"Saakyanın ABŞa səfəri Vaşinqtonun Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil"


Siyasət 16 Mar 2018 18:35:00 326 0

"Saakyanın ABŞa səfəri Vaşinqtonun Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil"

ATƏT-in Minsk qrupunun həmsədri olan, özünü dünyada sülh və demokratiya carçısı adlandıran Amerika Birləşmiş Ştatlarının Azərbaycanın ərazi bütövlüyünə qarşı münasibəti qəbuledilməzdir.

Son.az  xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfərinə münasibət bildirərkən deyib.

B.Muradova bildirib ki, bu hadisə həm təəccüblüdür, həm də narahatlıq doğurur:

"Birləşmiş Ştatların oxşar məsələlərdə başqa ölkələrə də münasibətini görürük. Amma Azərbaycana qarşı bunun tam əksini görürük. Artıq dünyada beynəlxalq hüququn prinsiplərinə söykənən, bu standartlara uyğun siyasət demək olar ki yoxdur. Ona görə də bu məsələdə birmənalı fikir söyləmək çətindir. Çünki ən böyük dövlətlərin xarici siyasətindəki ziddiyyətlər imkan vermir ki, konkret fikir söyləyək. Yəni indi biz qətiyyətlə bilmirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan böyük dövlətin separatçılığa, bölücülüyə, ölkələrin ərazi bütövlüyünə münasibəti birmənalıdır".

Milli Məclisin sədr müavini qeyd edib ki, B.Saakyanın ABŞ-a səfəri və Konqresdə görüşlər keçirməsi rəsmi Vaşinqtonun həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil:

"Düşünmürəm ki, orada kimsə qondarma rejimin tanınmadığını, Azərbaycanın işğal olunmuş ərazisində separatçı rejimin fəaliyyət göstərdiyini bilməsin. Belə bir qanunsuz rejimin "rəhbəri"nin ABŞ-a dəvət olunmasının, müxtəlif tədbirlərdə, qəbullarda iştirakının, açıqlamalar verməsinin ATƏT-in Minsk qrupunun mandatına uyğun olmadığını, beynəlxalq hüquq normalarına zidd olduğunu ABŞ anlamamış deyil. Bununla da onlar ən azından öz mövqelərini Azərbaycanda şübhə altına atır, problemin həlli üçün səy göstərdiklərinə inamı azaldır".