Albaniya Prezidenti: TAP, "Şahdəniz" layihələri regional enerji təhlükəsizliyinə böyük töhfədir (FOTO)


Digərləri 16 Mar 2018 15:44:00 231 0

Albaniya Prezidenti: TAP, "Şahdəniz" layihələri regional enerji təhlükəsizliyinə böyük töhfədir (FOTO)

VI Qlobal Bakı Forumunda Balkan regionunun indiki və gələcək vəziyyəti müzakirə edilib

Bakı. VI Qlobal Bakı Forumu çərçivəsində “Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi” mövzusunda panel iclası keçirilib. Trend-in məlumatına görə, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçən iclasda Albaniya Prezidenti İlir Meta çıxış edib. Balkanların tarix boyu bir çox dəyişikliklərə, müharibələrə məruz qaldığını, buna görə də bu ölkələrin keçmişdən ibrət götürməli olduğunu deyən İ.Meta əlavə edib ki, hazırda bu regionda sabitlik hökm sürür və xoşbəxt gələcək qurmaq üçün bu, yaxşı fürsətdir: “Avropa İttifaqına daxil olmaq bu region üçün vacib məsələdir. Regional əməkdaşlıq nəticəsində hazırda bölgədə sülh əldə edilib. TAP, "Şahdəniz" layihələri təqdirəlayiqdir və regional enerji təhlükəsizliyinə böyük töhfədir”. Moldovanın prezidenti İqor Dodon deyib ki, hazırda dünyada fərqli hadisələr baş verir. Bura təbii fəlakətləri, kataklizmləri və digər bu kimi hadisələri aid etmək olar. Bu cür hallara qarşı bütöv, vahid yanaşmanın olmaması vəziyyəti daha da pisləşdirir. Böyük qüvvələr öz aralarında razılığa gələ bilmir və bunun əziyyətini kiçik dövlətlər çəkir. Balkanlar da belə regionlardandır. Bu baxımdan ATƏT-in yaradılması təqdirəlayiqdir. Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi İstvan Mikola hazırda qanunsuz miqrantlara görə Balkanlarda vəziyyətin daha da pisləşdiyini bildirib. Məsələnin ciddiliyini vurğulayan macar siyasətçi bu problemin bütün dünyanın diqqətində olmasının vacibliyini deyib.