Təhsilini xaricdə davam etdirən MSKnın sabiq işçisi


Digərləri 16 Mar 2018 15:06:00 233 0

Təhsilini xaricdə davam etdirən MSKnın sabiq işçisi

Son.az-ın məlumatına görə, xaricdetehsil.news saytına müsahibə verən növbəti tələbəmiz Rüstəm Babayev olub.

1986-cı ildə anadan olan R.Babayev bakalavr təhsilini Bakı Dövlət Universitetində "Politologiya", magistr təhsilini isə Qərb Universitetində "Dünya siyasəti və beynəlxalq əlaqələrin nəzəriyyəsi" ixtisası üzrə bitirib. Gəncimiz daha sonra bir sıra şirkətlərlə əməkdaşlıq edib. O, son olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsində çalışıb. Dövlət qulluğunda işləməklə yanaşı, o, Azərbaycan Turizm və Menecment Universitetində müəllim olaraq da fəaliyyət göstərib, tələbələrinə "Beynəlxalq əlaqələr" fənninin incəliklərini öyrədib. 2017-ci ildən isə Rüstəm Babayev Varşavada yerləşən Sosial Elmlər Universitetinin "İdarəçilik" fakültəsində magistr təhsili alır.

Xaricdə təhsil almağa olan həvəsindən danışan müsahib deyir ki, son illər Polşa Avropanın həm iqtisadi, həm də təhsil və elm mərkəzinə çevrilib. Odur ki, Rüstəm də özünü inkişaf etdirmək, təcrübəsini genişləndirmək və arzularını reallaşdırmaq məqsədilə təhsilini ölkəmizdən kənarda davam etdirmək qərarına gəlib. 

Niyə USS-də təhsil alıram?

Sosial Elmlər Universiteti (USS) Polşanın ən böyük fərdi təhsil müəssisəsidir. Burada dünyanın hər yerindən gələn tələbələrə yüksək, keyfiyyətli təhsil verilir. Ali məktəb Varşava ilə yanaşı tarixi, turistik şəhər olan Krakov və son dövrdə inkişaf yoluna qədəm qoymuş Lodz şəhərlərində fəaliyyət göstərir. Həmçinin universitet Polşa ilə yanaşı Londonda yerləşən filialına da bakalavr və magistr proqramları üzrə tələbə qəbul edir. MBA və PhD tədqiqatları və Clark Universiteti ilə əməkdaşlıq edən unikal Amerika magistr proqramını da bura daxil etmək olar. Bir sözlə, təhsil aldığım universitet son illər bir çox reytinqlərdə Avropanın ən yaxşı universitetləri sırasındadır. Azərbaycanlı tələbələrə gəldikdə isə bu oxuduğun ixtisasın tədris dilinə məxsus olaraq dəyişir. Həmyerlilərimiz daha çox ingilis dilli fakültələri seçsə də son zamanların tendensiyalarından biri də Polşa universitetlərində yerli dildə oxuyan azərbaycanlı tələbələrin sayının artmasıdır. Universitetimizdə oxuyan həmyerlilərimiz daha çox idarəetmə, psixologiya, iqtisadiyyat, turizm və logistika ixtisaslarında təhsil alırlar.

Müşahidələrini bölüşən azərbaycanlı gənc belə deyir: "Polşa Avropa Birliyinin ərazisi olsa da daha çox milliliyini saxlayan və bir çox Avropa dəyərlərinin tam tətbiq olunmadığı bir dövlətdir. İki ölkəni müqayisə etsək birmənalı şəkildə demək olar ki, dini tolerantlıqda Azərbaycan hətta bir çox Avropa ölkələrinə nümunə olacaq bir məkandır. Ümidverici məqam isə polyak gənclərinin özündən əvvəl gələn nəslin səhvlərini təkrar etməməsidir. Gənc nəsil daha çox ingilis dilli və tolerantdır. Düşünürəm ki, Avropa təhsil sisteminin üstünlüyü ilk anlardan tələbənin fərdi və komanda yaradıcılığına təşviq edilməsidir. Bu təhsil sistemində daha çox təqdimatlara üstünlük verilir. Son illərdə Azərbaycanda tədris zamanı əyani təqdimatlara, internetin imkanlarından istifadəyə başlanılsa da dövlət universitetlərində bu hələ də yetərincə deyildir".

Məni ən çox heyrətləndirən...    Burada diqqətimi ən çox çəkən amil velosiped yollarının bütün şəhəri əhatə etməsidir. Tanıyanlar mənim həm də velosiped həvəskarı olduğumu bilirlər. Burada velosiped təkcə idman və sağlamlıq deyil, həm də nəqliyyat vasitəsidir. Bu müsbət tendensiyanın tezliklə ən azından Bakıda tətbiqin çox istərdim. Çünki biz yaşadığımız mühiti qorumaq istəyiriksə, bəzən şəxsi komfortumuzdan imtina etməyi bacarmalı, ətraf mühiti çirkləndirən, tükənən enerji vasitələri ilə hərəkətə gələn nəqliyyat vasitələrindən tədricən imtina etməliyik. Varşava bəlkə də, Avropanın ən rahat ictimai nəqliyyat sistemi olan ölkələrindəndir. İctimai nəqliyyatın hərəkəti qrafiklə tənzimlənir. Hətta bununla bağlı mobil applikasiya da mövcuddur. Düşünürəm ki, təcrübə mübadiləsi yolu ilə biz də bu praktikadan ölkəmizdə yararlana bilərik.


Xəbərə aid fotolar