulacaq dəyərə çevrilsə də, o dəyəri bir neçə saatlıq oğurlayıb Cavid Hüseynovla görüşdüm.

Onu tanıyırsınız. Ancaq bilmədiyiniz tərəfləri ilə tanıyırsınız.

"Qəbələ" klubunun yarımmüdafiəçisi Cavid Hüseynov verdiyi müsahibəsində ən dərində gizlətdiyi tərəflərini açdı.

- Cavid bəy, başlayaq elə top qovmağa başlamanızdan.

- Futbola başlamağıma səbəb qardaşım oldu. O, uşaq yaşlarından futbola gedirdi. Məndən də qat-qat yaxşı oynayırdı. Sonra səhhətində problemlər yarandı və idmanı atmağa məcbur oldu.Mən o zamanlar gimnastikaya gedirdim. İki il idi ki, akrobatika ilə məşğul idim. Ancaq qardaşım futbolu atandan sonra anam və o, məni futbola yönəltdi. Bakıxanovda yerləşən Respublika Olimpiya Liseyinə yazıldım və alt qruplarda professional futbola başladım.

- Gimnastikaya maraq necə yaranmışdı?

- Uşaq idim. Tam dərk edə bilmirdim. Akrobatik hərəkətlər etmək, salto vurmaq xoşuma gəlirdi. Ona görə gimnastikanı seçmişdim.

- Daha sonra professional karyeraya başladınız...

- Liseydə Rəhman müəllim mənim ilk müəllimim olub. O, mənə çox dayaq oldu. Bir ata kimi mənə qayğı göstərirdi. Komandada 88-ci illərin kapitanı seçildim. Uşaq futbolunda da uzun müddət kapitan oldum. 16 yaşım var idi. Futbolçu Ramiz Məmmədov məktəbimizə gəlmişdi. O vaxt Nazi Şensoyun rəhbərliyi altında "Turan"da oynayırdı. Rəhman müəllim ona məsləhət gördü ki, mənim oyunumu izləsin. Oyunumu izlədi və xoşuna gəldi. O, məni öz klubuna apardı. Nazi Şensoy da məni izlədi və komandada saxladı. Professional karyerama da beləcə Tovuzun "Turan" komandasında başladım.

- Peşəkar karyeranız ərzində bir dəfə legioner həyatı yaşamısınız. Necə xatırlayırsınız o günləri?

- Sözün düzü, mənim üçün heç yaxşı dövr deyildi. "Neftçi"də oynayarkən davamlı olaraq əsas heyətə çıxa bilmirdim. Səbəbini bilmirəm. "Neftçi"dən ayrılandan sonra heç bir klubdan təklif almadım. Ona görə də üz tutdum Türkiyəyə. Menecerlər vasitəsilə əlaqə yaratdım və "Adana Demirspor"a transfer oldum. Əvvəl hər şey yaxşı idi. Maddi baxımdan hər şey qane edirdi. Münasibətlər də əla idi. Ancaq bir müddətdən sonra maddi sıxıntılar yaranmağa başladı. İndi də onların 1-ci liqasında çıxış edən komandalarda bu sıxıntı davam etməkdədir. Ailəli idim. Gördüm ki, o şərtlər altında çox qala bilməyəcəm. 2 illik müqaviləm olduğuna görə buraxmırdılar. Ancaq mən təkid etdim və geri qayıtdım.

- Neçə oyuna çıxmışdınız?

- Əsas heyətdə 5-6 oyun keçirmişdim. Oyunumu bəyənirdilər. Sadəcə maddi sıxıntılara görə söz-söhbətlər yaranmışdı. Legioner həyatı yaşadığım üçün mənə daha çətin idi. Qayıdandan sonra isə "Bakı" klubu ilə müqavilə bağladım. 19 yaşımda milli komandaya dəvət aldım. O zaman Berti Foksun dönəmi idi. Yavaş-yavaş oyunum inkişaf etməyə başladı və hər şey öz yoluna düşdü. Sonra "Bakı" klubunun işləri yolunda getmədi və iflas etdi. Mən də "Qəbələ" ilə razılığa gəldim.

- Millidən söz açmışkən, Qurban Qurbanov sizə də dəvət göndərmişdi. Millidəki hədəflər nələrdir? Yeni baş məşqçi var, yeni liqa var...

- Hədəflər hər zaman maksimum olmalıdır ki, məqsədinə çata biləsən. İlkin məqsəd hələ ki, qrupdan çıxmaqdır.

- Millətlər Liqasında əvvəlki rəqiblər olmayacaq. Sizcə, şansımız daha çoxdur?

- Asan olmayacaq. Ona görə rahatlaşmamaq lazımdır. Şansımızın necə olduğunu oyunların gedişatında daha yaxşı hiss edəcəyik.

- Qurbanovla işləmək necədir? İlk dəfədir onunla bir aradasınız.

- Maraqlıdır. Qismət indi görüşmək imiş. Düzdür, daha əvvəllər onunla işləmək şansı var idi. Çünki "Qarabağ"a keçmək istəyirdim. Ancaq alınmadı. İndi millidə birgə işləyirik. Özünü sübut etmiş məşqçidir.

- Bəs "Qarabağ"a keçid niyə alınmadı?

- Düzün desəm, yadımda qalmayıb (gülür).

- Yaddaşla bağlı ciddi probleminiz var? Çünki "Keşlə"- "Qəbələ" oyununun keçiriləcəyi saata müsahibə salmışdınız və bu oyun günü yadınıza düşmüşdü.

- Bəli. Çox ciddi problemlərim var. Məni tanıyan hamı bunu bilir.

- Millidə "Qarabağ"ın oyunçuları sayca üstünlük təşkil edir. Bu narahatlıq doğurmur ki?

- Bu gün formada olan yerli futbolçulardan kim varsa, hamısı millidədir. Kim layiq görülübsə, o da çağırılıb. "Qarabağ"ın futbolçularının sayının çox olması isə kiməsə mane olacaq bir durum deyil. Onların çoxu ilə uşaq vaxtından birlikdə olmuşuq, münasibətlərimiz yaxşıdır.

- Son görüşdə "Keşlə" ilə qarşılaşdınız. Oyun daha çox hakimin kobud səhvləri ilə yadda qaldı...

- Oyunu tribunadan izləyirdim. Konkret olaraq penalti epizodundan danışsaq, orada yüzdəyüz yanlış qərar verdi. Çünki ilk toxunuş bizim futbolçudan olmuşdu. Topu kənara atandan sonra Kamran sürüşərək müdaxilə etmək istədi və özünü saxlaya bilmədi. Bizim futbolçu ilə toqquşdu. İlk toxunuş "Qəbələ"nin futbolçusundan olduğuna görə avtomatik penalti təyin edilməli idi. Ancaq olmadı. İkinci epizodda isə qol ofsayd sayıldı. O da düzgün qərar deyildi. Sonradan kameradan da izlədik həmin epizodu. Oyunun nəticəsinə təsir edəcək iki qolluq vəziyyət yanlış dəyərləndirildi. Hamı insandır. Başa düşmək olar. Ancaq nəzərəçarpacaq dərəcədə yanlış qərarlar vermək bir az da haqsızlıqdır.

- Premyer Liqada son dörd oyunun üçündə məğlub olmusunuz. "Qəbələ"də nə baş verir?

- Qış fasiləsindən qayıdandan sonra zəif çıxış edirik. Bilmirəm, bu, psixoloji durumla, ya başqa bir şeylə bağlıdır. Əvvəlki illərdə də eyni vəziyyət yaşanıb. Üzücü haldır. Azarkeşlərimiz də məyus olur. Vəziyyətdən çıxmağa çalışırıq. Ancaq buna rəğmən turnir cədvəlinin ikinci pilləsindəyik. Reallığa baxsaq, çempionluq bizdən uzaq görünür. Motivasiyamız zəif olsa belə, mübarizəni davam etdirəcəyik.

- Qriqorçuk sizi çox sıxır?

- Tələbkar məşqçidir. Bəzən olur, çox sıxır. Ümumiyyətlə, məşqçilik çətin peşədir. İkiqat yük düşür adamın çiyinlərinə. Hər futbolçunun öz xarakteri var. Bu baxımdan onun işi asan deyil. Ona görə də məşqçimizi başa düşməyə çalışırıq.

- O gələndən sonra "Qəbələ"də nələr dəyişdi?

- Çox şey. İki il Avropa Liqasında oynadıq, qrupa düşmək özü kiçik nəticə deyil. Avropa Liqasında "Panatinaikos" bizim üçün arzuolunmaz rəqib idi. Həqiqətən, güclü komanda idi.

- 2015-ci il hadisələrindən danışaq. Hər şey necə başladı?

- "Apollon"la səfər oyununda rəqib komandanın azarkeşləri bayrağımızı təhqir etmişdi. O gün stadionda təzyiq dözülməz idi. Biz qol vuranda sonra isə daha da çoxaldı. Yəqin ki, mənim kiprli jurnalistə olan jestimə toxunmaq istəyirsiniz...

- Bəli. Yunan jurnalist sizdən konkret olaraq nə soruşmuşdu?

- Bakıda cavab oyun idi. Biz "Apollon"a qalib gəldik və qrupa düşdük. Oyun bitdi və biz avtobusa tərəf gedəndə jurnalist ingilis dilində məndən soruşdu ki, Türkiyənin bayrağını niyə əlimə götürmüşəm. Çünki oyundan sonra əvvəl öz bayrağımızı, daha sonra Türkiyənin bayrağını götürüb dalğalandırdım. Bu hərəkətim də yunanlara təsir etmişdi. Mən də sualın cavabında yumruqlarımı bir-birinə vuararaq "Azərbaycanla Türkiyə qardaşdır" dedim. Hər şey də bu söhbətdən qaynaqlanmışdı.

- Bəs məlum hadisə necə cərəyan etdi? Yəni, siz necə xəbər tutdunuz ki, mərhum jurnalist Rasim Əliyev haqqınızda paylaşım edib?