ABŞRusiya: Mərkəzi Asiyada qarşıdurmanın yeni əlamətləri


Dünya 16 Mar 2018 16:42:00 236 0

ABŞRusiya: Mərkəzi Asiyada qarşıdurmanın yeni əlamətləri

Amerika ordusu Mərkəzi Komandanlığının başçısı general Cozef Votelin fevralın 27-də Nümayəndələr Palatasındakı çıxışında bir sıra məsələlərdə Rusiyanı ittiham etməsi cavabsız qalmayıb.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, Rusiya XİN yaydığı bəyanatda orada söylənən bəzi fikirlərə münasibət bildirib. Bununla da Vaşinqtonla Moskva arasında növbəti söz atışması başlayıb. Amerika Kremli Mərkəzi Asiyada "neqativ işlərlə" məşğul olmaqda, o cümlədən ABŞ-ı buradan sıxışdırmaqda günahlandırır. Moskva isə həmin regionda fəallığının təbii olduğunu əsaslandırmağa çalışır. Pentaqonun Mərkəzi Asiya məsələsini ortaya atmasını ekspertlər düşündürücü hesab edirlər. Çünki həmin regionda Çin daha fəaldır. Niyə ABŞ Moskvanı ittiham edib onu əsas rəqib kimi təqdim edir? Bu, Mərkəzi Asiyada hansısa münaqişənin hazırlandığı anlamına gələ bilərmi? Bu kimi suallara cavabın üzərində dayanmağı lazım bilirik.

İttihamların pərdəarxası: qarşıdurma güclənirmi?

ABŞ-Rusiya qarşıdurması dünyanın müxtəlif regionlarına yayılmaqda davam edir. Hazırda bu, daha çox Yaxın Şərqdə özünü göstərir. Lakin zaman-zaman Şimali Koreya məsələsində də bir-birini ittihamedici fikirlər səsləndirilir. Fevralın 27-də Konqresdəki çıxışı zamanı Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığının başçısı general Cozef Votel Mərkəzi Asiyada da iki böyük dövlətin maraqlarının toqquşduğunu ifadə edib.

Amerikalı general Moskvanı həmin regionun dövlətlərini Vaşinqtonla əməkdaşlıqdan çəkinməyə məcbur etdiyini vurğulayıb. Bunun üçün Kreml ABŞ haqqında "doğru olmayan informasiyalar yayır" (bax: МИД РФ: США стремятся отсечь страны Центральной Азии от сотрудничества с Россией / ТАСС, 3 mart 2018). Bu, Amerika üçün "problemlər yaradır". Nəticədə, Mərkəzi Asiya dövlətləri "iqtisadiyyat və təhlükəsizlik" sahələrində "daha çox Rusiyaya üstünlük verirlər".

Amerikalı general onu da vurğulayıb ki, Rusiya Avrasiya inteqrasiyası layihəsini də regionda "dominant təsiri bərpa etmək" naminə reallaşdırır. Yəni Kremlin sözdə inteqrasiyadan danışmasının arxasında sırf məxsusi maraqları dayanır. Həmin maraqlar Mərkəzi Asiya dövlətlərini dünyanın böyük dövlətlərinin təsirindən təcrid etmək, onların Moskvanın lazım bildiyi modellə inkişafını stimullaşdırmağı nəzərdə tutur.

C.Votelin qənaətinə görə, bu cür yanaşma Amerikanın maraqlarına uyğun deyil və ölkənin regionda mövqelərinin zəifləməsinə səbəb olur. Bu üzdən Mərkəzi Asiyada vəziyyət dəyişməlidir.

Bu fikirlərə Rusiyadan gecikmədən reaksiya olub. Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb (bax: əvvəlki mənbəyə). Bəyanatda Moskvanın general C.Votelin dedikləri ilə qətiyyən razılaşmadığı ifadə edilib. Burada deyilir ki, Rusiya Mərkəzi Asiya ölkələri ilə onların öz istəyinə görə əməkdaşlıq edir. Moskva özü heç nəyə məcbur etmir, eyni zamanda, kimlərinsə Mərkəzi Asiya ölkələrinə təzyiq etməsini də qəbul etmir.

XİN-in bəyanatında Moskvanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə səmimi olduğunu təsdiq edən fakt kimi son 10 ildə regiona 6 milyard ABŞ dolları həcmində sərmayə yatırmasını göstərib. Regionda bütövlükdə Rusiyanın 20 milyard dollardan artıq sərmayəsi dövriyyədədir. Burada onun 7,5 min şirkəti fəaliyyət göstərir.

Mərkəzi Asiya üçün MDB-nin azad ticarət zonasının və Avrasiya İqtisadi İttifaqının ümumi iqtisadi məkanının yaradılması geniş imkanlar açıb. O cümlədən region ölkələrinin Rusiya ilə ticarət dövriyyəsinin həcmi 2017-ci ildə üçdəbirə qədər artıb. Ayrıca Qazaxıstanla 30,1%, Qırğızıstanla 31,6%, Özbəkistanla isə 33,9% artıb (bax: əvvəlki mənbəyə).

Bütün bunların fonunda Amerikanın region ölkələrinə 2008-2016-cı illərdə yatırdığı sərmayə 3 milyard ABŞ dolları təşkil edib. Belə çıxır ki, son illər Rusiya Mərkəzi Asiyada Amerikadan xeyli fəal olub. Pentaqonun bu vəziyyətə etirazı ilk növbədə Vaşinqtona yönəlməlidir. Bunun əvəzində həmin regionda fəallıq göstərənlərin ittiham edilməsi sağlam məntiqə sığmır. Belə çıxır ki, Vaşinqton Mərkəzi Asiya istiqamətində siyasətini kifayət qədər səmərəli qura bilməyib.