İnkişafın Azərbaycan nümunəsi


Digərləri 16 Mar 2018 12:45:00 240 0

İnkişafın Azərbaycan nümunəsi

2018-ci il ölkəmizin ictimai-siyasi həyatında həm də yubileylər ili və seçki dövrüdür. Belə ki, biz bir sıra mühüm əlamətdar tarixlərin və hadisələrin - ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini, Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edəcəyik. Təbii ki, bütün bu hadisələr cəmiyyətimizin xoş ovqatını artırır, insanlara yüksək əhvali-ruhiyyə aşılayır. Bu mənada 2018-ci il ölkəmiz və xalqımız üçün nikbin dövr kimi əlamətdar olacaq.

2018-ci il Azərbaycanda həm də prezident seçkiləri ilidir. Aprel ayının 11-də xalqımız öz iradəsini ortaya qoyaraq tam demokratik meyarlar çərçivəsində növbəti dəfə seçimini edəcək. Seçkilər hər bir ölkədə mühüm siyasi hadisə hesab olunur. Bu, Azərbaycanda da belədir. Seçki gününə hələ bir aya yaxın qalsa da, respublikamızda siyasi həyat artıq xeyli vaxtdır ki, seçki kampaniyasına köklənib. Düzdür, hələ qeydə alınmış namizədlər təbliğat və təşviqata başlamayıblar. Lakin cəmiyyətin ovqatı onu düşünməyə əsas verir ki, xalqımızın seçim ünvanı dəyişməzdir. Bu da təbiidir. Çünki ötən 15 ilin yekunlarının təhlili bu qənaəti formalaşdırır ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycan vətəndaşlarının gələcəyə baxışlarının əsas prioritetidir.

Tərəqqi və yüksəliş dövrü

Ötən 15 illik dövrün cəmi bir neçə aspektinə diqqət yetirməklə Azərbaycanın hansı dinamizmlə inkişafını, milli maraqlarımızın beynəlxalq səviyyədə layiqincə təmin olunmasını, iqtisadiyyatın yüksəlişini, insanların sosial rifahının dəfələrlə yaxşılaşdığını görərik. Təbii ki, bu dövrün ən böyük uğurlarından biri iqtisadi artım və qeyri-neft sektorunun inkişafıdır. Bu yaxınlarda regionların sosial-iqtisadi inkişafının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səslənən statistik məlumatlar ölkəmizin son illərdə keçdiyi inkişaf yolunun nə qədər möhtəşəm olmasından xəbər verir. Konfransda qeyd edildiyi kimi, milli iqtisadiyyatımız 14 il ərzində 3,2, qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artıb. Bütün bunlar göstərir ki, bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan məqsədlərinə doğru inamla addımlayan, qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.

Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Hər şeydən əvvəl yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması, 1 milyon 900 min yeni iş yerinin yaradılması nəticəsində işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb. Son 15 il ərzində ölkənin siması köklü surətdə yenilənib, modernləşmə Azərbaycanın müasir tarixinin fərqləndirici xüsusiyyətinə çevrilib. Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazanıb, bölgələrdəki quruculuq onların simasını abadlaşdırıb, müasirləşdirib. Bu, ilk növbədə özünü bütün ölkə üzrə infrastrukturun yenilənməsində göstərir. Əzəmətli infrastruktur layihələrinin miqyası inşa olunan 12 min 300 kilometr müasir yollarda, 443 körpü və yol qovşağında, qazlaşdırmanın 93 faizə çatdırılmasında, əhalinin içməli su ilə təminatının 67 faizə yüksəlməsində ifadə olunur. 7 beynəlxalq aeroport yenidən qurulub, 30 elektrik stansiyası tikilib, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib, 4 su anbarı tikilib. Bundan başqa, 3100 məktəb tikilib və ya əsaslı surətdə təmir olunub, 642 xəstəxana qurulub istifadəyə verilib, 43 müasir idman kompleksi yaradılıb, məcburi köçkünlər üçün 92 yaşayış kompleksi tikilib və 245 min məcburi köçkün müasir mənzillərlə təmin olunub. Oğuz-Qəbələ-Bakı kimi nəhəng və tarixi su kəmərinin çəkilməsi Bakı şəhərinin içməli suya olan tələbatının daha keyfiyyətli ödənilməsinə yol açdı. Bütövlükdə ölkədə içməli su ilə təminatın 26 faizdən 67 faizə, qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə çatması son 15 ilin mühüm uğurları sırasında yer alan inkişaf nümunələridir. Hesab edirəm ki, tarix boyu təbii qazın olmadığı kəndlərə qaz çəkilməsi müasir Azərbaycanın mühüm inkişaf reallıqlarından biridir.  Təbii ki, bu cür layihələrin həyata keçirilməsi nəticə etibarilə 15 ildə ölkənin sosial-iqtisadi inkişafına böyük təkan verib, dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurla icrasını təmin edib. Amma bu da son deyil. Hazırda çoxsaylı infrastruktur layihələri icra mərhələsindədir. Qarşıdan gələn dövrlərdə də yeni layihələr həyata keçiriləcək. Son məqsəd isə Azərbaycanı inkişaf etmiş ölkələrin cərgəsinə çıxarmaqdır. Real iqtisadi mənzərə respublikamızın bu hədəfə doğru inamla irəlilədiyini göstərir. Olduqca qürurvericidir ki, ötən 15 ildə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradır. Bütün bu müsbət dəyişikliklər isə ulu öndərin müəyyənləşdirdiyi yolun davamından başqa cür qiymətləndirilə bilməz. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin ictimai-siyasi irsinin, ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.